Başqa hansı ölkə bir beynəlxalq futbol finalında bu qədər pul qazana bilib...

12 İyun 2019 18:35 (UTC+04:00)

Məlum olduğu kimi, dünyada böyük nüfuza sahib futbol turnirlərindən olan UEFA Avropa Liqasının 2019-cu il 29 may tarixində Bakı şəhərində keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub, ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına əsasən, bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyun ilə əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər məqamlar əsasında müəyyənləşdirilib.

Rəsmi göstəricilərə əsasən, oyunu 300 milyona yaxın insan televiziya və internet üzərindən canlı izləyib. Mütəxəssislər hesab edirlər ki, beynəlxalq brendinq üzrə adambaşına düşən ortalama xərclər nəzərə alınsa, 300 milyona yaxın izləyici kütləsinə ölkəmizin media vasitəsilə tanıdılması üçün 505 milyon manatlıq vəsait ayrılmalı idi. Beynəlxalq turnirin Bakıda keçirilməsi eyni məbləğdə marketinq dəyəri yaradaraq, ölkəmizi yüz milyonlarla insana daha da yaxından tanıdıb.

Gənclər və İdman Nazirliyi və AFFA-nın məlumatlarına görə, final oyunu ilə bağlı ölkəyə gələn xarici turistlərin sayı 37,4 min nəfər olub. Onların hesabına ölkəmizə 115 milyon manatlıq nağd vəsait daxil olub. İqtisadi dəyərin 1.25 milyon manatdan çoxu Avroliqanın final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əməkhaqları hesabına yaranıb.

AZAL-dan daxil olan məlumatlarda isə 108 çarter reysi üçün alınan xidmət haqqının 687 min manatdan çox olduğu əksini tapıb.

Dünyanın digər ölkələrində də bənzər futbol tədbirləri keçirilir. Maraqlıdır, dünyada başqa hansısa ölkə varmı ki, futbol finalından bu qədər iqtisadi qazanc əldə edib?

Məsələyə münasibət bildirən idman eksperti Kamal Quliyevin sözlərinə görə, Azərbaycan qədər final oyunundan bu qədər böyük qazancla çıxan ikinci ölkə dünyada yoxdur: “Baxmayaraq ki, bənzər final oyunları digər ölkələrdə də keçirilib. Ancaq həmin ölkələr Azərbaycan qədər qazanc əldə edə bilməyiblər. Məsələ ondadır ki, bir sıra parametrlərə görə Azərbaycanın öndə olması bizim bu yarışmadan daha çox qazancla çıxmamıza səbəb olub. Azərbaycanın get-gedə daha da inkişaf etməsi, bir sıra müasir idman və digər infrastruktur obyektlərinin inşa edilməsi həm turistləri, həm də idman azarkeşlərini özünə cəlb edir. Onlar görürlər ki, Azərbaycanda idmana böyük qayğı və diqqət var. Digər tərəfdən, Azərbaycan coğrafi mövqeyinə görə də azarkeşlərin marağını cəlb edir. Azarkeşlər Azərbaycanın görməli yerlərini internet üzərindən izləyib və final oyunu ilə əlaqədar Bakıya üz tutdular. Nəticədə Azərbaycan bu oyundan böyük qazancla çıxdı”.

Vidadi ORDAHALLI