Ermənistan nazirinin Azərbaycan əsgərini öldürtdürməsi sübuta yetdi, vasitəçilər yenə susdu...

11 İyun 2019 17:42 (UTC+04:00)

İki gün əvvəl cəbhə xəttində erməni tərəfinin açdığı atəş nəticəsində Gədəbəy rayonu, Köhnəqışlaq kəndinin sakini, 2000-ci il təvəllüdlü, əsgər Elşən Xəlilov şəhid olub. Tərtər rayonunda baş verən bu insidentdən bir neçə gün əvvəl Ağdam istiqamətində də erməni snayperin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun mayoru Aqil Ömərov şəhid olmuşdu.

Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, Tərtər istiqamətində azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, azərbaycanlı əsgəri şəhid edən erməni hərbçilər mükafatlandırılıb. Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub.

Tonoyanın bəyanatı bir daha sübut edir ki, cəbhə xəttində törədilən təxribatların arxasında birbaşa Ermənistan rəhbərliyi dayanır. Bəllidir ki, bu cür əməlləri ilə ermənilər sülh danışıqlarını pozmağa çalışırlar. Ancaq, nədənsə, Ermənistan rəhbərliyinin bu açıq təxribatlarına belə, vasitəçilər susqun mövqe nümayiş etdirirlər. Həmsədrlərin bu sükutunu nə ilə izah edə bilərik?

Ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, təmas xəttində baş verən son hadisələrlə bağlı həmsədrlər və digər beynəlxalq qurumlar kəskin reaksiya verməlidirlər: “Bunun erməni təxribatı olduğunu müəyyən etmək üçün elə bir ciddi araşdırmaya ehtiyac duyulmur. Elə həmsədrlərin özləri Azərbaycanda olanda bizim mayorumuz şəhid oldu. Bunun ardınca isə XİN rəhbərlərinin nəzərdə tutulan görüşü ərəfəsində daha bir əsgərimiz öldürüldü. Ermənistanın rəsmi şəxsi açıq bəyan etdi ki, əsgərin öldürülməsi əmrini o verib, hətta onun əmrini icra edən əsgəri mükafatlandırdı. Bütün bu hərəkətlər sülh danışıqlarını, beynəlxalq vasitəçilik missiyalarını saymamaq anlamına gəlir. Ermənistanda həm də hakimiyyətsizlik sindromu baş qaldırdığı üçün, kim orduya necə istəyir, elə də əmr verir. Artıq görünən budur ki, bu cür başıpozuq rejimlə hansısa sülh danışıqlarının aparılması perspektivi ümidverici deyil. Təəssüflər olsun ki, bu cür aşkar əməlləri ortada ola-ola, münaqişənin nizamlanması ilə məşğul olan vasitəçi ölkələr və həmsədrlər prosesi sükutla seyr edirlər. Axı burada növbətçi, məsuliyyəti tərəflərin üzərinə bərabər qoyan bəyanatın verilməsi yersizdir. Burada konkret deyilməlidir ki, Ermənistanın rəhbərliyi müharibə etmək istəyir və sülh danışıqlarını tormozlayır. Məhz bunu etməyə cəsarətləri çatmadığı üçün həmsədrlər susur. Amma bu cür mövqe etimad mühitini zəiflədir və sülhə olan inamı kökündən sarsıdır. Yəqin ki, bütün bunların fonunda, Azərbaycan tərəfinin də yeganə yolu adekvat cavab verməyə qalır. Görünən budur ki, hakimiyyəti idarə edə bilməyən Paşinyan cəbhədəki vəziyyəti gərginləşdirməklə diqqəti ölkə daxilindən yayındırmağa can atır. Amma bizim də səbrimizin həddi var. Qoy həmsədrlər dəqiq müəyyənləşdirsinlər: ya ortada nəticəyə hesablanan danışıqlar olsun, ya da müharibə. Belə imitasiyalarla uzağa getmək olmaz”.

Məhəmmədəli QƏRİBLİ