AMEA-da ev bölgüsündən narazı qalanlara Akademiyanın cavabı...

11 İyun 2019 17:34 (UTC+04:00)

“Yataqxanada qeydiyyatda olub yaşayan və adına otaq olub yaşamayan 107 ailə var”

 

Məlum olduğu kimi, son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra əməkdaşları AMEA tərəfindən həyata keçirilən mənzil bölgüsünün qeyri-şəffaf olduğunu iddia edirlər. AMEA-nın ev bölgüsündən narazı qalan əməkdaşları müxtəlif KİV-də Akademiya rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirirlər. Onlar iddia edirlər ki, budəfəki mənzil bölgüsü ədalətli keçirilməyib və mənzillər evsizlərə deyil, əsasən evi olanlara verilib.  

Bu məsələdə bir çox qanunsuzluğa yol verildiyini deyən AMEA əməkdaşlarının iddiasına bu qurumun mövqeyini öyrəndik. AMEA-dan “Bakı-Xəbər”ə verilən məlumatda bildirilir ki, son günlər bəzi əməkdaşlar rəhbər dövlət orqanlarına və mətbuata AMEA rəhbərliyinin ünvanına iftira dolu yazılar göndərərək, ictimai fikir gücündən istifadə etməklə öz qanunsuz əməllərini kölgədə saxlamaq və mənzil əldə etmək istəyirlər. “Həmin əməkdaşların belə davranışına cavab olaraq AMEA evi ola-ola mənzil əldə etmək istəyən şəxslərin siyahısını hazırlayıb”.

AMEA-nı ədalətsiz mənzil bölgüsündə ittiham edən əməkdaşları isə qurum özü saxtakarlıqda ittiham edir.

AMEA-da mənzil bölgüsünün tam şəffaflıqla aparıldığını deyən Akademiyanın İşlər İdarəsindən verilən məlumata görə, bir neçə gündür ölkənin bəzi xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında məskunlaşan alimlər üçün nəzərdə tutulmuş yeni tikilidə mənzillərin bölgüsü məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. “Baxmayaraq ki, mənzil bölgüsünün sosial ədalət prinsiplərinə riayət olunmaqla və tam şəffaflıqla aparılması haqqında Akademiya tərəfindən sübut və dəlillərə əsaslanmış açıqlamalar dəfələrlə verilib. Bir daha qeyd edirik ki, AMEA ilə “Evrostroy-S” MMC arasında Azərbaycan Milli Elmlər Akademiyasının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasının ərazisində, yataqxanada yaşayan AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə müqavilə 14 noyabr 2012-ci il tarixdə bağlanmışdır.

“Evrostroy-S” MMC ilə aparılan çoxsaylı görüşlər, gərgin söhbətlər və nəticədə tərəfimizdən Respublika Prokurorluğuna edilən müraciət sayəsində hazırkı vaxta qədər “Evrostroy-S” MMC tərəfindən AMEA-ya yataqxana ərazisində inşa edilən binadan 58 mənzil (onlardan 4 mənzil mansard hissəsindən) ayrılmışdır. “Evrostroy-S” MMC yataqxana ərazisində inşa edilən binalarda boş mənzillər qalmadığını bildirərək sonralar Bakı şəhərinin kənar hissələrindəki yaşayış məntəqələrində və Bakı şəhərinin digər ünvanlarında yeni inşa edilən binalardan da mənzillər ayırmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, yataqxanada qeydiyyatda olub yaşayan və adına otaq olub yaşamayan 107 ailə var. Onlardan 71 ailə AMEA-da işləyir, 36 ailə isə AMEA-da çalışmayanlardır. Bunlardan əlavə, AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilmişdir. Yataqxanada yaşayan 71 AMEA əməkdaşından 45 ailənin və yataqxanada qeydiyyatı olub yaşamayan, elmi dərəcəsi olan 16 əməkdaşın mənzil almağa hüququ olduğu müəyyən edilmiş və onlara mənzil ayrılması barədə qərar qəbul edilmişdir. “Evrostroy-S” MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanında inşa edilən binadan ayrılmış mənzillərin azlığını nəzərə alaraq, əsasən elmi dərəcəsi olan əməkdaşlara Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan, elmi dərəcəsi olmayan əməkdaşlara isə kənardakı ünvanlardan mənzillər verilmişdir. AMEA-nın inzibati binasında 06.10.2017-ci il tarixdə keçirilən yığıncaqda mənzil ayrılmış 61 nəfərə mənzillərin sənədləri və açarları təqdim olunmuşdur” - deyə AMEA-dan bildirilir.

İradə SARIYEVA