Qazaxıstanla Ermənistanı bağlayan dil və tarix ortaqlıqları? - Türkdilli ölkənin yeni Prezidenti dilçi və tarixçiləri şoka saldı...

11 İyun 2019 17:10 (UTC+04:00)

Ermənilər özlərini müxtəlif millətlərə, dövlətlərə peyvənd etməkdən nə usanırlar, nə də utanırlar. Onlar indi də özlərini qazaxlara “simsar” hesab edirlər.

“Ermənistanın səsi” nəşrinin yazdığına görə, Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayev bu ölkənin Baş naziri Nikol Paşinyanla telefon söhbətində Ermənistan və Qazaxıstan arasındakı münasibətlərdən bəhs edib. Sözügedən qəzetin yazdığına görə, guya Kasım-Jomart Tokayev Paşinyana deyib ki, ermənilərlə qazaxlar arasında tarix və dil birliyi mövcuddur (?).

Qazaxıstan Prezidentinin dilindən yayılan bu fikirlərin həqiqətən də onun tərəfindən səsləndirilib-səsləndirilməməsini deyə bilmərik. Amma erməni mediası onun belə bir fikir səsləndirdiyini qeyd edir.

Qazaxlarla ermənilər arasında dil və tarix baxımından nə kimi əlaqə, birlik ola bilər?

Ekspertlər bizimlə söhbətlərində bildirdilər ki, ümumiyyətlə, ermənilər və qazaxlar arasında nə dil, nə də tarix baxımından heç bir bağlılıq yoxdur. Qazax dili ilə erməni dili tamamilə fərqli dil ailəsinə, dil qrupuna aiddirlər. Dilçilər qeyd edirlər ki, qazax dili türk dillərinin qıpçaq altqrupuna daxildir, erməni dili isə hind-Avropa dilləri ailəsinə aiddir. Alimlər hesab edirlər ki, Qazaxıstan Prezidentinin belə bir fikir işlətməsi inandırıcı görünmür. Dövlət başçısının belə tarixi və siyasi səhvə yol verməsinin müsbət hal olmadığını deyən ekspertlər hesab edirlər ki, ola bilsin, Tokayev Ermənistan və Qazaxıstanın hazırkı əlaqələrindən danışıb, erməni mətbuatı isə onun fikirlərini təhrif edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova “Bakı-Xəbər”ə bildirdi ki, Tokayevin belə bir fikir işlətməsi inandırıcı görünmür. S.Sadıqovanın sözlərinə görə, bir dövlət başçısının tarix və dil baxımından ermənilərlə qazaxların əlaqələrini qeyd etməsi şübhəli görünür. “Mən inanmıram ki, türk dövlətinin başçısı belə bir fikir işlətsin. Əgər işlədibsə, bu ciddi siyasi səhvdir. Erməni və qazax dillərinin heç bir yaxınlığı, əlaqəsi yoxdur. Qazax, qırğız, özbək, türkmən, azərbaycanlı və s. - biz hamımız türkük və dilimiz də türk dili ailəsinə aiddir. Bizim kökümüz birdir, biz bir kökdən rişələnmişik. Erməni dilinin türk dili ilə heç bir əlaqəsi yoxdur. Erməni dili hind-Avropa dillərinə aiddir. Ola bilsin, Tokayev deyib ki, Ermənistanla Qazaxıstanın siyasi, iqtisadi və s. əlaqələri olub, amma onun “qazaxlarla ermənilərin dil və tarix birliyi var” fikrini işlətməsi həqiqətəuyğun görünmür. Çünki nə tarixləri, nə də dilləri bir-birilə əlaqəlidir” - deyə S.Sadıqova bildirdi.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri dokrtoru Vaqif Abışov bizimlə söhbətində Ermənistan nəşrinin yaydığı xəbərdən şoka düşdüyünü qeyd etdi. V.Abışovun sözlərinə görə, Tokayevin hansı əsaslarla belə bir fikir səsləndirməsi qəribə təsir bağışlayır. “Siz bu barədə mənə sual verərkən həqiqətən də təəccübləndim ki, erməni və qazax tarixi arasında nə kimi əlaqələr ola bilər? Bir neçə il əvvəl Qazaxıstanın rəsmi şəxslərindən olan bir xanım Ermənistanın Şirak rayonuna səfər etmişdi. Həmin rayonda hətta küçələrdən birinə Nursultan Nazarbayevin adının verilməsi məsələsi də gündəmə gətirilmişdi. Həmin səfər zamanı Matendarandan böyük bir lüğət çıxardılar. O lüğətin adının “erməni qıpçaq” lüğəti olduğu deyilirdi. Yəni bu kimi hallar baş verib. Bu da yaxın iki ilə aid məsələdir. Amma qazaxlarla ermənilər-haylar arasında tarixi baxımdan heç yaxınlıq olmayıb. Bu barədə heç bir tarixi sənəddə, materialda işarə belə yoxdur. Mən ermənilərlə qazaxlar arasında hansısa bir tarixi yaxınlığın olduğunu birinci dəfədir eşidirəm. Bilirsiniz ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev həmişə ermənilərin təcavüzkar, məkrli siyasətini ciddi tənqid edib və bir türk dövlət başçısı kimi həmişə Azərbaycanın yanında olub. Bütün beynəlxalq tədbirlərdə, hətta BMT Təhlükəsizlik Şurasının iclaslarında da o, Azərbaycanın haqq işini müdafiə edib, Ermənistan Prezidentini oyundan kənar vəziyyətdə qoyub. Yəni Nursultan Nazarbayevin ermənilərə münasibəti məlum idi. Ancaq indiki Qazaxıstan Prezidentinin mövqeyi mənə məlum deyil. Mən bilmirəm ki, o həqiqətən də belə fikir işlədibmi? O, bunu nəyə əsasən deyib, hansı faktlara söykənib, bilmirəm. Bu məsələ çox qaranlıqdır. Ümumiyyətlə, haylarla qazaxların tarixi baxımdan heç bir əlaqəsi yoxdur. Onların hər hansı bir bağlılığı yoxdur. Necə ola bilər ki, bağlılıq olmadığı halda, Qazaxıstan Prezidenti belə bir fikir söyləsin? Bu çox təəccüblü və maraqlıdır” - deyə V.Abışov bildirdi.

İradə SARIYEVA