Köhnə “DəmirBank”ın bir qrup işçisinin “Atəşgah sığorta” ilə qalmaqallı problemi başlayıb

11 İyun 2019 16:17 (UTC+04:00)

“DəmirBank”ın bir qrup əməkdaşı və Emil Muradov adlı şəxs rastlaşdığı problemin ictimailəşdirilməsi üçün “Bakı-Xəbər” qəzetindən kömək istəyiblər. Onlar şikayətlərində iddia edirlər ki, “Atəşgah Həyat” sığorta şirkətinin vətəndaşlara qarşı “qurduğu tələyə” düşüblər.

“Atəşgah Həyat” şirkətinin təqdim etdiyi “Həyatın Yığım Sığortası” məhsulunun ilk qurbanları olduqlarını deyən şəxslərlə əlaqə yaradaraq üzləşdikləri məsələni aydınlaşdırmağa çalışdıq.  Məlum oldu ki, sözügedən qrup əməkdaşlar (30 nəfərdən çox) "Atəşgah Həyat” sığorta şirkəti tərəfindən təqdim edilən "Həyatın Yığım Sığortası” adlı məhsuldan faydalanmağa çalışarkən hazırda olduqca çətin duruma salınıblar. Əməkdaşların vergi və sosial ödənişlərdən azad olunan və əməkhaqqları hesabına toplanmış vəsaiti "Atəşgah Həyat” sığorta şirkətinin müxtəlif banklarda yerləşdirilən hesablarında saxlanıb. Həmçinin, bu vəsait əsasında işçilər aylıq xərclərini qarşılamaq üçün "DəmirBank”dan ayrılmış kreditlərdən faydalanmışlar: “Məlum olduğu kimi, “Həyatın Yığım Sığortası” məhsulunun mahiyyəti vətəndaş həlak olduğu halda onun sığorta hesabına yönəltdiyi vəsaitin ən yaxın qohumuna ödənilməsindən ibarətdir. Digər sözlə desək, ailəsini düşünən ailə başçısı öz həyatını sığortalayaraq, öz ölümü hadisəsi baş verdikdə övladlarının və ailə üzvlərinin xərclərini qarşılamaq məqsədilə bu sığorta məhsulundan istifadə edir. Lakin "Həyatın Yığım Sığortası” ilə həlak olduğu halda ailə üzvlərinin durumunu düzəltmək niyyətində olan vətəndaşlara toplanan əməkhaqqı vəsaitləri müqavilə müddəti bitdikdə nəinki verilməyəcək, hətta bank tərəfindən vətəndaşların yaşayışı üçün ayrılan kreditlər geri alınacaq. 

Buna səbəb isə "Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyi və “DəmirBank” ASC rəhbərliyi tərəfindən razılaşmaya daxil edilmiş bənddir. Bu bənd vətəndaşın iş yeri (“DəmirBank”) iflas olduğu halda "Atəşgah Həyat” sığorta şirkətini vəsaiti qaytarmaq öhdəliyindən azad edir. Digər sözlə desək, sığorta şirkəti öz maliyyə risqini tam və bütövlüklə adi vətəndaşın üzərinə atır. Nəticədə vətəndaşların irimiqyaslı kreditləri (əməkhaqqı əvəzinə ayrılan vəsaitlər) keçmiş  "DəmirBank”ın ləğvedicisi olan "Əmanətlərin Sığortalanması Fondu” tərəfindən müqavilə vaxtı çatanda geri alınacaq, işçilərin əməkhaqları isə əmanət vəsaitləri olaraq "Atəşgah Həyat” Sığorta şirkətinin hesabında qalacaq və başqalarının gəlirinə çevriləcək”.

Şikayətçilərin sözlərinə görə, bu qaranlıq sxem “Atəşgah Həyat” sığorta şirkəti tərəfindən artıq neçə ildir istifadə edilir və heç nədən xəbəri olmayan vətəndaşları dəhşətli problemlərlə üz-üzə qoyur. Fəaliyyəti dayandırılan “DəmirBank” əməkdaşlarının bəziləri bu bəndin müqavilədə olduğu haqda, digərləri isə müqaviləyə əlavə edilən  şəhadətnamədə olduğu haqda məlumat verir: “Bu və ya digər ifadələrdən istifadə edilərək bəndi müqaviləyə daxil edən “Atəşgah” açıq-aşkar maliyyə risqini vətəndaşların çiyninə atır və vətəndaşları çox iri kredit ödənişləri ilə qarşı-qarşıya qoyaraq vətəndaşların aciz durumundan, iş yerini itirməsindən və acınacaqlı maliyyə vəziyyətindən böyük mənfəət əldə edir”. 

Yaranmış problemlə bağlı məhkəməyə müraciət edərək dəhşətli bəndin ləğv edilməsini tələb edən və aciz durumda qalan vətəndaşlar ədalət tapmayaraq çıxılmaz vəziyyətdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə üz tutublar.

Məsələyə aydınlıq gətirmək üçün “Atəşgah Həyat” sığorta şirkəti ilə əlaqə saxladıq. “Qaynar xətt” vasitəsilə bizi bir neçə şəxslə birləşdirdilər. Lakin onlardan hər biri bu suala cavab vermək səlahiyyətində olmadıqlarını bildirdilər. Sonda danışdığımız, lakin özünü təqdim etmək istəməyən şirkət rəsmisi bildirdi ki, artıq bu məsələ hüquq müstəvisində araşdırıldığı üçün, hansısa əlavə şərh verməyə ehtiyac duymurlar: “Bununla bağlı son sözü məhkəmə deyəcək”.

Məhəmmədəli QƏRİBLİ