Putinlə qaz söhbəti alınmayan Paşinyan “yeni silahlardan” danışmağa başlayıb...

11 İyun 2019 15:24 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində baş tutan görüşdə tərəflər yeni silahların tədarükü məsələsini müzakirə ediblər. Onun sözlərinə görə, İrəvan və Moskvada artıq “hansısa razılıqlar” var.

Paşinyanın fikrincə, tərəflər arasında Qarabağ məsələsi müzakirə olunmasa da, silahlanma ilə bağlı razılıq var. O xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın yaxşı vəziyyətinə diqqət çəkib və iki ölkə arasında bu sənaye sahəsində əlaqələrin bərabər inkişaf etdiyini bildirib. Jurnalistlərin yeni “İsgəndər-M” raketlərinin Ermənistana tədarükü ilə bağlı sualını cavablandıran Paşinyan deyib ki, respublikada bu komplekslər kifayət qədərdir: “Ancaq biz başqa şeyə ümid edirik. Böyük bir şeyə”. 

Mayın əvvəlində məlum olub ki, Ermənistan Rusiyadan modernləşdirilmiş Su-30SM qırıcılarını almağa başlayıb. Ermənistan Baş naziri o zaman deyib ki, təyyarələrin tədarükü hər kəsə məlum faktdır, ancaq o, alınan digər silahlarla bağlı heç bir məlumat verməyib. Fevralda isə ölkənin müdafiə naziri David Tonoyan bəyan edib ki, 100 milyon dollarlıq kredit reallaşdıqdan sonra Ermənistan yeni silahlar almaq üçün Rusiyadan növbəti kredit almaq niyyətindədir. Bu kredit 2017-ci ildə üç il müddətinə verilib və Ermənistan bu borcu 2022-ci ilədək ödəməlidir.

Erməni mətbuatı yazır ki, guya Ermənistanın Rusiyadan nə almaq istədiyi hələ məlum deyil, ancaq bəyanat özü artıq əhəmiyyətli bir mesajı daşıyır.

Paşinyanın silahlanma ilə bağlı iddialı danışması, əslində, onun növbəti blefidir. O bununla ictimaiyyəti aldatmağa çalışır. Əvvəla ona görə ki, Rusiya hakimiyyətinin hazırkı Ermənistan rəhbərliyi ilə münasibətləri yaxşı deyil. Digər tərəfdən, Ermənistanın mövcud iqtisadi imkanları Paşinyanın iddia etdiyi silahları almaq gücündə deyil.

O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Paşinyanın yeni silahlarla bağlı dedikləri şişirdilmiş məlumatdır: “Paşinyan müasir silah alışı ilə bağlı süni şəkildə fon yaradır. Məsələ ondadır ki, nə cür müasir silah olsa da, Ermənistanın onu almaq imkanı yoxdur. Ermənistan silah alırsa, bunu Rusiyadan alınan kredit hesabına reallaşdırır. Rusiya ermənilərə kredit verir, sonra həmin krediti onların əlindən alır. Tutaq ki, Paşinyanın dediyi kimi, Ermənistan Rusiyadan vacib silah aldı, bununla nəsə dəyişirmi? Dünya bazarında istənilən müasir silah komplekslərini Azərbaycan ala bilir və alır da. Düzdür, Rusiyadan silah alanda bu bizə bir qədər baha başa gəlir, amma Azərbaycanın buna imkanı var. Azərbaycanın bir sıra parametrlərə görə “İsgəndər-M” raketlərindən üstün raketləri var. Paşinyan, sadəcə, bu kimi açıqlamalar verməklə təbliğat məqsədi güdür. İctimaiyyəti sakitləşdirməyə çalışır. İctimaiyyət fərqindədir ki, Ermənistanın iqtisadi imkanları müasir silah komplekslərini almaq gücündə deyil. Belə olan halda, Paşinyan kimi aldadır?! Ermənistanda ictimai vəziyyət qeyri-sabitdir. Ona görə də Paşinyan periodik olaraq piar xarakterli addımlar atır ki, ölkədə ictimai proseslər ona qarşı çevrilməsin. Bir məqamı da qeyd edim ki, Ermənistanla Rusiya arasında silah ticarəti ilə bağlı hansısa razılaşma imzalanırsa, silahların bu ölkəyə çatdırılması bir neçə il çəkir. Razılaşmanın həyata keçirilməsi bəzən iki-üç il çəkir. İstənilən halda, Ermənistan silahlanma yarışında Azərbaycanla rəqabət apara bilməyəcək. Elə silahlar var ki, Azərbaycan onları nümayiş etdirmir”.

Vidadi ORDAHALLI