Bu ilin dörd ayında sığorta yığımı 12 faiz azalıb – niyə…

11 İyun 2019 15:01 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-aprel aylarında Azərbaycanın sığorta bazarının nəticələrini açıqlayıb. Belə ki, cari il ərzində Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 265,297 milyon manat məbləğində sığorta haqqı toplanıb. Qeyd edək ki, sadalanan rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır. Xatırladaq ki, yanvar-mart aylarının yekununda sığorta bazarında 4,2% artım qeydə alınıb.

4 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 66,651 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,1% azdır.

2019-cu ilin yanvar-aprel aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 25,1 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 26 manat olub.

Ötən illə müqayisədə sığorta yığımlarının azalmasının səbəbini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.

İqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sığorta bazarı ötən illə müqayisədə zəifləyib. Ümumiyyətlə, 2019-cu il sığorta sektoru üçün ağır ildir: “Ən böyük göstərici həyat sığortasında baş verir və verəcək. Çünki fiziki şəxslərin gəlir vergisinin sıfırlanması və sosial ödənişlərin 10 faiz olması, üstəgəl, 500 manata qədər sığortalanmaya icazə verilməsi və 300 milyondan çox olan həyat sığortasının azalmasının sığorta sektorunda daralmaya gətirib çıxarması qaçılmazdır. Əlavə olaraq lizinqin qadağası, avtomobil idxalında rüsumun artırılması, könüllü sığortanın bahalaşmasının qaçılmaz olması bu sahənin inkişafının ləngiməsinə gətirib çıxaracaq amillərdəndir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, stimullaşdırıcı amillər isə icbari tibbi sığortaya ayrılan maliyyə və aqrar sığortanın inkişafına yönələn hərəkətlər də bu sektorun növbəti il üçün aşağı göstəricilərinin qarşısını ala bilməyəcək.

Ə.Əlirzayevin sözlərinə görə, sığorta yığımının azalması daha çox könüllü sığorta növündə müşahidə olunur.

Ekspert hesab edir ki, sığorta yığımının azalması gəlirlərin azalması ilə bağlıdır. Gəlir azaldığı üçün insanlar sığorta xidmətlərindən imtina edirlər. İdxal olunan avtomobillərin sayı kəskin azaldığından, avtomobil sığortasında əvvəlki illərə nisbətən çox ciddi azalma var. Son dövrlərdə icbari sığorta ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Amma bu da tam arzuolunan səviyyədə deyil.

Günel CƏLİLOVA