Toylarda mərsiyə?

10 İyun 2019 19:14 (UTC+04:00)

Toyun toy yeri, yasın da yas yeri var. Toy məclislərini əzarlığa çevirməyin heç bir müsbət tərəfi yoxdur. Son dövrlər bəzi dindar kəsimlər toy məclislərində musiqi səsləndirməyə qarşı çıxırlar və toylarda ağılar, müxtəlif buna bənzər mətnlər oxuyurlar, hətta bəzən Quran ayələri də səsləndirirlər.

Son zamanlar kütləvi xarakter alan bu cür toylara “dərviş toyu”, “dini toy” kimi adlar verilməsi hallarına rast gəlirik. Təəssüf ki, bu şəkildə keçirilən “toylar”ın videogörüntüləri “YouTube” və digər kanallarda, eləcə də sosial şəbəkələrdə yayılır.

Dini toyların məşhur aparıcısı kimi tanınan Seyid Talehin, eləcə də digərilərinin iştirak etdiyi məclislərdən belə görüntülərə sıx-sıx təsadüf edilir. Onlar məclislərdə Həzrəti Əlini, həzrəti Fatiməni, həzrəti Həsən və imam Hüseyni mədh edən, onların qüdrətini vəsf edən parçalar səsləndirirlər. Hətta bir sıra hallarda məclislərdə onlara ağı da deyilir.

Dinşünasların fikrincə, bu gün Azərbaycanda dini tolerantlıq çox yüksək səviyyədə inkişaf etdiyindən, bəzi kəsimlər bu şəraitdən sui-istifadə edirlər. Ölkəmizdə həm sünni, həm də şiə məzhəbinə qulluq edən insanlara bərabər şərait yaradıldığını qeyd edən dinşünaslar hesab edirlər ki, toyların əza məclisinə çevrilməsi, burada mərsiyələr oxunması olduqca mənfi tendensiyadır. “Dərviş toyları” və dini toyların son zamanlar bir qədər geniş yayıldığını deyən dinşünasların sözlərinə görə, bəzi gənclər belə toylar keçirməyə maraq göstərirlər. Belə gənclərin xurafata meylli olduğunu deyən ekspertlərin bildirdiyinə görə, bu olduqca mənfi bir haldır. Vaxtilə “dərviş toyları”nın dul və evlənmək vaxtı keçən insanlar üçün edildiyini qeyd edən ekspertlər bu gün gənclərin öz toylarını yasxanaya çevirməsinin qarşısının alınmalı olduğunu vurğulayırlar. Belə toyların islam qaydalarına zidd olduğunu bildirən ekspertlər hesab edirlər ki, Azərbaycan xalqının toy adətləri bu kimi mənfi nümunələrlə təhrif edilməməlidir. Bir qrup xurafat yayıcısının toruna düşərək öz övladlarının toyunu yasxanaya çevirən valideynlərin qınanmalı olduğunu nəzərə çatdıran ekspertlərə görə, bu mənfi tendensiya məqsədli şəkildə müəyyən xarici qüvvələrin təsiri ilə yayılır. Azərbaycanın bəzi bölgələrində bu kimi halların daha kütləvi olduğuna diqqət çəkən ekspetlərin bildirdiyinə görə, ölkəmizdə Peyğəmbər ailəsinin ruhuna böyük sayğı və hörmət var. Məhərrəmlikdə onlarla bağlı kifayət qədər tədbirlər keçirildiyini və əzadarlıq edildiyini deyən dinşünaslar qeyd edirlər ki, İmam Hüseyn qəhrəmanlığı, cəsarəti və şəxsiyyəti gənclərə bir örnəkdir. Amma toylarda bu böyük şəxsiyyətə ağı deyilməsi, göz yaşı axıdılması qəbuledilən deyil. İslamda toy adətlərinə böyük sayğı bəsləndiyini bildirən eskpertlər hesab edirlər ki, bu gün bütün islam ölkələrində toylar həmin xalqların milli adət və ənənələrinə uyğun keçirilir.     

Tanınmış dini ekspert İsmayıl Əhməd də “Bakı-Xəbər”ə bu halın mövcudluğunu təəssüflə qarşıladığını bildirdi: “Bəli, bu kimi hallar müşahidə olunur. Çox adam bunu mənfi qarşılasa da, məclis iştirakçıları və həmin məclislərin “bəzəyi” olan və dinini qəpik-quruşa satan Taleh kimiləri buna özü “dindir” deyir. Bunun qarşısını almağa əldə hər hansı bir əsas yoxdur. Onlara belə xoşdur, belə də edəcəklər”.

Bunun mənfi təzahür olduğunu deyən İ.Əhmədin sözlərinə görə, bu kimi halların yayılmasına dini təbliğ edən ruhanilər mənfi münasibət bildirmirlər. “Təəssüf ki bu gün dini təbliğ edən ruhanilər bunu mənfi qiymətləndirmirlər. Əksinə, Taleh kimi ünsürlərə meydan yaradırlar və bu gedişlə yaxşıya doğru heç nə düzəlməyəcək. Bunun kütləvi hal alması çox mənfidir” - deyə İ.Əhməd vurğuladı.

İradə SARIYEVA