Şərqi Aralıq dənizində gərginlik... Yunanların “türkləri həbs edin” əmrinə Türkiyədən sərt reaksiya...

10 İyun 2019 19:58 (UTC+04:00)

Cənub Kipr Yunan rəhbərliyi may ayından bəri Kipr adası yaxınlığında olan “Fateh” qazma gəmisində işləyənlər və Türkiyə Petrolleri Anonim Ortaqlığı (TPAO) ilə əməkdaşlıq edən şirkətlərin səlahiyyətliləri haqqında həbs qərarı çıxarıb.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, ümumilikdə 25 nəfər haqda həbs qərarı çıxaran Yunan Kipri onların dəniz sərhədləri daxilində icazəsiz qazma işləri apardıqlarını iddia edir.

“Fateh” qazma gəmisində Böyük Britaniya və Türkiyədən personalın olduğu, Türkiyənin ikisi Amerika, biri Xorvatiyadan olmaqla, qazma işlərində 3 mütəxəssis şirkətlə əməkdaşlıq etdiyi və buradakı işçilər, şirkət rəsmiləri haqqında cinayət işi qaldırıldığı bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hamid Aksoy Cənubi Kipr Yunan rəhbərliyinin “Fateh” qazma gəmisinin işçiləri və TPAO ilə əməkdaşlıq edən xarici şirkətlərin rəhbərləri haqqında həbs qərarı verdiyini mediadan yaxından izlədiklərini deyib.

“Kipr türklərini yox sayaraq və haqlarını qəsb edən Yunan Kiprinin bu həddini aşan qərarı doğrudursa, bizim üçün heç bir hökmü və etibarlılığı olmayacaq. Buna cəhd edəcəyi təqdirdə lazım olan cavabı verəcəyimizdən də kimsənin şübhəsi olmamalıdır.

Yunan Kiprinin özünə aid olduğunu iddia etdiyi və beynəlxalq hüquqla məhdudlaşdırılmamış bir dəniz sahəsi üçün bu şəkildə bir qərar verməsi beynəlxalq hüquqa ziddir. Buna görə də biz əlaqədar təşkilatlarımızla birlikdə gərəkən hüquqi əks prosesi başladacağıq.

Yunan Kiprinin bu cür yersiz üsullarla öz ərazimizdə apardığımız işləri dayandırma səyləri heç bir nəticə verməyəcək.

Türkiyə həm öz ərazi haqlarını, həm də adanın bərabər ortağı olan Kipr türklərinin haqlarını qorumaq üçün neft və təbii qaz axtarış-qazma işlərinə planlaşdırıldığı kimi davam edəcək" - XİN rəsmisi deyib.