“Qaloş piri” də gördük

10 İyun 2019 18:39 (UTC+04:00)

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən səs-küylü görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. "Qaloş piri" adlanan yerə şəfa tapmaq ümidilə gələnlər niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur.

XXI əsrdə yaşamağımıza baxmayaraq, insanların hələ də hansısa seyidə məxsus geyimə inanması təəssüf doğurur. İnsanların geyimə, daşa inanması və arzularının gerçəkləşməsi üçün geyim sahibinə müəyyən məbləğdə pul və ya zinət əşyası təqdim etməsi acınacaqlı haldır. Bəzi işbazlar insanların cahilliyindən istifadə edərək asan qazanc yoluna əl atırlar. Bu kimi hadisələri köhnə türk filmlərindən görərdik. Müasir dövrdə insanların hələ də xurafata inanması təəccüb doğurur.

İlahiyyatçı Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, insanların qaloşa və ya hansısa geyim, əşyaya inanması inancların istiqamətlənməməsindən irəli gəlir: “İnsanlar kömək üçün müraciət etdiyi gücü səhv salır. Onlar Yaradanın gücünə deyil, dünyanın hər yerində gülüşlə qarşılanan nəsnələrə inanır. İnsanlar zamanla kütləvi şəkildə aldadılıb. Məlumat üçün bildirim ki, pir sözü fars mənşəlidir və qoca deməkdir. Pir deyilən anlayış Azərbaycan cəmiyyəti üçün çoxdandan qalan məkana getmək deməkdir. “Qaloş piri” sözü səslənməsi belə təəccüb doğurur. Kiminsə “qaloş piri”ndə şəfa tapacağı gülməlidir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, “qaloş piri” adlanan yerə gedən insanların hansı formada hipnoz olması sual doğurur. Bu işlə hansı və neçə işbazın məşğul olması araşdırılmalıdır: “Mənəviyyata ləkə olan bu kimi addımların qarşısı ciddi şəkildə alınmalıdır”.

H.T.Hüseynlinin sözlərinə görə, o, vaxtaşırı olaraq sosial media vasitəsilə insanlara mütərəqqi islami dəyərləri çatdırmağa çalışır. Müsahibimiz qeyd etdi ki, bu kimi xurafatın, cəhalətin qarşısının alınması üçün sosial media vasitəsilə geniş islami maarifləndirmə işləri aparılmalı və xalqa həqiqətlər çatdırılmalıdır. Bəzi  işbazlar xalqın inancından istifadə edərək onu öz yanlış təbliğatlarının qurbanına çevirirlər.     

İlahiyyatçının sözlərinə görə XXI əsrdə insanların kütləvi şəkildə hansısa əşyaya inanması gülüncdür: “Cəlil Məmməədquluzadənin dövründə Şeyx Nəsrullah insanları aldadırdı. Eyni vəziyyət indi də yaşanır. Bu gün bəziləri şəfa tapmaq adı ilə “qaloş piri”nə inanır. Şəfa Allahdan gələr. Müasir dövrdə tibb elmi inkişaf edir. Tibb sahəsində çalışanlar “tam zəmanət” yoxdur ifadəsini işlədirlər”.

İlahiyyatçı xüsusi olaraq vurğuladı ki, gündəmi zəbt edən “qaloş piri” aidiyyəti qurumlar tərəfindən incələnməlidir. İnsanların hipnoz edən işbazlar qanun qarşısında cavab verməlidirlər. Eyni zamanda, həmin ərazinin dini nümayəndələri hadisəyə müdaxilə edib, ictimaiyyətə məlumat verməlidirlər.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli də bildirdi ki, qaloşdan, papaqdan, geyimdən mədəd umanlar cahil insanlardır: “Dinimizdə bütün ibadət formaları açıq şəkildə qeyd edilib. Bu tip əməllər xurafatdır. İnsanlar ziyarətgahlara gedə bilər, övliyalara hörmət əlaməti olaraq onların xatirəsini yad edə bilər, amma bunu göstəriş halına salmaq olmaz.

Kütləvi şəkildə bu kimi davranışlar doğru deyil. İnsanlar özləri də bilmədən bu addımla Allaha yaxınlaşdıqlarını düşünürlər. Lakin heç də elə deyil. İnsanın geyimlərdən, qaloşdan, papaqdan, geyimlərdən mədəd umması cahillikdir. Yenə deyirəm, fərdi qaydada məzar ziyarətləri, onların xatirəsini yad etmək normaldır. Amma bunu kütləvi şəkilə gətirmək və göstəriş xarakterli formaya salmaq, üstəlik, qarşılığında maddiyyət ummaq kökündən yanlış əməldir”.

Onun sözlərinə görə, Həzrəti Yusifin köynəyindən bu qənaətə gəlib, belə bir əmələ inanılırsa, insanlar bunu yanlış anlayıb deməkdir: “Quran”da belə bir ayə var. Həzrəti Yusifin köynəyini Həzrəti Yaquba gətirirlər. O, köynəyi gözünə çəkir və gözləri açılır. “Quran”da bu ayə təbərrük adlanır. Amma bunun kütləvi şəkildə mərasim halına salınması yanlışdır. Ziyarətgahdan hər hansı bir parça gəldiyində insan onu öpüb, gözünün üzərinə qoyursa, burada Allaha şərik qoşmaq yoxdur. Amma bu cür insanların beynini yuyaraq, onları cahilliyə çəkmək səhvdir”.

Günel CƏLİLOVA