Aprel məğlubiyyətini araşdıran “Paşinyan komissiyası” özünü “daşa dirədi” – məğlubiyyətin rəsmi etirafı...

10 İyun 2019 18:16 (UTC+04:00)

Məlum olduğu kimi, Ermənistan parlamentində yaradılan xüsusi istintaq komissiyası 2016-cı ildə baş vermiş dördgünlük aprel döyüşlərini təftiş edəcək.

Komissiya Silahlı Qüvvələrin təchizatı, arxa qüvvələrin təchiz olunması və döyüş hazırlığı, döyüş növbətçiliyi qaydalarına əməl edilməsi, qoşunların tamamlanması, kəşfiyyat xidməti ilə bağlı məsələlərin araşdırılması ilə məşğul olacaq. Komissiyada hakim "Mənim addımım" fraksiyasının 7, müxalif "Ziyalı Ermənistan" və "Firavan Ermənistan" fraksiyalarının hər birindən 2 millət vəkili təmsil olunur.

Baş nazir Nikol Paşinyan bildirib ki, komissiyanı yaratmaq kimisə cəzalandırmaq məqsədi daşımır: “Əsas odur ki, bənzər bir vəziyyət təkrarlanmasın”.

Komissiya fəaliyyətə başlasa da, ortaya bir sıra suallar çıxır. Belə çıxır ki, aprel döyüşlərinin ermənilər üçün məğlubiyyətlə nəticələndiyi rəsmən etiraf olunur. Ermənilər zaman-zaman bəyan ediblər ki, onlar ciddi ərazi itkisinə məruz qalmayıb, itirilən mövqelər strateji əhəmiyyət kəsb etmir. Ermənistan cəmiyyətində isə belə suallar yaranıb ki, belədirsə, o zaman Talış kəndində niyə əhali məskunlaşa bilmir? Hansı ki, sözügedən kənd ətrafında yüksəkliklər Azərbaycan Ordusunun nəzarətində olduğu üçün orada yaşayış yoxdur. Komissiya tərəfindən bunların ortaya qoyulması məğlubiyyətin rəsmən etiraf edilməsi olacaq. Digər tərəfdən, aprel döyüşləri barədə ortaya çıxan sualların kimə ünvanlanacağı ilə bağlı qeyri-müəyyənlik var. Həmin dövrdə prezident Serj Sarkisyan idi. Sarkisyan o zaman “Blunberq” agentliyinə açıqlamasında demişdi ki, itirilən mövqelər strateji əhəmiyyətli deyil. Belə çıxır ki, komissiya ilk növbədə Sarkisyanı sorğu-sual etməli və həmçinin, ona qarşı cinayət işi açılmalıdır.

Göründüyü kimi, Paşinyan bu addımı atmaqla çox paradoksal vəziyyətin yaranmasına şərait yaradıb. Nəticədə, bir növ, özü çıxılmaz vəziyyətə düşüb.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Paşinyan aprel döyüşləri ilə bağlı komissiyanı öz rəqiblərini sıradan çıxarmaq məqsədilə yaradıb: “Məqsəd ona müxalif olan “Qarabağ klanı”nı zəiflətməkdir. Bu minvalla onları sıradan çıxarıb siyasi səhnədən uzaqlaşdırmaq istəyir. Ancaq bunun əksinə olaraq, həmin qüvvələrin bundan Paşinyana qarşı istifadə edəcəkləri gözlənir. Çünki Ermənistan cəmiyyətində aprel döyüşləri ilə bağlı parlament komissiyasının yaradılması birmənalı qarşılanmır. Bəziləri hesab edirlər ki, bu, orduda sarsıntılara və ruh düşkünlüyünə səbəb ola bilər. Çünki bu, Ermənistanda məğlubiyyətin rəsmən etiraf edilməsi anlamına gəlir. Həm də belə çıxır ki, eks-prezident Serj Sarkisyan məsuliyyətə cəlb edilməlidir. Mənə elə gəlir ki, “Qarabağ klanı” bundan Paşinyana qarşı bir siyasi alət kimi istifadə etməyə çalışacaq. Onlar bəyan edəcəklər ki, Paşinyan məğlubiyyət ab-havası yaradır. Bu minvalla, siyasi etirazları qızışdırıb Paşinyanı devirməyə çalışacaqlar”.

Vidadi ORDAHALLI