Ermənistan mediası Putini qaralamağa başladı - Nursultanda Paşinyanla görüşdən imtinaya aşağılayıcı izah...

4 İyun 2019 17:21 (UTC+04:00)

Ermənistan KİV-i Paşinyanın növbəti uğursuzluğunu ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. Məlum olduğu kimi, Paşinyan belə bir biabırçılığı Avrasiya İqtisadi İttifaqının Nursultan şəhərində keçirilən yubiley toplantısında yaşayıb. Orada iştirak edən bütün ölkə başçılarına Nursultan Nazarbayevin adına xatirə medalı verilsə də, Paşinyan həmin təltifdən kənarda qaldı. Eyni zamanda, həmin səfər vaxtı Putinlə Paşinyanın əvvəlcədən nəzərdə tutulan görüşü də reallaşmadı.

Erməni KİV-i görüşün baş tutmasına maraqlı izah verib. Qeyd edilir ki, Paşinyan görüşməyə hazır olub, lakin imtina Putindən gəlib: “Hərçəndi ki, müzakirə etməli bir çox məsələ vardı. Bunu yalnız Moskvanın Ermənistanla bağlı keçirdiyi müəyyən narazılıqlarla əlaqələndirmək olmaz. Bir səbəb də onunla əlaqəlidir ki, Putin artıq Rusiyanı idarə edə bilmir. Böyük şəhərlərdə  ciddi narazılıqlar baş qaldırıb. Putinin reytinqi tarixi minimuma enib. Ölkədə məmur özbaşınalığı hökm sürür. Bütün bunlar haqlı sual yaradır: Putin situasiyanı kontrol edə bilirmi?”

Düşmən ölkənin KİV-i, birmənalı olaraq, bu suala yox cavabı verməyə çalışır. Putinin Paşinyanla görüşdən imtinasını erməni mediası niyə belə aşağılayıcı izahla təqdim edir?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni mediasının belə sarsaq iddialar irəli sürməsi bizi təəccübləndirməməlidir: “Çünki onların şərlərinə-böhtanlarına yaxından bələd olduğumuzdan, biz bunun nə olduğunu bilirik. Qarışqadan fil düzəltməyə adət edən erməni KİV-i bu dəfə də öz “məharətini” göstərməyə çalışıb. Putinin reytinqinin aşağı düşməsi, ölkədə məmur özbaşınalığının olmasının bu məsələ ilə zərrə qədər də əlaqəsi yoxdur. Mən deməzdim ki, Putin Rusiyaya nəzarəti itirdiyi üçün Paşinyanla görüşməyib. Putin təkcə öz ölkəsinə deyil, həm də Rusiyanın maraqları olan regionlara nəzarət edə bilən siyasətçidir. Paşinyanla görüşə vaxt ayırmamaq baş itirmək əlamətindən çox, saymazlığa oxşayır. Sadəcə, erməni mediası bunu utandığından yaza bilmir. Bunu həm də bir adamdan boğaza yığılmaq əlaməti də saymaq olar. Erməni mediası kimi qaralamayıb ki? Nazarbayev, Lukaşenko haqda yazılan səfeh yazılar da buna bənzəyirdi. Artıq nüfuzlu dövlət xadimləri Paşinyana ciddi siyasətçi kimi baxmırlar. Onu keçici bir adam kimi qəbul edirlər. Bu səbəbdən də onunla görüşə vaxt ayırmaq istəmirlər. Bu görüş haqqında Putinin razılığının olub-olmadığı da məlum deyil. Ola bilər ki, erməni mediası bu amillə də manipulyasiya edir. Ola bilər ki, Paşinyan zorla belə görüşün baş tutmasını istəyib. İndi də medianın əli ilə Putini şantaj edir. Bütün bunlar göstərir ki, Paşinyan siyasi cəhətdən kal adamdır”.

Məhəmmədəli QƏRİBLİ