Ermənilərin mayorumuzu şəhid etməsinin arxa hədəfi göründü - atəşkəsə nəzarət mexanizmi gündəmə gətirildi...

4 İyun 2019 16:45 (UTC+04:00)

Azərbaycan Ordusunun mayorunun cəbhənin təmas xəttində ermənilər tərəfindən snayperdən açılan atəşlə öldürülməsindən sonra erməni təbliğat maşınının apardığı iş onların əsl niyyətlərini aşkar edib. Görünən budur ki, erməni tərəfi həmin hadisənin fonunda özlərini təmizə çıxramağa, əsl istəklərini dilə gətirməyə çalışır.

Tanınmamış “DQR”in “Xarici İşlər Nazirliyi” adından yayılan bəyanatda bildirilir ki, həmin hadisədən sonra ermənilər yenidən atəşkəsə nəzarət mexanizmlərinin bərpasının zərurliyini dilə gətirib və bu istiqamətdə aktiv təbliğat aparırlar. Bəyanatda qeyd edilir ki, belə bir mexanizmin olmaması analoji ölüm hallarının artmasına səbəb olur.

Məlumdur ki, Azərbaycan tərəfi də atəşkəsin qorunub saxlanmasında maraqlı olduğunu gizlətmir. Ancaq biz haqlı olaraq tələb edirik ki, bu cür ikinci dərəcəli məsələləri gündəmə gətirmək gərək deyil. Əslində, ermənilər bununla danışıqlar prosesini uzatmaq istəyirlər. Biz status-kvonun dəyişməsini tələb edirik. Əgər ermənilər işğal olunmuş ərazilərdən çıxsa, təbii ki, orada atəşəkəsə beynəlxalq nəzarət mexanizminin tətbiqinə də ehtiyac olmayacaq. Həmin tələblərin içində ermənilər snayperlərin geri çəkilməsini də təkidlə tələb edirlər. Azərbaycan Ordusunun mayoru ilə bağlı baş verən son hadisə sübut etdi ki, bu, birbaşa ermənilərin məqsədli şəkildə törətdiyi bir hərəkət olub. Bununla ermənilər diqqəti danışıqların vacib mövzusundan, atəşkəsə beynəlxalq nəzarət mexanizminin tətbiqinə yönəltmək istəyirlər. Ermənilərin bu təxribatı tam çılpaqlığı ilə ifşa oluna bildimi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin son canfəşanlığının arxasında duran maraq bəlli oldu: “Onsuz da biz bunları bilirik. Ancaq bu dəfə Ermənistan daha ciddi cəhdlə bu məsələni qabartdı və öz təxribatını ifşa etmiş oldu.  Mayorumuzun şəhid olmasından dərhal sonra Ermənistan XİN, indi də  qondarma “DQR”in  “rəsmi qurumu” demək olar ki, eyni məzmunlu bir bəyanat yaydılar. Hər ikisində qeyd olunur ki, atəşkəsə nəzarət mexanizmləri gücləndirilməlidir. Onlar hesab edirlər ki, bu var, amma bir qədər də gücləndirmək lazımdır. Bu gün də Kasprişikin iştirakı ilə orada monitorinq keçirildi. Bu tələbin üstündə ermənilər çoxdan durur. Məqsəd də ondan ibarətdir ki, nə qədər mümkündürsə, status-kvonu qorusunlar. Çünki bu şərait onlara sərf edir. Bizim də  bununla bağlı mövqeyimiz bəllidir. Biz ermənilərin atəşkəsdən istifadə edib öz məkrli niyyətlərini həyata keçirməsinə qarşıyıq. Məsələyə bir qədər geniş aspektdən yanaşmalıyıq. Problemi aradan qaldırmaq istəyirlərsə, məsələyə bir qədər köklü yanaşsınlar. Nə üçün atəşkəs pozulur və bunun nəticəsində insanlar ölür? Çünki Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazisindədir. Əsas səbəb kimi bu aradan qaldırılmasa, problemin həlli mümkün deyil. Ermənilər bu cür insidentlər yaratmaqla diqqəti əsas məsələdən yayındırmağa çalışırlar. Qoy beynəlxalq təşkilatlar da görsünlər ki,  atəşkəsin qorunub saxlanmasının yeganə yolu Ermənistanı işğaldan çəkindirməkdir. Əks halda, bu narahatlıq daim yaşanacaq”.

Məhəmmədəli QƏRİBLİ