Ermənilərin İrəvanda saxta “talış toplantısına” qatılmış bir-iki dönük talış xalqı demək deyil...

1 İyun 2019 15:20 (UTC+04:00)

Ermənistan bizimlə yalnız səngərdə müharibə aparmır. Onların uzun illərdi apardığı ideoloji və informasiya mübarizəsinin kökündə duran amillərdən biri də Azərbaycan daxilində etnik faktoru qabartmaqla qarşıdurmaya nail olmaqdır. Təsadüfi deyil ki, separatçı meylli şəxslərin toplantılarına məhz İrəvan ev sahibliyi edir. Son vaxtlar erməni təbliğatı talış kartını daha çox qabartmağa çalışır. Həmin ölkədə talışlar yaşamadığı halda, Ermənistan özünü talış təəssübkeşi olan ölkə kimi qələmə verir. Separatçılığa ğörə Azərbaycan vətəndaşlığından mərhum edilən Əlikram Hümbətovun rəhbərliyi ilə Ermənistanda konfransların təşkili, talış dilində televiziya və radio verilişlərinin düşmən ölkədən translyasiya edilməsi buna əyani sübutdur.

Bugünlərdə Ermənistan daha bir özünə aid olmayan tədbirə ev sahibliyi edib. İrevanda keçirilmiş “üçüncü talışşünaslıq beynəlxalq konfransı”na, hətta Azərbaycana dönük çıxan bəzi talış əsilli şəxslər də qatılıb. Həmin tədbirdə sanki belə təəssürat yaradılmağa çalışılıb ki, güya toplantıdakılar bütün talışların adından danışmaq kimi səlahiyyətə malikdir. Məsləyə münasibət bildirmək üçün “Azəri-Talış” İctimai Birliyinin sədri Mehdibəy Səfərovla əlaqə saxladıq. O, qəzetimizə bildirdi ki, yalnız bu cür məsələlərlə bağlı yada salınmasını xoşlamır: “Çox xahiş edirəm ki, bu məsələ ilə bağlı sələndirdiyim fikirlərin hamısını dərc edəsiniz. Bəli, Ermənistanda talışlar yaşamır. Amma görürsünüz ki, onlar necə məharətlə bu kartdan istifadə etməyə çalışırlar. Bizim cəmiyyətdə olan bəzi radikal milli düşüncəli adamlar bəzən talışın öz problemini qabartmasına da separtizm kimi baxmaq istəyir. Hətta bu yöndə aktiv təbliğat da aparırlar. Başa sala bilmirsən ki, ay qardaş, İrəvana gedib toplaşanlar separatizmlə məşğul olan talışlardı. Onlar dövləti dağıtmaq istəyir. Biz isə Azərbaycan qanunları çərçivəsində öz xalqımızın adət-ənənisini, dilini, mətbəxtini yaşatmaq istəyirik. Bunlar fərqli məsələlərdi. Bu səbədən də hesab edirəm ki, belə həssas məsələlər bütün talış xalqının adından verilməsin. Hər millətin sapığı və dönüyü olur. Gələk dediyiniz tədbirin üzərinə. Bəli, hesab edirəm ki, həmin tədbir Ermənistanda yox, Azərbaycanda keçirilməlidir. Çünki talışlar orda yox, burda kompakt yaşayır. Mən təklif vermişəm ki, talış dilində verilişlər burda təşkil edilsin ki, biz həmin boşluğu ermənilərə verməyək. Biz istəyirik ki, öz dilimizdə dövlətçilimizin qorunması istiqamətində təbliğat aparaq və ermənilərin fitnəsinə layiqli cavab verək. Mənim bu xatırlamam həm Ermənistanda təşkil edilmiş beynəlxalq talışşünaslıq konfransında iştirak edən talış ictimai fəallarına, həm də talışın illərlə qalaqlanmış özünüifadə problemlərini bircə dəfə də olsun dilinə gətirməyən, əvəzində isə, bəzi hallarda, yeri gəldi-gəlmədi talışların adından danışmaq üçün növbəyə durub, irəli tullanan bəzi qeyri-səmimi insanlaradır! Onlar sadə həqiqəti dərk etməlidirlər: ermənilər ölkəmizlə müharibə şəraitində olmasaydı, heç bir zaman talış xalqının problemlərinə baş qoşmazdılar! Sizin qəzetin imkanlarından istifadə edib xahiş edirəm ki, mənim adımdan bu təklifi irəli sürün. Mənə dəstək olsunlar ki, əsl talışşünaslıq konfransını Azərbaycanda keçirim. Onda ermənilər də görərlər ki, onların bu istiqamətdəki canfəşanlığı əbəsdir”.

Məhəmmədəli QƏRİBLİ