Köçəryan Paşinyana ilk açıq hədəsini etdi – “Səhv etmişəm, səni devirəcəyəm”

30 May 2019 19:19 (UTC+04:00)

Əvvəlcədən də gözlənildiyi kimi, azadlığa çıxdıqdan sonra Ermənistanın eks-prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyana qarşı aktiv fəaliyyətə başlayıb. Hadisələrin gedişi göstərir ki, Köçəryan artıq Paşinyanı devirib yenidən iqtidara gəlməkdə maraqlıdır. Keçmiş prezident özü də bunu açıq şəkildə etiraf edir.

Belə ki, tərəfdarları ilə görüşən Köçəryan yenidən hakimiyyətə gəlmək istədiyini deyib: “10 il əvvəl mənə elə gəlirdi ki, həyatımdakı əsas hadisələr geridə qalıb. Daha proqnozlaşdırıla bilən, rahat həyat məni gözləyir. Yanılmışam. Mən yenidən hakimiyyətə gəlmək niyyətindəyəm”. O, həbsxananın onu yalnız fiziki baxımdan təcrid edə biləcəyini deyib: “Əksinə, məndə irəliyə getmək, mübarizə aparmaq üçün ciddi və yeni stimul yaranır. Mən şadam ki, bu mübarizəni tək aparmayacağımı görürəm. Mütləq irəliyə gedən, yeni qələbələr gətirən çox aktiv, maraqlı komanda var”.

Məhz belə bir vaxtda Ermənistanın “Adekvad” təşkilatının mətbuat xidməti məlumatı yayıb ki, ölkədə yeni müxalif partiya yaradılıb. Təşkilat bundan sonra partiya olaraq fəaliyyət göstərəcəyini bildirib. Yeni partiya əsas hədəfinin çoxsəviyyəli, döyüş qabiliyyətli müdafiə infrastrukturu yaratmaq, müsbət demoqrafik dinamikaya nail olmaq, Ermənistan vətəndaşları üçün lazımi təhsilin verilməsini təmin etmək və ölkənin ümumi maraqlarının olduğu xarici subyektlərlə etibarlı münasibətlər yaratmaqdan ibarət olduğunu bildirib. Qeyd edək ki, “Adekvad” Paşinyan əleyhdarı və nisbətən də rusiyayönlü təşkilat kimi tanınır. Bir müddət əvvəl bu qurum məhz Köçəryanın həbsi, eləcə də Paşinyanın tərəfdarlarının məhkəmə binalarını tutmasına etiraz olaraq aksiya təşkil etməklə gündəmə gəlmişdi. Ermənistanın mediası isə bu təşkilatı məhz Köçəryanın maliyyələşdirdiyini iddia edir. İndi partiyaya çevrilən qurumun məhz Köçəryanın rəhbərliyi altında fəaliyyət göstərəcəyi bildirilir. O da vurğulanır ki, yeni partiya artıq ana müxalifət adına iddia edir. Onun əsas tərəfdarı qismində “Qarabağ klanı” çıxış edir. Həmçinin “lragir.am” saytı qeyd edir ki, Köçəryan və tərəfdarlarına Rusiya tərəfindən də geniş dəstək veriləcək. Paşinyan hökumətinə yaxınlığı ilə seçilən sayt bunu həm də onunla əsaslandırır ki, Rusiyanın hədəfi Ermənistanda inqilabın uğur qazanmasına imkan verməməkdir: “Putin və Köçəryan təxminən eyni vaxtda hakimiyyətə gəliblər və Ermənistanda tez bir zamanda Putin modeli idarə sistemi qurulub. Bu sistem Köçəryanın prezident vəzifəsindən getməsindən sonra – Sarkisyanın idarəçiliyi dövründə də dəyişməyib. Sarkisyan prezident olsa da, bu onun sistemi deyildi. Ermənistanda hadisələr Köçəryan faktorunun iştirakı ilə inkişaf edirdi. Öz hakimiyyətini formalaşdırmaq imkanını Sarkisyan “Sasna Tsrer”in polis məntəqəsini ələ keçirməsindən sonra əldə etdi. Köçəryan o zaman 2017-ci ildəki parlament seçkisində iştirakdan hədər yerə imtina etmədi. 20 illik Rusiya-Ermənistan sxeminə bu cür son qoyuldu. Belə görünə bilərdi ki, Köçəryanın rolu artıq başa çatıb. İnqilabdan və Köçəryan ətrafındakı məşhur hadisələrdən sonra hansısa səfərbərliyin formalaşdırılmasına cəhdlər edilir. Rusiyanın Ermənistana münasibətdə siyasəti, başda kimin olmasından asılı olmayaraq, dəyişmir. Bu gün aydındır ki, Rusiyanın hədəfi Ermənistanda inqilabın uğur qazanmasına imkan verməməkdir. Bunun üçün Moskva yenidən Köçəryan üzərindən Paşinyana qarşı oyunlara start verib”.

“Qraparak” qəzeti isə diqqəti buna yönəldir ik, sürətlə ətrafına qüvvələr cəmləyən Köçəryana həm də Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası hərtərəfli dəstək verməyə hazırdır. Qəzet bu fonda qeyd edir ki, son günlər Respublika Partiyasının mərkəzi ofisində ciddi aktivlik müşahidə edilir: “Serj Sarkisyan gecə yarısına qədər ofisdə qalır, onun yanına partiya yoldaşları gəlir. Respublika Partiyasının nümayəndəsi Vaqram Baqdasaryan respublikaçıların nümayəndələrindən kiminsə Robert Köçəryanla görüşməsini nə qədər inkar etsə də, məlumat var ki, bir neçə gün əvvəl Serj Sarkisyan eks-prezidentlə görüşüb. Bununla belə, Sarkisyanla Levon Ter-Petrosyanın da tez-tez görüş keçirməsi ilə bağlı məlumatlar yayılsa da, bu faktı hələlik yoxlamaq mümkün olmayıb”. Beləliklə, hadisələrin gedişi Ermənistanda gərginliklərlə müşayiət ediləcək yeni qarşıdurmaya start verildyini göstərir. Bu xüsusda “Qarabağ klanı”nın fəaliyyəti artıq Paşinyan üçün ciddi problemə çevrilir. Ermənistanın “Past” nəşri isə yazır ki, təhlükə artarsa, Paşinyan “Qarabağ klanı”nı tam sıradan çıxarmaq üçün daha qəti şəkildə hərəkətə keçəcək və artıq bu xüsusda ilkin addımlar da atıb. Nəşr yazır ki, işğal altında olan Qarabağda Ermənistan hakim elitasının son dövr əlaqələri, “ermənistanlı”, “qarabağlı” etiketləri ilə bağlı məlumatlar artıq Paşinyanı ciddi narahat edir: “Paşinyan ümumi informasiya sahəsində monitorinq keçirilməsi üçün hüquq-mühafizə orqanlarına təlimat verib. Bilmək istəyir ki, bu etiketlərin, xüsusiyyətlərin, bölünmələrin “küləyi haradan əsir” və həmin mövzuların spekulyasiyasında kimlər “yan-yanadır”. Hazırkı vəziyyətin nümayiş etdirilməsi üçün manevr etmək mümkündür və Ermənistan hakimiyyəti bu mövzunun kəskinləşdirilməsinə meylli deyil. Vəziyyətin daha aydın şəkildə təsvir edilməsi üçün artıq Paşinyanın təlimatı ilə bu mövzunun dərin monitorinqinə başlanılıb. Əslində isə bütün bunlar “Qarabağ klanı”nın cəmiyyəti iki yerə bölmək istiqamətində fəaliyyətini dayandırmaq üçün Paşinyan tərəfindən atılan ilkin addımlardır”. Nəşrin yaydığı məlumatda o da bildirilir ki, məhz bunlar fonunda Nikol Paşinyanın oğlu Aşotun işğal edilmiş Dağlıq Qarabağ ərazisindən İrəvana gətirilməsi də təsadüfi deyil. Hesab edilir ki, Paşinyan oğlunu “Qarabağ klanı”ndan qorumaq üçün belə bir addım atıb və bu da tərəflər arasında mübarizənin daha da kəskinləşəcəyinin daha bir göstəricisdir. Artıq Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiq edib. Məlumata görə, Paşinyanın oğlunu Qarabağdan İrəvanın Nubaraşen rayonundakı hərbi hissələrdən birinə köçürüblər. Nubaraşendə 2017-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin beşinci korpusu yerləşib. Sonradan bu korpus Rusiya-Ermənistan birləşmiş qoşunlarının tərkibinə verilib. Elə “Past” nəşri də yazır ki, Paşinyanın oğlunu Qarabağdan Ermənistana aparması indiki məqamda diqqət çəkir və İrəvanla “Qarabağ klanı”nın çəkişməsinin daha da şiddətlənəcəyini təsdiqləyir.

Tahir TAĞIYEV