Bakıda “solyari” prosedurunda turistin bədənini yandırmış salonun məsuliyyətsizliyi…

24 May 2019 17:23 (UTC+04:00)

Bakıda fəaliyyət göstərən gözəllik mərkəzində xoşagəlməz hadisə baş verib. Azərbaycana turist kimi gələn Ukrayna vətəndaşı Sikorsko Alla Fraçovna paytaxtın Səbail rayonu, Puşkin küçəsi, ev 10 ünvanında yerləşən "Megasun Solarium Studio" gözəllik salonunda olub. Turist salonun solyari xidmətindən istifadə edib. Lakin turistin gözəlləşmək istəyi ona baha başa gəlib. Belə ki, salonda ukraynalı xanıma göstərilən xidmət sayəsində turistin bədəninin bəzi nahiyələri yanıb.

Seans zamanı S.A.Fraçovnanın boynunun ön səthi, sinəsi, hər iki yuxarı və aşağı ətrafı 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məsələni dəqiqləşdirmək üçün "Megasun Solarium Studio" gözəllik salonu ilə əlaqə saxladıq. Gözəllik salonunun əməkdaşı Jalə adlı xanım “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çalışdığı gözəllik mərkəzində ukraynalı turistin yanması haqqında yayılan məlumatlar düzgün deyil: “Bizim salona çoxlu sayda müştəri gəlir. Bu məlumatı bizimlə rəqabətdə olan salonlar bilərəkdən yayırlar ki, müştərilərin sayı azalsın. Ancaq istəklərinə nail ola bilməyəcəklər. Çünki bizim salonun xidmətlərindən gələn müştərilər razılıq edirlər”

"Megasun Solarium Studio" gözəllik salonunun işçisi ukraynalı turistin salonun xidmətindən istifadə zamanı yanmasını qəti şəkildə inkar etdi. Ancaq ölkəmizə istirahət üçün gələn ukraynalı xanım isə iddia edir ki, o,  "Megasun Solarium Studio" gözəllik salonunun solyari xidmətindən istifadə zamanı yanıq xəsarəti alıb və hazırda xəstəxanadadır.

Təəssüf ki, belə bir hadisə ölkəmizdə baş verib. İstirahət üçün ölkəmizə gələn turistin bədəninin ayrı-ayrı nahiyələri gözəllik salonunun məsuliyyətsizliyi ucbatından yanıb.

Tibb elmləri doktoru, həkim-ekspert Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, solyaridə ultrabənövşəyi şüaların dəriyə birbaşa təsir etməsi zamanı dəridə müxtəlif xəstəliklər yaranır, eyni zamanda, insanların bədənində müxtəlif şişlər və xəstəliklər əmələ gəlir: “Solyari istifadəsi zamanı həssas dərilərdə müxtəlif dəyişikliklərin peyda olduğu və süni qaralma üsulunu seçən şəxslər mütləq həkim nəzarətində olmalıdırlar. Şübhəli relyefli törəmələr olan dəri sahibləri solyarinin qəbulundan çəkinməlidirlər. İlk növbədə xanımlar sağlamlıqlarının o şüaları nə dərəcədə qəbul edə biləcəyini düşünməlidirlər. Solyari vannası qəbul edən zaman artıq şüalanma da dərinin zədələnməsinə gətirib çıxara bilər. Ona görə də solyari aparatında ultrabənövşəyi şüaları ötürən aparat texniki baxımdan qaydasında olmalıdır. Bununla məşğul olan şəxslər solyari aparatları barədə yaxşı məlumatlandırılmalıdırlar. Solyaridən tez-tez istifadə məqsədəuyğun sayılmır. Şüalanmaya məruz qaldıqdan sonra növbəti seans 5-6 ay çəkməlidir. Amma tez-tez süni günəş vannasının qəbul edilməsi düzgün deyil. Solyari vannalarında ultrabənövşəyi şüaların birbaşa təsir etməsi bütün dünyada qadağan olunmuş prosedurdur. Bir sıra Avropa ölkələrində, ümumiyyətlə, süni yolla qaralma qadağan olunub".

A.Qeybullanın sözlərinə görə, ölkədə hər hansı bir tibbi yenilik tətbiq edilməzdən öncə bir müddət klinik təcrübədən keçməsi önəm daşıyır. Uzun müddət aparılan kliniki müşahidələr həmin yeniliyin zərərli və xeyirli tərəfini müəyyənləşdirir: "Qış aylarında solyariyə müraciət edənlər bilməlidirlər ki, bu, süni mühitdir. Orqanizmin bioloji parametrləri buna cavab vermir. Hər hansı xəstəxana və ya gözəllik mərkəzi müştəriyə təklif edilən xidmətin zərərli və xeyirli tərəfini izah etməlidir. Bəzi insanlar, yeri gəldi-gəlmədi, gözəllik üçün solyaridən istifadə edirlər. Amma bəzi göstəriciləri nəzərə almaq lazımdır. 18 yaşa qədər olan xanımların solyaridən istifadə etməsi qəti qadağandır. 18 yaşından sonra sağlam dəriyə malik, heç bir xəstəliyi olmayan, işığa həssaslığı qeydə alınmayan insanlar solyari qəbul edə bilərlər. Qan təzyiqi olan, müxtəlif dəri xəstəlikləri olanlara solyari pis təsir göstərir. Süni vanna üçün 18-40 yaşarası optimal yaş göstəricisidir".

Günel CƏLİLOVA