Səudiyyə İrandan BMT TŞ-yə şikayət etdi - "...qarşısını alın"

24 May 2019 10:03 (UTC+04:00)

Səudiyyə Ərəbistanı BMT Təhlikasizlik Şurasından İranın bölgədəki dağıdıcı əməliyyatlarının qarşısının alınmasını istəyib.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Al Arabiya” telekanalı, rəsmi Ər-Riyadın bununla bağlı BMT TŞ-yə məktub göndərdiyini bildirib

“İranın beynəlxalq sülh və təhlükəsizliklə yanaşı dünya neft bazarlarının tədarükünü və sabitliyini hədəf alan addımlarını davam etdirdiyi” ifadə edilən məktubda BMT və beynəlxalq ictimaiyyəti rəsmi Tehrana qarşı qətiyyətli mövqe ortaya qoyaraq üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırılıb.

Məktubda Səudiyyə Ərəbistanının müharibənin başlanmasına mane olmaq üçün lazım olan bütün addımları atacağı qeyd edilir.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl İrandan gələ biləcək təhditlərə qarşı “USS Abraham Lincoln” təyyarə gəmisini və nüvə raketləri daşıya bilən “B-52” bombardmançı təyyarələrini körfəzə göndərib.

Həmçinin 12 mayda 2-si Səudiyyə Ərəbistanına məxsus 4 ticarət gəmisi Birləşmiş Ərəb Əmirlikləri sahil suları yaxınlığında təxribata məruz qalıb, 14 mayda isə Səudiyyə Ərəbistanıda iki yanacaqdoldurma məntəqəsinə dronla hücum edilib. Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri hər iki hücumub İran tərəfindən həyata keçirildiyi iddia edirlər.