“Unibank”ın yeni kredit fırıldaqlarının yerindəcə şahidi oldum...

22 May 2019 21:16 (UTC+04:00)

“Unibank”la bağlı yaşadığım problemlər barədə son günlər ard-arda qəzetimizdə və saytımızda yer alan yazılarda ətraflı məlumat verilib. Həmin yazılarda 2013-cü ilin avqustunda bankdan manatla bir, 2014-cü ilin iyulunda dollarla ikinci kredit götürməyim, 2014-cü ilin dekabrında banka müraciət edərək kreditlərimin birləşdirilməsini xahiş etməyim və bu zaman bankın mənim manatla götürdüyüm kreditləri dollara çevirərək bunu bankın hazırkı siyasəti ilə izah etməsi,  nəticədə iki ay sonra baş verən devalvasiya üzündən borcumun xeyli artması barədə ətraflı məlumat verilib.

Bildirilib ki, kreditlərim manatla olduğu halda, sırf bankın mənafeyi bunu tələb edir deyə müraciətimi fürsət bilib onu dollara çevirmələri üzündən borcun artan hissəsini ödəməkdən imtina etdim və bunun da nəticəsində bank məni məhkəməyə verdi. Lakin məhkəmə də bankın xeyrinə qərar çıxardığından, ödənişləri etməkdən başqa əlacım qalmadı. Bu hal 2018-ci il avqustun əvvəllərinə kimi davam etdi. Həmin ilin ilk avqust günlərində “Unibank”da birdən-birə mənə “yaxşılıq” etmək həvəsi oyandı və bankın işçiləri hər gün azı 3-5 dəfə mənə telefon açaraq, israrla borcumu manata çevirmək üçün banka gəlməyimi təklif etməyə başladılar. Təbii ki, “Unibank”dan “alacağını almış” biri kimi onların heç bir təklifi məni maraqlandırmırdı, lakin bankın milçəksayağı “yapışqan” işçiləri əl çəkmirdi. Bu hal bir həftədən çox davam etdi və israrlı zənglərə rəğmən, hər dəfə verdikləri təkilfdən imtina etdim. Bank əməkdaşları isə hər zənglərində məni inandırmağa çalışırdılar ki, guya məni düşünürlər, gəlib borcumu manata çevirsəm üzərimdən məhkəmə qərarı qalxacaq, hətta “özümü yaxşı aparsam”, bank mənə yeni kredit də verə bilər. Təbii ki, mən bütün bunlara inanmırdım, lakin bu israrlı zənglərin arxasında bir qapalı məqsədin olduğu gün kimi aydın idi. Uzun tərəddüddən sonra avqustun 13-də banka getməyə razılaşdım və Nərimanov filialında məni qəbul edib, dollarla kreditimi manata çevirdilər. Görünür, bu da “Unibank”ın həmin məbləği gələcəkdə veriləcək kompensasiyadan kənarda tutmaq üçün növbəti fırıldağı imiş və təəssüf ki, mən bunu gec anladım. Deyə bilərsiz ki, bank o zaman Prezidentin dollar kreditlərilə bağlı belə bir humanist addım atacağını bilmirdi. Mənsə düşünürəm ki, bank bu addımı elə o zamandan proqnoz edib. Xatırlayırsınızsa, devalvasiyanın baş verdiyi ilk dönəmlərdə az qala bankların girovunda olan bütün ölkə əhalisi ümid dolu nəzərlərini Prezidentə dikmişdi. Banklarda dollarla krediti olan hər kəs səhəri Prezidentdən müjdə ümidi ilə açırdı və elə həmin dönəmdə məsələ parlament tribunasına da daşındı. Daha sonra bununla bağlı son sözü Konstitusiya Məhkəməsinin deyəcəyi bildirildi və nəzərlər həmin məhkəməyə yönəldi. Lakin 2015-ci ilin may ayında Konstitusiya Məhkəməsinin verdiyi son qərar bu ümidləri doğrultmadı və borclu əhali yenidən ümidini Prezidentə bağladı. Bu gözləntinin nə qədər çəkdiyi önəmli deyil. Önəmli olan odur ki, xalq Prezidentin gözəl bir gündə bu addımı atacağına inanırdı və istisna deyil ki, elə bank da bu gözləntidə idi. Yalnız mən bankın bu uzaqgörən planının fərqində olmamağıma təəssüf edirəm. Bilirsizmi bunun nə zaman fərqinə vardım? Deyim, bilin...

Kompensasiya verilişindən sonra da bankın məndən aylıq ödəniş tələb etməsi, hətta alacağım kompensasiya məbləği əlimə gəlib çatmadan ondan bu vaxta qədər ödədiyim məbləğdə iki aylıq ödəniş və üzərinə hesabladıqları heç də az olmayan cərimə məbləği ilə bağlı narazılığım əsasında bankın PR meneceri Sülhiyyə Şirinova mayın 20-də məni baş ofislərinə danışığa dəvət etdi. Söhbətdə bankın şikayətlər üzrə şöbəsinin müdiri Yusif adlı şəxs də iştirak edirdi. Onların müzakirə əsnasında dönə-dönə mənə “sizin dollar kreditiniz bağlanıb, kompensasiyanı da o kreditə görə (!) almısız, ödəniş tələbi isə ötən ilin avqustunda götürdüyünüz yeni kreditlə bağlıdır” deməsi məni sanki yuxudan ayıltdı. Anladım ki, bu oyunu mənə elə o zaman israrla çağırdıqları dönəmdə qurublar. Əslində isə söhbət elə həmin kreditdən gedirdi və bank bunu bilməyə bilməzdi. Fikir verin, vaxtilə müraciətimi fürsət bilib manat kreditini dollara çevirməklə “qırx arşın quyunun dibinə” atdıqları adamı az qala gün boyu min dillə yenidən borcunu manata çevirməyə ikna etməyə çalışırlar, buna nail olduqda isə sevincək həmin məbləğı ən yüksək məzənnə ilə manata çevirirlər, beləliklə də borcun həmin hissəsinin restrukturizasiyadan kənarda qalmasına nail olurlar. Necə fırıldaqdı? Yəqin heç şeytanın da ağlına gəlməzdi... Demək, bank işçilərinin ötən il mənə və iş yoldaşlarıma, qohumlarıma israrla etdikləri zənglərin səbəbi bu imiş ki, 5 il əvvəl dollarla hesablanmış və aylıq ödədiyim kreditin qalmış hissəsini yenidən manata çevirsinlər və nəticədə cənab Prezidentin məlum fərmanının icrasını yarımçıq həyata keçirərək, Prezident fərmanı ilə dövlətdən aldığım kompensasiyanın da yarısından çoxunu əlimdən alsınlar. Heç şübhə yoxdu ki, “Unibank” ötən ilin avqust ayında mənim başıma açdığı oyunu başqa müştərilərin də başına açaraq onları tora salıb. Görünür ki, bank özünə sərf edən bütün maliyyə dəyişmələrini öncədən görərək kreditləri istədiyi vaxt xarici valyutaya, istədiyi vaxt da milli valyutaya çevirir. Ortada da, təbii ki, bütün hallarda irəli düşən özü olur. Beləliklə görünən o ki, cənab Prezidentin geniş sosial siyasətlə hər bir vətəndaşın məmnunluğuna hesablanmış kurs apardığı bir vaxtda “Unibank” rəhbərliyi tam fərqli məzmunlu fəaliyyətlə ölkədə vətəndaş məmnunluğu kimi vacib bir təzahürün altını qazmaqla məşğul olur...

Bütün bu baş verənləri götür-qoy etdikdə “Unibank”ın Prezident fərmanına qədər bir çox vətəndaşların xarici valyutada kreditlərini yenidən milli valyutaya çevirdiyinə və beləliklə də kompensasiya almaq şansından kənarda qoyub özləri üçün “zərərsizləşdirdiklərinə” dair ciddi şübhələr yaranır. Odur ki, “Unibank”ın xarici valyutaya çevirdiyi kreditlərin sahibləri ilə bağlı ayrıca araşdırma aparmaq da çox maraqlı olardı və yəqin ki, belə də ediləcək. Çünki bu həm vətəndaşları incitməkdir, həm əlavə pul qoparmaqdı, həm də çox əhəmiyyətli Prezident fərmanını sabotaj etməkdir. Bu yazı vasitəsilə həm də həmin sabotajın qurbanına çevrilmiş şəxslərə müraciət edirəm: həmin dövrdə mənim kimi sizlər də bu tip fırıldağın güdazına getmisinizsə susmayın, bizə müraciət edin. Redaksiya olaraq bu məsələnin üzərinə getməkdə qərarlıyıq və araşdırmalarımız davam edəcək.

Sonda onu da deyək ki, aparılan təhlil, araşdırma və mülahizələrlə bağlı “Unibank” rəhbərliyinin, hər hansı həcmdə olmasından asılı olmayaraq, reaksiyasını da dərc edə bilərik. Təki cəmiyyətimiz həqiqəti bilsin və “Unibank”ın rəhbərliyi şəffaf və hağlı olduqlarını sübut etsin.

Samirə SƏFƏROVA