Milli zəfəran istehsalı üçün kadr potensialı dağılıb – yeni problem…

22 May 2019 18:20 (UTC+04:00)

Abşeron yarımadasının altı "qara qızıl” olduğu kimi, üstü də qızıla bərabərdir. Bu torpaqlarda respublikanın bir çox yerində yetişməyən qiymətli məhsullar becərilir. Vaxtilə şəninə mahnılar qoşub, süfrələrimizin bəzəyi adlandırdığımız zəfəran da həmin bitkilərin sırasına daxildir. Dünyada ən qiymətli kənd təsərrüfatı məhsullarından biri olan zəfəran bir çox ölkədə, xüsusən İranda, İspaniyada, Portuqaliyada yetişdirilir. Onun dünya üzrə ən böyük istehsalı İspaniyaya məxsusdur. Lakin XX əsrin ortalarında Abşeron yarımadasında da 16 tondan çox quru zəfəran istehsal olunub.

Tarixdən məlumdur ki, vaxtilə kiçik bir torba zəfəranın qiymətinə Həcc ziyarətinə gedib-gələnlər olub. Bu baxımdan belə qiymətli bitkinin yetişdirilməsi ixrac potensialının artırılmasında, ölkəyə əlavə valyuta gətirilməsində də mühüm rol oynaya bilər. Həm qida, həm də əczaçılıq sənayesində mühüm xammal hesab olunan zəfəranın dünya bazarında qramı növ və keyfiyyətindən asılı olaraq 5-35 avro arasında dəyişir. Lakin hazırda bu səmərəli sahə bir qədər kölgədə qalıb.

Qeyd etmək yerinə düşər ki, Abşeron zəfəranının keyfiyyətinə görə tayı-bərabəri yoxdur. Düzdür, hazırda ölkəmizə İrandan gətirilmiş zəfəran da satılır. Ancaq onu Abşeron zəfəranı ilə müqayisə edənlər yaxşı bilirlər ki, onların arasında çox böyük fərq var.

Zəfəran dünyanın ən bahalı ədviyyatıdır. Zəfəranın dünya bazarını özünə cəlb edən hissəsi məhz çiçəyin içindəki 3 qırmızı telidir ki, bir kiloqramı 1100 dollardan 11 min dollara qədər qiymətə satılır. Ancaq bu məhsulun ölkədə istehsalı əvvəlki illərlə müqayisədə zəifdir. Bunun səbəbi isə zəfəran yetişdirilməsi ilə məşğul olan kadrların sayının az olması və bu sektora marağın zəif olmasıdır.

Aqrar sahə üzrə ekspert Nicat Nəsirli qeyd etdi ki, Sovet İttifaqı dağılarkən ictimai proseslərin təsirilə istehsalı azalan bitkilərin yenidən əkin strukturuna qaytarılması ilə bağlı müzakirələr aparılır: “Həmin bitkilərin böyük əksəriyyətinə həm daxili, həm də dünya bazarında böyük ehtiyac var. Onların çoxu yem bitkiləridir və yemçilik üçün vacibdir. Amma nəzərə almaq lazımdır ki, həmin bitkiləri əkinə qaytarmaq üçün ciddi araşdırmalar tələb olunur. Bu istiqamətdə rəsmi qurumlarda müzakirələr gedir. Zəfəranın yenidən əkinə qaytarılması asan məsələ deyil. Birinci növbədə zəfəranın toxumçuluğunu qurmaq lazımdır. Toxum çox baha başa gəlir. 1-2 sotda zəfəran əkmək 11-12 min manat xərc tələb edir. Bitkinin toxumçuluq olmadan yetişdirilməsi maya dəyərinə böyük təsir göstərər. Nəticədə yerli zəfəran İrandan gətirilən zəfərana rəqabətdə uduzacaq. Ona görə də hökmən məsələnin iqtisadi əsaslandırılması olmalıdır. Bu gün zəfəranla bağlı reallıq ondan ibarətdir ki, bazarımız İran və bəzi Şərq ölkələri tərəfindən tutulub. O ölkələrdən Azərbaycana istənilən keyfiyyət və qiymətdə zəfəran gətirilir".

Həmsöhbətimiz onu da vurğuladı ki, zəfəranın becərilməsi üçün əmək resursları yoxdur: "Nəzərə almalıyıq ki, bir vaxtlar zəfəranla bağlı əmək bazamız vardı. Zəfəran yetişdirən insanlarımız çox azdır, əmək resurslarımız dağılıb. Yenidən o cür insanları tapmaq və zəfəranı əmək məşğuliyyətinə çevirmək asan məsələ olmayacaq. Ümumiyyətlə, zəfəran sahələrinin genişləndirilməsilə bağlı birmənalı fikir yoxdur. Dövlət tərəfindən yürüdülən fikir budur ki, zəfəranın strateji bitki kimi yetişdirilməsi vacibdir. Dünya bazarında zəfəranın ümumi dövriyyəsi ildə təxminən 150-200 milyon dollardır. Azərbaycan da buna laqeyd qala bilməz. Çünki ölkəmiz özü böyük bir bazardır. Amma hökmən əmək resursları, toxumçuluq və s. kimi məsələlər nəzərə alınaraq addımlar atılmalıdır. Bu məsələlərin hamısı elmi şəkildə iqtisadi əsaslandırılmalarla icra olunmalıdır. Amma bunu kim etməlidir? Dövlət gedib zəfəran əkəsi deyil. Burada maraqlı olan sahibkarlar, istehsalçılar təşəbbüs irəli sürməlidirlər. Zəfəran yetişdirilməsi 1-2 ilə nəticə vermədiyinə görə dövlət ucuz və uzunmüddətli kreditlər, texnoloji dəstək verməlidir ki, sahibkarlar bu işdə maraqlı olsunlar".

Ekspertin sözlərinə görə, hazırda zəfəran Zirədə 10 hekatarda, Zərdabda 1 hektarda, eyni zamanda, Bakı kəndlərində 1-2 sotda yetişdirilir: "Amma bu çox zəifdir. İstehsal edilən məhsul daxili tələbatı ödəmək gücündə deyil. Bizdə zəfəran eksperiment kimi yetişdirilir. Kütləvi əkin üçün torpaq da lazımdır. Bəzi kənd təsərrüfatı bitkiləri - üzüm, zəfəran, texniki bitkilər əkilən kimi nəticə vermir. Görürsünüz, pambıqçılıq inkişaf edir. Amma necə? Dövlətin hərtərəfli dəstəyi hesabına. Bu dəstək olmasa, pambıq əkilib ortaya çıxarıla bilməz. Zəfəranda da bu şəkildə birbaşa və dolayı dövlət dəstəyinin verilməsi vacibdir".

Günel CƏLİLOVA