"Müharibə başlasa, Putin məsuliyyət daşıyır" - Paşinyan 10 aydan sonra məlum bəyanatı təzələdi, niyə...

20 May 2019 18:10 (UTC+04:00)

Erməni mətbuatının yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan Rusiya mətbuat nümayəndələri ilə görüşüb. O, görüş zamanı bildirib ki, müharibənin yenidən başlamasının qarşısını almaq üçün Rusiya bütün zəruru rıçaqlara malikdir. Bununla, bir növ, Paşinyan ötən ilin avqustunda səsləndirdiyi fikirləri təkrarlayıb.

Qeyd edək ki, ötən ilin avqustunda Paşinyan Robert Köcəryanın həbsinə Rusiya xarici işlər naziri Sergey Lavrovun göstərdiyi münasibətə dair preventiv bəyanatla çıxış etmişdi. Bəyanatda Rusiyanın hərbi-siyasi məsuliyyəti haqqında fikirlər öz əksini tapmışdı. O zaman Lavrov demişdi ki, Moskva Ermənistanın hazırkı rəhbərliyinin əvvəlki hakimiyyətə yönəlmiş addımlarından çaşqındır.

Paşinyan iddia edib ki, guya yeni müharibə regionda Moskva və Tehranın maraqlarına zərbə vura bilər. Eyni zamanda, bu, regionda domino effekti yaradacaq. Erməni Baş nazir iddia edir ki, Ermənistanın hadisələrin bu məcrada inkişafına ehtiyat variantı var. Ancaq Moskva, Tehran və Bakının belə bir variantı yoxdur.

Görünən odur ki, Paşinyan açıq-aşkar müharibə ilə bağlı məsuliyyəti Rusiyanın üzərinə qoymaq istəyir. Özü də bunu məhz Çindən səfərdən qayıdandan sonra bəyan etdi.

Bütün hallarda, Paşinyan ötən ilin avqustundan sonra niyə təkrar olaraq deyir ki, müharibə olsa, Rusiya da məsuliyyət daşıyır? Həm də niyə bunu məhz Çin səfərindən sonra deyir?

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Paşinyanın bu cür fikirlə çıxış etməsində müəyyən məqsədləri var: “Paşinyan istəyir ki, bu məsələdə əsas məsuliyyəti Rusiyanın üzərinə qoysun. Çünki o yaxşı bilir ki, sözügedən məsələlərdə Rusiyanın rolu böyükdür. Paşinyan hakimiyyətə gələndə müxtəlif ziddiyyətli bəyanatlar verdi. Görünür, başa düşüb ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyanın əlindədir. Rusiyasız bu məsələ həll olunmayacaq. Bu səbəbdən istəyir ki, müharibə ilə bağlı məsuliyyət Rusiyanın üzərində qalsın. Nəzərə almaq lazımdır ki, Qarabağdakı separatçılar Paşinyanla hesablaşmırlar. Görünür, bununla bağlı topu Moskvaya atır. Digər bir reallıq odur ki, Rusiya hər zaman Ermənistanı müdafiə edib və bu ölkənin arxasında dayanıb. Ermənistan Rusiyanın forpostudur. Ermənistanda hakimiyyət dəyişsə də, bu yöndə fundamental olaraq nəsə dəyişməyib. Ona görə də Paşinyan bunu deməklə istəyir ki, Dağlıq Qarabağla bağlı məsuliyyəti Rusiyanın üzərinə qoysun. O yaxşı bilir ki, Rusiyanın yardımı olmasa, Ermənistan Azərbaycan qarşısında duruş gətirə bilməyəcək. Bu, indi də belədir, bundan əvvəlki illərdə də belə olub. Paşinyanın məhz Çin səfərindən sonra belə deməsi hesab edirəm ki, elə bir əhəmiyyət kəsb etmir. Çünki erməni mətbuatının şişirtməsinə rəğmən, Ermənistan Çin üçün elə bir xüsusi əhəmiyyət kəsb etmir”.

Vidadi ORDAHALLI