“Unibank” jurnalistin manatla götürdüyü krediti sonradan dollar kreditinə niyə çevirdi – bankın daha bir qanunsuzluğu açılır...

18 May 2019 16:50 (UTC+04:00)

Qəzetimizin əməkdaşı Samirə Səfərovanın “Unibank”dan kredit götürməsi və 2 il sonra çox ciddi problemlərlə üzləşməsi barədə yazmışdıq. Onu da yazmışdıq ki, Prezidentin problemli kreditlərlə bağlı 28 fevral tarixli məlum Fərmanının icrasının nəticəsi olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası özünün rəsmi saytında yerləşdirdiyi müştəri siyahısında əməkdaşımızın alacağı kompensasiya məbləğini 3451 manat göstərmiş, QALIQ BORC qrafasında isə 0 (sıfır) rəqəmi yer almışdı ki, bu da müştərinin borcunun bağlandığı anlamına gəlirdi. Lakin buna baxmayaraq, “Unibank” əməkdaşlarının hər gün onun nəinki özünə, əldə edə bildikləri bütün qohumlarının telefonuna, hətta baş redaktoruna zəng edərək bundan sonra da aylıq ödəniş tələb etdiklərini də bildirmişdik.  

Bu gün isə bu kredit tarixçəsində bir incə nüansa diqqətinizi çəkmək istəyirəm. 2013-cü ilin avqustunda S.Səfərova bankın Xalqlar Dostluğu filialından 3 min manat kredit götürür. Həmin əsnada ona min manatlıq Al kart da təklif edirlər. Əvvəlcə tərəddüd edən xanım sonra həmin kartı da götürür və ayda 160 manat ödənişini düzənli şəkildə ödəməyə başlayır. Təxminən 1 il sonra, 2014-ün iyul ayında əməkdaşımız banka min manat kredit üçün yenidən müraciət edir və səliqəli müştəri olmasını xüsusi qeyd etməklə bu krediti də adına rəsmiləşdirirlər, amma dollarla. 2014-cü ilin dekabrına kimi əməkdaşımız heç bir ləngimə olmadan kreditlərini vaxtlı-vaxtında ödəyir. Lakin həmin dövrdə ödəmə terminalları yox idi, banklarda isə uzun növbələr zaman alırdı. Əməkdaşımız bu dəfə bankın Beşmərtəbə filialına yaxınlaşaraq sırf banka ayda bir dəfə gəlməsi üçün kreditlərinin birləşdirilərək yenidən hesablanmasını istəyir. Bankda buna etiraz etmirlər və təkrar hesablama tərtib etdikdən sonra deyirlər ki, artıq borcunuz dollarla ifadə olunur. Xanım etiraz etdikdə isə ona deyirlər ki, bunun onsuz da sizə aidiyyəti yoxdu, siz borcunuzu dollar ekvivalentində manatla ödəyəcəksiz. Təbii, sıravi bir jurnalist həmin tarixdən cəmi ay yarım sonra devalvasiyanın yaşanacağını təxmin belə edə bilməzdi və razılaşaq ki, 2015-ci ilin fevralına qədər ölkədə devalvasiya kabusu barədə geniş təsəvvür də yox idi. Lakin banka gəldikdə, onun bu barədə əvvəlcədən bilgisinin olmadığını heç cür iddia etmək olmaz. Hətta əksinə, çox böyük ehtimalla, onlarda bu barədə səhih informasiya olub. Yoxsa birdən-birə manatla kredit verilişindən niyə imtina etsinlər ki? 

Devalvasiya baş verdikdən sonra isə əməkdaşımız yenidən həmin filiala gedərək duruma bir daha etiraz edib, diqqətə çatdırıb ki, götürdüyü iri məbləğ də (3000 AZN), Al kart da (1000 AZN) manatla olduğu üçün onun kreditinin dollara çevrilməsi qanunsuz idi və hazırkı durumda ona hansısa güzəşt tanınmalıdı. Lakin bankın heç bir yetkilisi onu qəbul etməyib, sıravi işçilər isə onu dinləməkdən boyun qaçırıblar. Beləliklə də “Unibank” faktiki fırıldaq işlədərək jurnalisti aldadıb. 

Xatırladaq ki, o zamankı məzənnə ilə 3000 manat 2100 dollar edirdi, devalvasiya nəticəsində 5000 dollara çevrildi və bankın kredit mütəxəssisləri bundan heç bir vicdan əzabı çəkmədilər ki, bu müştəri onlardan dollar götürməyib, sadəcə onların "qazdığı" quyuya düşüb. Bu isə heç bir insanlığa, vicdan ölçüsünə sığmayan soyğunçuluqdu. Üstəlik, kompensasiyaların ödənişi prosesində də jurnalist maraqlı situasiya ilə qarşılaşıb. Palatanın saytında ona 3451 manat kompensasiya müəyyən edildiyi halda, onun kartına cəmi 3154 manat köçürülüb. Bu azmış kimi, hər gün "Unibank"dan onun telefonuna mesaj göndərilir ki, aylıq 120 manat ödəsin. Özü də nə az, nə çox, düz gələn ilin sentyabr ayına kimi. Qəribə paradoks yaranır. Bir tərəfdən vətəndaş borcunu tam ödədiyi üçün artıq qalan hissəni dövlət ona kompensasiya şəklində qaytarır, digər tərəfdən isə bank əlavə ödəniş tələbini davam etdirir. Əlaqə saxladığı ekspertlər isə bankın tələbini əsassız sayır. Məsələn, iqtisadçı ekspert Rəşad Həsənov bankın bu vəziyyətdə əlavə ödəniş tələb etməsini qanunsuzluq adlandırır: "Çünki kompensasiya müəyyən edilir və həmin məbləğ yönəldilir vətəndaşın borcuna. Borcdan artıq qalırsa vətəndaşın hesabına pul köçürülür. İndiki halda vətəndaş bağışlanılan borcundan da əlavə pul alıbsa, ondan heç bir əlavə ödəniş tələb edilə bilməz. Sadə dildə izah edim. Vətəndaşa pul verilibsə, deməli onun borcu yoxdur. Heç bir halda ondan tələb olunan hissəni ödəməməlidir. Bu birmənalıdır! Əgər ödəniş eyni kreditə görə tələb edilirsə, bank burda böyük qanunsuzluq edir". 

Əməkdaşımızla bağlı bütün bu baş verənləri və son vaxtlar "Unibank"ın fəaliyyətindən narazılıqların arta-arta getməsinin cəmiyyət arasında cənab Prezidentin kompensasiya və maliyyə sahəsində humanist addımlarına mənfi təsirini nəzərə alaraq, sözügedən bankın kredit siyasətindən narazılıq faktlarını toplamağa və araşdırmağa qərar verdik.

Mövzuya qayıdacağıq.

Məhəmmədəli QƏRİBLİ