Azərbaycan Avroittifaqla yalnız bərabərhüquqlu tərəfdaş kimi - Brüssel zirvəsinin dünyaya aydın mesajı...

18 May 2019 15:18 (UTC+04:00)

“Prezidentin Brüssel səfəri və keçirdiyi görüşlər bir daha göstərdi ki, Azərbaycan-Aİ münasibətləri bərabərhüquqlu tərəfdaşlığı özündə ehtiva edir”

Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda müstəqil xarici siyasət xətti yürüdən Azərbaycan bütün regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə uyğun ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır. Bu qurumla münasibətlərin sağlam təməl əsasında inkişafının nəticəsidir ki, ölkəmiz hazırda Aİ-nin bir çox proqramlarında fəal iştirak edir və onun mühüm tərəfdaşı kimi qəbul olunur. Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən münasibətlərin qurulmasına əsaslanır. Məlum olduğu kimi, Prezident İlham Əliyev və Azərbaycanın nümayəndə heyəti mayın 13-də Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş görüşdə iştirak edib. Prezident İlham Əliyevin Brüssel səfəri və keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında bərabərhüquqlu tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu platformalar çərçivəsində Azərbaycanla Aİ arasında qarşılıqlı və bərabərhüquqlu maraqlara xidmət edən əlaqələr mövcuddur. Məhz bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyev Brüsseldə səfərdə oldu. Belçikanın paytaxtı Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoyan Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı Azərbaycanın istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlığı xüsusi qeyd olundu. Ölkə başçısı bildirdi ki, Azərbaycanla Aİ arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir. Prezidentin Brüsseldə keçırdiyi görüşlər, səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır. Eyni zamanda, bərabərhüquqlu tərəfdaşlığı daha da inkişaf etdirmək istəyir. Yəni Prezidentin Brusseldə çıxış və görüşləri əsasən o məqsədə xidmət etdi ki, Azərbaycan Aİ-lə ancaq və ancaq bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq etmək istəyir, asılı və yaxud da böyük-kiçik kimi yox. Çünki Azərbaycanın iqtisadi maraqları və vətəndaşlarımızın mənafeyi hər şeydən öndədir. Ölkə başçısının Brüsseldə sərgilədiyi mövqe bütün bunları bir daha sübut etdi. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, indiyə qədər Azərbaycan bütün dövlətlərlə, müxtəlif qurumlarla münasibətlərində bərabərhüquqlu prinsipi önə çəkib: “Bu, Azərbaycan-Avropa İttifaqı münasibətlərində də özünü qabarıq şəkildə göstərir. Azərbaycanın müstəqil siyasət yürütməsi beynəlxalq müstəvidə ölkəmizə yeni-yeni tərəfdaşlar qazandırır. Azərbaycanın Aİ-nin 9 ölkəsi ilə bərabərhüquqlu müstəvidə ikitərəfli və strateji tərəfdaşlıq müqavilələri var. Sözügedən münasibətlər çərçivəsində əlaqələr uğurla inkişaf edir. İndiki şəraitdə Azərbaycanla Aİ arasında imzalanması nəzərdə tutulan sazişin prioritet istiqamətlərində də məhz ölkəmizin maraqları öndə dayanır. Həmçinin, bərabərhüquqluğun təmin edilməsi birinci sırada durur. Bundan əvvəl Azərbaycanla Aİ arasında tərəfdaşlıqla bağlı ilkin anlaşmada da münasibətlərin bərabərhüquqluluq müstəvisində olacağı barədə öncədən bir platforma müəyyənləşdirildi. Ümumilikdə, Prezident İlham Əliyevin Brüssel səfəri çox uğurlu keçdi. Azərbaycanla bağlı verilən bəyanatlarda da bu faktor nəzərə çarpdı. Avropa İttifaqının yüksək rəsmiləri tərəflər arasında münasibətlərə yüksək dəyər verdiklərini ortaya qoydular. Bu münasibətlərin yeni bir mərhələyə qədəm qoyacağını vurğuladılar. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin beynəlxalq müstəvidə olan yüksək nüfuzundan irəli gəlir. Prezidentin Brüssel səfəri və keçirdiyi görüşlər bir daha göstərdi ki, Azərbaycan-Aİ münasibətləri bərabərhüquqlu tərəfdaşlığı özündə ehtiva edir”.

Vidadi ORDAHALLI