Avropa Birliyi Azərbaycan demokratiyasında tük axtarır, Fransadakı qanlı olayları görmədi – bir hesabatın çoxüzlü standartları...

17 May 2019 18:50 (UTC+04:00)

Məlum olduğu kimi, Avropa İttifaqı "Dünayada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair" illik hesabat yayıb. Hesabatda Azərbaycanda da insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair məqamlar öz əksini tapıb. Qurumun rəsmi saytında dərc edilən hesabatda bildirilir ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur.

Avropa Birliyi ölkəmizdə guya insan haqları ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını bir sıra amillərlə izah etməyə çalışır. Qərəzli olaraq bildirirlər ki, sərbəst toplaşmaq, söz və birləşmək azadlığı məhdudlaşdırılır və s.

Maraq doğuran məqamlardan biri də demokratiyadan danışan Avropa Birliyi qurumun aparıcı üzvlərindən olan Fransada yaşananlara həmin hesabatda nə dərəcədə yer verməsidir. Məlumdur ki, Fransada baş verən nümayişlər bu ölkənin müvafiq qurumları tərəfindən sərt şəkildə yatırıldı. Çoxsaylı nümayişçi ağır şəkildə xəsarət aldı. Bu zaman həm də ölənlər oldu. Aksiya iştirakçılarına polis tərəfindən tətbiq olunan gücü bütün dünya izlədi və eyni zamanda, ictimaiyyət bunu qınadı. Bütün dünya gördü ki, Fransa dinc aksiya iştirakçılarına qarşı necə sərt davranır.

Maraqlıdır, hesabatda bütün bunlara toxunulubmu? Hüquqi baxımdan buna münasibət bildirilibmi?

Sözügedən məsələyə aydınlıq gətirən Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əvəz Həsənovun sözlərinə görə, Aİ-nin hesabatında Fransada baş verənlərə çox səthi toxunulub: “Hesabatda Fransada insan hüquqları ilə bağlı vəziyyətə toxunulub və bununla bağlı müəyyən mesajlar var, amma çox səthi formada. Məsələ ondadır ki, Fransada polislərin özbaşınalığına və nümayişçiləri qəddarcasına döyməsinə yer verilməyib. Bütün bunları görməzdən gələrək, faktiki olaraq, təsvir etməyiblər. Avropa İttifaqı obyektiv olsaydı, o zaman hazırlanan hesabatda Fransada yaşananlara ədalətli qiymət verərdi. Reallıq ondan ibarətdir ki, Fransada 3 aydan çoxdur mitinqlər davam edir. Birinci qarşıdurmada 180 nəfərdən çox zərərçəkən var idi. Çoxsaylı insan polis müqaviməti ilə üzləşib və onların əmlakına zərər dəyib. Həmçinin, çoxsaylı insan xəsarət alıb. Nümayişlərlə əlaqədar Fransa hökuməti vətəndaşlara qarşı məhdudiyyətlər tətbiq edib. Ancaq Fransa polisinin nümayişçilərə qarşı bütün bu sərt davranışları hesabatda öz əksini tapmayıb. Necə deyərlər, bütün bunlar nümayişkəranə şəkildə hesabata daxil edilməyib. Hansı ki, obyektiv olsaydılar, Fransada bütün bu baş verənlər hesabatda öz əksini tapardı. Ancaq, göründüyü kimi, bu belə olmayıb. Bu da, təbii ki, doğru deyil”.

Vidadi ORDAHALLI