Sabiq prezident Xatəminin İranı federallaşdırmaq bəyanatı şok effekti kimi dəyərləndirilir

17 May 2019 17:11 (UTC+04:00)

Məlum olduğu kimi, bu günlərdə İranın sabiq prezidenti Məhəmməd Xatəmi Tehran şəhərinin İslami Şura üzvləri ilə görüşündə İran üçün “federal idarəetmə modelinin ən əlverişli hökumət sistemi” olduğunu bildirib. “Hazırkı durumda uyğun olmaya bilər, amma demokratik hökumətin ən əlverişli modeli federal idarəetmə sistemidir. Biz o dönəm bununla bağlı Daxili İşlər Nazirliyimizdə 10 bölgə müəyyənləşdirmişdik. Amma konstitusiyaya görə federativ ola bilmərik” - deyə sabiq prezident qeyd edib.

Məlumatlara görə, İran rəsmiləri bundan əvvəl də federal hökumət modeli haqqında təkliflər irəli sürüblər. Amma qeyri-fars fəalların əksinə, onların söz etdiyi federativ modeldə dil, etnik kimlik və digər demoqrafik xüsusiyyətlər yerinə, daha çox iqtisadiyyat və iqlim şəraiti əsas tutulur.

İranın federallaşmalı olduğunu irəli sürən M.Xatəminin fikirlərini şərh edən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə bildirdi ki, 1925-ci ilə qədər Qacar Xanlar Birliyi federativ əsasda dövlət olub və Qacarın dövründə Azərbaycanda da, İranda da xanlıqlar olub. Bu xanlıqların hər biri öz fəaliyyətində müəyyən muxtariyyətə malik idi. “Ağa Məhəmməd şah Qacar Qarabağ xanının təslim olmasını istəyirdi. O deyirdi ki, dövlətin vergisini ödə və Ağa Məhəmməd şah Qacarın tacını tanı. İbrahimxəlil xan isə Rusiyanı özünə qiblə hesab etmişdi. O dövrdə Azərbaycanda Bakı, Gəncə, Urmiya xanlıqları varıydı və bunların hər biri də dövlətin bir federasiya subyekti idi. Azərbaycan parçalanandan sonrakı dövrlərdə İran adında bir dövlət yaratdılar. Məhəmməd Rza şah Pəhləvinin dövründə İranın 4-5 əyalətini bölüb 10 əyalət yaratdılar. O dövrdə Azərbaycan hələ 7-8 hissəyə bölünməmişdi. Amma indi İranda təxminən 32-33-ə yaxın əyalət var. Xorasan, Ərdəbil və digər əyalətləri hissələrə bölüb müxtəlif əyalətlər yaratdılar. Əvvəllər Ərdəbil əyaləti mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyaləti ilə eyni bölgədə idi. Sonradan Ərdəbili ayrı bir əyalət etdilər. İran hakimiyyəti bununla iqtisadi zonalar yaratmağa çalışırdı. Doğrudur, o elan edirdi ki, bürokratik əngəlləri aradan qaldırmaq üçün bunu edir, amma, əslində, milli ərazilərin sahəsini azaldırdı. Tutaq ki, Azərbaycanın Ərdəbil bölgəsinin bir hissəsini Rəşd tərəfə verməklə Azərbaycan ərazisi bölündü. Yaxud Xorasanda oxşar hadisələri etməklə türkmənlərin tarixi ərazilərini azaltdılar. İranda əyalətlərin sayının azaldılması, dövlət idarəetmə quruluşunun parlamentar sistemə keçməsi və ikipalatalı parlamentin yaradılması, əyalətlərin müəyyən iqtisadi əraziyə bölünməsi məsələsi tarixən olub. Sadəcə olaraq, indiki şəraitdə bu məsələnin gündəmə gəlməsi vəziyyətin heç də qənaətbəxş olmadığını deməyə əsas verir” - deyə bildirən ekspertin sözlərinə görə, İran hakimiyyəti, fars mərkəzli düşüncə sisteminin daşıyıcıları ölkədə milli məsələni həll etməyə çalışırlar: “İran bölünmüş millətlər həbsxanasıdır. Şərq tərəfdə bəluclar, türkmənlər, şimalda Azərbaycan türkləri, cənubda ərəblər və s. Bunların bir hissəsi İranın ərazisində qalıb, bir hissəsi ya müstəqil olub, ya da başqa bir dövlətin tərkibindədir. Bu problemi həll etmək İran üçün vacibdir, çünki artıq millət məsələsi ortalığa çıxıb. Tarixən,Tudə Partiyasının proqramında milli məsələ vardı. Məhəmməd Xatəminin prezidentliyinin birinci dövründə təbliğat kampaniyası zamanı İranda fars olmayan millətlərin mədəni məsələlərinin həlli ilə bağlı fikirlər söylədi, amma heç bir addım atmadı. O, prezidentliyinin növbəti mərhələsində isə, ümumiyyətlə, milli-mədəni haqlar məsələsinə toxunmadı, birbaşa iqtisadi məsələni ortalığa atdı və yaddan çıxartdı. Məhəmməd Xatəmi 100 il bundan əvvəlki ərazi bölgüsünə qayıdılmasını təklif edir. İranın mövcud konstitusiyasına görə, ölkə federativ əsaslı dövlət ola bilər”.

S.Soltanın sözlərinə görə, əsas qanunda göstərilir ki, İranda əyalətlərdə məclislər təşkil olunmalıdır. “İndiyə qədər Şərqi Azərbaycan əyalətinin məclisi yoxdur. Bu əyalətlərin özünün yerli məclislərinin olması elə federativ normaların prinsiplərindəndir. Tutaq ki, Rusiya federativ dövlətdir. Bu dövlətin hər bir vilayətinin, respublikasının öz parlamenti var. İranın da mövcud konstitusiyasında yerli məclisin olması, dövlətin federativ əsaslarla idarə olunması üçün müddəalar var. Bölgədəki və eləcə də dünyadakı prosesləri anlayan adamlar çox gözəl bilirlər ki, İran indiki idarəetmə sistemində və hakimiyyət formasında qala bilməz. İran hər mənada dəyişilməlidir. Təkliflərdən biri də federativ əsasda dövlətin idarə olunmasıdır. Bir müddət əvvəl iqtisadi cəhətdən dövlətin federallaşması təklifi olunurdu. Yəni  hər bir əyalət iqtisadi problemləri ilə bağlı fəaliyyət göstərə bilərdi. Məsələn, paytaxtı Urmiya olan Qərbi Azərbaycan əyaləti dünyanın istənilən ölkələri ilə İran konstitusiyası çərçivəsində əməkdaşlıq edə bilər və s. Əvvəllər İrana federalizmin gəlməsi üçün böyük bir hərəkat yaranmışdı. O vaxtı bu hərəkatın qarşısını aldılar. İndi yenidən çıxış yolu axtarırlar. İqtisadi sanksiyalar, digər tərəfdən, İranın dünyada terrorizmi dəstəkləyən bir dövlət kimi tanınması və s. məsələlər Məhəmməd Xatəmi kimi ölkəsinin gələcəyini düşünən adamları bir sıra ciddi layihələri irəli sürməyə vadar edir” - deyə ekspert bildirdi.

İradə SARIYEVA