Bakının ortasındakı məşhur “Şanxay”ın söküntü yerləri qorxulu antisanitariya mənbəyinə çevrilib...

17 May 2019 16:58 (UTC+04:00)

2015-ci ildə ölkədə milli valyutanın dəyərdən düşməsi, dünya bazarında isə neftin qiymətinin ucuzlaşması Azərbaycanda bir çox sahələrə, xüsusilə də tikinti sektoruna zərər vurdu. Nəticədə Bakıda həmin ərəfədə yaşanan tikinti bumu səngidi. Bu həm də Bakının bəzi ərazilərində söküntü işlərinin aparılmasını bir qədər yubatdı. Ancaq 2016-cı ilin sonunda işlər yoluna düşməyə başlayandan sonra dəmir yoluna yaxın ərazidə yerləşən evlərin sökülməsinə start verildi.

Belə ərazilərdən biri də Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən "Şanxay" adlanan ərazidir. “Şanxay"ın təməli ötən əsrin 50-ci illərində qoyulub. Müxtəlif  bölgələrdən gələnlər, məcburi köçkünlər dəmir yolundan 1-2 metr aralı "gecəqondu" tipli evlər tikərək burada məskunlaşıblar. Qəsəbədən dəmir yolu xətti keçdiyi üçün, bəzi sakinlər burada çarəsiz vəziyyətdə yaşadılar. Hətta qatar gəlib vurar deyə, uşaqları oynamağa belə buraxmağa qorxurdular. Nəhayət, 2017-ci ildə “Şanxay”da dəmir yolunun yaxınlığında tikilmiş evlərin sökülməsinə start verildi. Bu işlər çərçivəsində 500-ə yaxın ev sökülərək sahiblərinə mənzilin kvadratına görə kompensasiya ödənildi. Ancaq aparılan söküntü yarımçıq olduğü üçün, dəmir yol ətrafında tikilən bütün evlər sökülməyib.

Bu arada qəzetimizə şikayət edən “Şanxay” sakini Müqabil Kərimovun sözlərinə görə, işin yarımçıq aparılması onlar üçün müəyyən problemlər yaradır: “Dəmir yoluna yaxın olduğuna görə bizim evlər də plana düşməli idi, amma bu baş vermədi. Söküntü işi yarımçıq qaldı. İndi sökülən evlər xarabazarlığa bənzəyir. Bunun yaratdığı problem odur ki, sökülən evlərin yerində siçanlar artıb. Təbiətin bu dövründə ilanlar da fəal olur. Eyni zamanda, sahibsiz dolaşan itlərin sayı çoxalıb. Axşamlar işdən evə gələndə qorxuruq ki, həmin itlər bizə hücum edər. Evlərin hesabına axşamlar məhəllə işıqlandırılırdı. İndi isə gecələr ərazi kabusa bənzəyir. Çox çətindir belə şəraitdə yaşamaq. Sökürdülərsə, bütün evləri sökəydilər də. İndi biz ortalıqda qalmışıq və bilmirik nə edək. Bizə deyən yoxdur ki, haçan evimiz  plana düşəcək və biz də işimizi bilək. Kimin ki, evi plana düşdü, aldığı kompensasiya müqabilində Bakıətrafı ərazilərdə özlərinə normal ev aldılar. Tez-tez sular, qaz kəsilir. Nə qədər ki, söküntü olmamışdı, bununla bağlı problem yox idi. İndi bu sahədə də problemlərimiz artıb”.

Söküntünün nəyə görə yarımçıq aparılması ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ilə əlaqə saxladıq. O məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyini bildirdi.

Ekspert İlqar Hüseynli isə hesab edir ki, söküntünün yarımçıq aparılması sakinlərə problemlər yaradır: “Belə hallarda söküntü kompleks şəkildə aparılmalı və dəmir yoluna yaxın olan bütün evlər sökülməlidir. Bir qisminin sökülməsi, digər bir qisminin qalması müəyyən problemlərə yol açır. Hansı ki, orada yaşayan sakinlər bundan əziyyət çəkirlər. Digər tərəfdən, bu, ərazidə abadlıq işlərinin aparılmasına mane olur. Baxmayaraq ki, bu çox vacib məsələdir. Nəzərə almaq lazımdır ki, söküntünün yarımçıq aparılması infrastrukturla bağlı işlərin görülməsinə və tamamlanmasına mane olur”.

Vidadi ORDAHALLI