Tramp Türkiyə ilə əlaqələrin bərpa oluna biləcəyinə son ümidləri də qırdı - Türkiyə statusdan məhrum edildi…

17 May 2019 15:30 (UTC+04:00)

Son günlər dünya çapında qardaş Türkiyə ilə bağlı maraqlı proseslər cərəyan edir. Sanki bir qrup ölkə müxtəlif istiqamətlərdən Türkiyəyə təzyiq etməkdə maraqlıdır və bu yöndə birgə fəaliyyət ortaya qoyur.

Bu xüsusda ABŞ-la Türkiyənin arasında bir soyuqluğun, hətta kəskin ziddiyyətin yaşandığı ortaya çıxır. Məlumdur ki, Suriyanın şimalında, Türkiyə ilə həmsərhəd olan ərazidə də bu iki ölkənin mövqeyi haçalanır. Faktiki olaraq, ABŞ-ın kürd qruplaşmalarına dolayı dəstəyi səbəbindən Türkiyə həmin bölgədəki separatizm problemini həll edə bilmir. İkinci təzyiqi isə ABŞ iqtisadi sahədə etmiş oldu. Belə ki, ABŞ Prezidenti Donald Tramp öz ölkəsinin Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. ABŞ Prezidentinin bəyanatında deyilir: "Mən qərara gəldim ki, onun (Türkiyənin) iqtisadi inkişafına əsaslanaraq, mayın 17-dən Türkiyənin inkişafda olan ölkə - resipient statusuna yekun vermək lazımdır". Xatırladaq ki, bu qərarı qəbul etmək niyyətini D.Tramp hələ mart ayında bəyan etmişdi. Türkiyə ətrafında başqa bir gərginlik ocağı Aralıq dənizində yaşanır. Həmin bölgədəki  enerji resursları üstündə Türkiyə böyük bir savaşa cəlb olunmaq ərəfəsindədir. Hazırda bu prosesə Türkiyə ilə yanaşı, Rusiya, Çin, ABŞ, Avropa və bəzi ərəb ölkələri də cəlb olunub.

Qeyd edək ki, ABŞ Geologiya Xidməti 2010-cu ildə Şərqi Aralıq dənizi hövzəsinin qaz ehtiyatlarını 122 trilyon kubmetr dəyərləndirib. Elə bundan sonra bölgədə geosiyasi, geoiqtisadi rəqabət başlanıb. Son aylarda isə bu daha kəskin xarakter alıb. Qardaş Türkiyə də məhz bu fonda prosesin mərkəzində yer alır. Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini, Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla, 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımını qəbul edir. Türkiyə xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib. Amma ilk dəfə ötən ilin fevralında İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Türkiyənin döyüş gəmiləri şirkətlərin fəaliyyətinə mane olub. Nəticədə ENİ bölgədə təbii qaz axtarışlarından imtina etməyə məcbur olub. İtaliya, Fransa, İngiltərə, Almaniya və Maltanın bölgədə təbii qaz axtarışlarına, Cənubi Kiprlə yanaşı, Yunanıstan da dəstək verir.

Türkiyə isə burada Şimali Kipr Türk Cümhuriyyətinə aid sularda enerji resurslarının axtarışına start verib. Lakin Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəliyi Türkiyənin Şərqi Aralıq dənizində apardığı axtarış-qazıntı işlərini dayandırmasına dair çağırış edib. ABŞ da Türkiyəni Şərqi Aralıq dənizində enerji axtarışlarını dayandırmağa çağırıb.  Türkiyə ətrafında nə baş verir və bu, yaxın gələcək üçün hansı perspektivləri vəd edir?

Politoloq Zərdüşt Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunların hamısı Trampın naşılığı ucbatından yaşanır: “Tramp istəyir ki, bütün dünya onun sözü ilə oturub-dursun. Türkiyə ABŞ-la müttəfiq və dost ölkə münasibətində olub. Ancaq bu heç də o demək deyil ki, hər addımda ABŞ-a baş əyəcək. Türkiyənin öz dövləti maraqları var və daim bu maraqların uğrunda mübarizə aparır. Bütün istiqamətlərdə Türkiyə öz işini görəcək. Heç bir təzyiqin ona təısiri olmayacaq. Xüsusilə də Şimali Kipr ətrafında baş verənlərdə. Yadınıza tarixdən bir hadisəni salmaq istərdim. Vaxtilə yunan nasistləri Şimali Kiprdəki türkləri etnik təmizləməyə məruz qoyurdular. Həmin vaxt Bülent Ecevitin başçılığı ilə Türkiyə hökuməti toplantı keçirdi. ABŞ-ın  dövlət katibinin müavini gəlib Türkiyəyə ismarıc verdi ki, Türkiyə heç bir halda Şimali Kiprdə baş verənlərə qarışmamalıdır. Türklər “baş üstə” deyib onu yola saldılar. Gedəndən sonra əmr verildi və Türkiyə Silahlı Qüvvələri Kiprin şimal hissəsini tutdu. Nəticədə yunan faşistləri oradan qovuldu. O vaxtdan bəri bütün Avropa və ABŞ dəfələrlə Türkiyədən qoşunu oradan çıxarmağı tələb edir. Türkiyə isə deyir ki, mümkün deyil, çünki oradakı türk vətəndaşlarının təhlükəsizliyini qoruyur. Eyni prosesi biz Suriyanın şimal-şərqində yaşayan türkmənlərlə bağlı müşahidə etdik. Türkiyə silah gücünə onların hüquqlarını müdafiə edir. Dünya dağılsa da, bunu edəcək. İndi də Aralıq dənizində kəşf olunan qaz yataqlarının istismarından Türkiyəni kənarda saxlamağa çalışırlar. Şimali Kiprın şelfində olan həmin yataqlarda geoloji işlərin aparılmasında Türkiyə özünü hamıdan haqlı sayır. Bu proseslərin heç birində Türkiyə kiməsə baş əyməyəcək. Tramp bizneslə siyasəti qarışdırıb. Biznesdə hansısa zəif şirkətə təzyiq etmək olar, ancaq Türkiyə zəif şirkət deyil, güclü dövlətdir”.

Politoloq Əhəd Məmmədli isə hesab edir ki, Yunanıstan hər zaman olduğu kimi, bu dəfə də Türkiyəyə qarşı təxribat hazırlayır. Ekspertin sözlərinə görə, Yunanıstan Avropa Birliyi və ABŞ vasitəsilə Türkiyənin önünü kəsməyə çalışır: "Lakin cəhdlər mənasızdır. Nə Yunanıstan, nə də güvəndikləri Avropa Birliyi və ABŞ Türkiyəyə nəsə edə bilər. Avropa Birliyində hər bir dövlətin öz marağı var və bu maraqlar ümumi maraqları aşır. Bunun əyani sübutunun dəfələrlə şahidi olmuşuq. Son dövrlər Türkiyə Almaniya ilə münasibətləri düzəltməyə doğru addımlar atır. Türkiyənin İtaliya ilə də iqtisadi münasibətləri genişlənir. Həmçinin, Avropada Türkiyənin Böyük Britaniya kimi gizli müttəfiqi var. Yunanlar, sadəcə, Fransanı yanlarına ala bilərlər, ancaq bunun da effekti olmayacaq”.

Siyasi şərhçinin fikrincə, Ankara hökuməti Aralıq dənizi məsələsində dövlətlərlə ayrı-ayrılıqda razılığa gələ bilər: "Yunanlara qışqırıb-bağırmaq qalacaq. Afina görsə ki, Brüsseldən lazımi dəstək ala bilmir, tələblərindən geri duracaq. Ümumiyyətlə, Türkiyə dövləti güclənməyə davam etdikcə, nəinki dostlar, hətta düşmənlər də üzünü Ankaraya çevirəcək”.

Məhəmmədəli QƏRİBLİ