Ermənistan cəmiyyətində mənəvi aşınmanın son həddi – pedofiliya sürətlə yayılır...

17 May 2019 15:19 (UTC+04:00)

Ermənistanda cinsi cinayət qurbanları arasında uşaqların nisbəti olduqca yüksəkdir. Sözügedən məsələ ilə bağlı erməni mətbuatında 2016 və 2017-ci illərə aid sensasion nəticələr yayılıb.

Belə ki, məlumata görə, ölkədə 2016-cı ildə qeydə alınmış 160 belə cinayət əməlinin qurbanlarının 115-i uşaqlar olub. Cinayət anında 115 zərərçəkən 5-17 yaş aralarında olublar. 2017-ci ildə Ermənistanda baş vermiş 164 belə cinayətin isə 113-də qurbanlar uşaqlar olub.

Görünən odur ki, Ermənistan cəmiyyətində mənəvi deqradasiya get-gedə daha da dərinləşir.

Bir müddət əvvəl ölkə parlamentində qadın-transgender Lilit Martirosyan çıxış edib. Onun sözlərinə görə, inqilaba qədər parlamentdə transgenderin çıxış edə bilməsini təsəvvür etmək olmazdı. Qəribədir ki, onun məlum çıxışı ölkə parlamentində alqışlarla qarşılandı. Baxmayaraq ki, bu, ölkə ictimaiyyətində birmənalı qarşılanmayaraq, müəyyən müzakirələrə səbəb oldu. Ancaq bu müzakirələr elə də ictimai rəyə təsir etmədi. Sonra məlum oldu ki, transgenderi parlamentə Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputat Marina Karapetyan dəvət edib.

Bir sözlə, Ermənistanda cinsi cinayət qurbanları arasında uşaqların çoxluq təşkil etməsi, geylərin parlamentdə rahat çıxış etməsi və buna geniş şəraitin yaradılması Ermənistan cəmiyyətində mənəvi deqradasiyanın əyani göstəricisidir. Hansı ki, bu deqradasiya daha da dərinləşərək miqyası böyüməkdədir.

O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan cəmiyyətində mənəvi deqradasiyanın dərinləşməsi qarşısıalınmaz hal alıb: “Elə Paşinyanın özü bəyan etdi ki, Ermənstanın bir çox problemi uşaq bağcasından başlayır. Yəni uşaq bağcasında tərbiyə düzgün qurulmur, metodika düzgün deyil, problemlər vaxtında aradan qaldırılmır. Cinsi zəmində baş verən cinayətlərlə bağlı statistika göstərir ki, erməni cəmiyyətində mənəvi deqradasiya böyüyür. Eyni zamanda, pedofiliyaya maraq artır. Ölkədə demoqrafik problemlərin miqyası genişlənir. Başqa bir tərəfdən, Paşinyan deyir ki, o, klassik milli erməni ailəsinin tərəfdarıdır. Ancaq o tərəfdən də cinsi azlıqların fəallaşmasına şərait yaradır. Ölkədə cinsi azlıqların siyasi aktivliyinin artmasında maraqlıdır. Ona görə maraqlıdır ki, Paşinyan cinsi azlıqların siyasi aktivliyindən istifadə edərək öz rəqiblərini hədələyir, onlara cinayət işi açır. Parlamentdə cinsi azlığın çıxışına insan haqları komitəsinin rəhbəri Naira Zohrabyan öz narazılığını bildirmişdi. Paşinyan az qala onu həbs etdirmək istəyirdi. Sadəcə, Paşinyan AŞPA-ya səfərə hazırlaşdığı üçün bu məsələni dayandırdı. Ona bununla bağlı sual veriləndə utanmadan bütün bunları AŞPA-da dandı. Bütün bunları deməyimdə məqsəd odur ki, geylərlə bağlı məsələ artıq Paşinyanın siyasi marağındadır. Bundan öz rəqiblərinə qarşı bir alət kimi istifadə edir. Mənəvi deqradasiyanın dərinləşməsi onu narahat etmir”.

Vidadi ORDAHALLI