Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Azərbaycan Ermənistanı destabilizasiya mənbəyi kimi bütün dünyaya tanıda bildi…

Azərbaycan Ermənistanı destabilizasiya mənbəyi kimi bütün dünyaya tanıda bildi…

15 May 2019 19:27 (UTC+04:00)

Mövcud reallıq göstərir ki, bu gün işğalçı Ermənistan böyük güclərin məngənəsində sıxılmaqdadır. Buna əsas səbəb isə İrəvanın xarici siyasətdə yol verdiyi çoxsaylı səhvlər, həmçinin Azərbaycanın diplomatik gedişləri sayəsində Erəmnistanın hədəf halına gəlməsidir. Çünki Azərbaycan artıq Ermənistanı destabilizasiya mənbəyi kimi bütün dünyaya tanıda bilib.   

Digər tərəfdən, bölgədə Rusiya və ABŞ-ın Ermənistana münasibətlərində son bir ildə ciddi dəyişikliklər qeydə alınır. Ekspertlər isə vurğulayır ki, bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllinə də mütləq mənada öz təsirini göstərəcək. Çünki regionda tamam fərqli geosiyasi şərait formalaşır. İşğalçı Ermənistan təkcə Azərbaycan və onun müttəfiqi olan Türkiyənin yox, eyni zamanda Rusiya və ABŞ-ın da təzyiqlərinə məruz qalır. Erməni mediası bütün bunların ölkə üçün çox ciddi nəticələr doğuracağını yazaraq, İrəvanın bölgədə daha zəif bir ölkəyə çevriləcəyini diqqətə çatdırır. Baş verənlərlə bağlı “İravnuk” qəzeti qeyd edir: “Rusiya ilə münasibətlər xeyli kəskinləşib. Rəsmi səviyyədə etiraf edilməsə də, münasibətlərdə böhran hökm sürür. İrəvan tərəfindən hələ də edilən cəhdlərə rəğmən, Rusiya və Ermənistan qazın qiyməti məsələsində razılığa gələ bilməyib. Ermənistan iqtisadiyyatının digər sahələri də Rusiyanın nəzarətindədir. Ümumiyyətlə, Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanı yoxdur.  Düzdür, Qərb baş nazir Nikol  Paşinyana maliyyə və siyasi dəstək verəcəyini bildirərək, onun Rusiyanın orbitindən çıxması üçün vədlər verib. Kreml isə çalışır ki, Paşinyanın qərbpərəst siyasətinin qarşısını alsın. Bu fonda da  Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalır. Bu baxımdan İrəvanın Moskvaya qarşı demarşı ona baha başa gələ bilər. Yaddan çıxmamalıdır ki, Rusiya hələ Qarabağ kartından istifadə etməyib. Paşinyan Qərbə doğru meyllənməyə davam edərsə, onu və Ermənistanı Qarabağda yeni sürprizlər gözləyə bilər. Hələlik isə Rusiya yalnız təzyiqləri artırmaqla məşğuldur”.

Yaranmış vəziyyətdə İrəvanın Qərbə olan ümidləri də hansısa nəticə vermir. Xüsusən də Ermənistanın Rusiyaya yarınmaq cəhdləri, İranla işbirliyi ABŞ-da ciddi narazılıqla qarşılanır. Bunu Amerika Tədqiqatları Erməni Mərkəzinin direktoru Suren Sarkisyan da təsdiq edir. Onun sözlərinə görə, ABŞ ümid edirdi ki, Ermənistanda baş verənlər Ermənistan-ABŞ münasibətlərinə müsbət təsir göstərəcək: “Amma İrəvanın gedişləri üzündən iki ölkənin münasibətlərində açılan pəncərə artıq qapadılıb. ABŞ-la münasibətlərə təsir edən məqamlardan biri də Paşinyanın özünü ABŞ-ı ən çox tənqid edən lider adlandırmasıdır. ABŞ-ın prioritetləri sırasında artıq Ermənistan yoxdur. Amma Azərbaycanla bağlı fərqli vəziyyət hökm sürür. ABŞ-ın bu ölkə ilə əməkdaşlığını daha da dərinləşdirdiyini görürük”.

Karnegi fondunun əməkdaşı, amerikalı ekspert Pol Stronski də ABŞ-ın İrəvandan narazı qaldığını vurğulayır: “Paşinyan özü də ABŞ-dan narazı qaldığını bildirir. Amma şikayət edib ittiham etmək əvəzinə, Paşinyan nəhayət Ermənistan-ABŞ münasibətlərinin yaxşılaşdırılması istiqamətində iş aparmağa başlamalı idi. Bunu etmir və vəziyyəti daha da pisləşdirir. Xatırladım ki, bundan əvvəl Rusiyanın mətbuat orqanlarından birinə verdiyi müsahibəsində Paşinyan, guya ABŞ tərəfini ən çox tənqid edən Ermənistan rəhbəri olduğunu iddia edib. ABŞ ümumiyyətlə Ermənistan üçün müsbət tərəfdaş olub. ABŞ və Ermənistan müqaviləli müttəfiq deyillər, eyni iqtisadi zonada da yerləşmirlər. Lakin 1991-ci ildən başlayaraq Ermənistana yardım şəklində 1 milyard dollar verilib. Ermənistan birnəfəsə ABŞ-dan ən çox yardım alan ölkələrdən biridir. ABŞ bu yardımı edərkən, digər ölkələrdən fərqli olaraq, onu hər hansı siyasi, iqtisadi və ya təhlükəsizlik bloklarına qoşulmağa vadar etmir. Bu 1 milyard dollar amerikalı vergi ödəyicilərinin hesabına formalaşan və rəsmi kanallarla gələn yardımdır. Amerikadakı fond və xeyriyyə təşkilatları da Ermənistana yardımlar edir. Birləşmiş Ştatlarda Paşinyanın tənqidlərini eşidirlər. Bu addım, onun özü kimi, insanların da Ermənistanı dəstəkləməsi məsələsini mürəkkəbləşdirir”.
Ermənistanla münasibətlərdə hansı problemlərin olmasına və ikitərəfli münasibətlərin inkişafı üçün hansı tədbirlərin görülməsinə zərurət olduğuna gəldikdə isə, Stronski qeyd edib ki, Ermənistan-ABŞ münasibətlərində zidiyyət var: “Bir çox dövlətlərin ziddiyyətləri var, Ermənistan baxımından Tramp administrasiyasının İranla bağlı kəskin yanaşması narahatlıq mövzusu ola bilər. Bunun İranla yaxşı münasibətlər saxlamağa məcbur olan Ermənistan üçün çətinliklər yaratdığı anlaşılandır. ABŞ baxımından isə, ermənilərdən ibarət hərbi heyətin Suriyada yerləşdirilməsi narahatlığa əsas verən səbəblərdən biridir. ABŞ və Rusiya Suriyada qarşıdurma həddinə çatıb. Buna görə də, ABŞ-da hazırlıq keçən minalardan təmizləmə üzrə mütəxəssislərin Rusiyaya dəstək məqsədilə Suriyada yerləşdirilməsi Vaşinqtonda narahatlığa səbəb olub”.
Paşinyanın indiki mövqeyinin ikitərəfli münasibətlərə necə təsir edəcəyinə və ya Birləşmiş Ştatlarda necə qarşılanacağına gəldikdə isə, o qeyd edib ki, bu addım Ermənistan-ABŞ münasibətləri üçün faydalı deyil: “Paşinyan, nəhayət, Ermənistan-ABŞ münasibətlərinin yaxşılaşdırılması istiqamətində iş aparmağa başlamalıdır. İran istiqamətində Tramp administrasiyasının fövqəladə şəkildə cəmləşməsini İrəvan nəzərə almalıdır”. Maraqlıdır ki, britaniyalı analitik Neyl Makfarleyn də Ermənistanın Qərbin gözündən düşdüyünü xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, İrəvan təkcə ABŞ-da yox, Avropa İttifaqında da məyusluq yaradıb: “Avropa İttifaqı və ABŞ Ermənistanın ən ciddi maliyyə tərəfdaşı olsa da, Ermənistan hərbi, siyasi və iqtisadi birlikləri Rusiya ilə təşkil edir. Buna görə də gözləntilər tarazlaşdırılmış və siyasi baxışlara müvafiq olmalıdır”. Neyl Makfarleyn qeyd edib ki, istənilən münasibət hər iki tərəfin gözləntiləri və siyasi məqsədləri zərurəti üzərində qurulur və siyasi qərar olmadan hər hansı vəziyyət münasibətlərə təsir edə bilməz. Onun sözlərinə görə, Qərb sadəcə demokratik islahatların həyata keçirilməsinə, Qərb dəyərlərinin tətbiq edilməsi proseslərinə və bu layihələr hazır olduqda yardım edir: “Ermənistanın yeni statusu daxili dəyişikliklərlə təsdiqlənməli və möhkəmlənməlidir. Qərb Ermənistana təqdim etdiyi layihələri yenidən nəzərdən keçirməlidir. Eyni hal ABŞ-la ikitərəfli münasibətlərdə də özünü büruzə verməlidir. Həmçinin nəzərə alınmaldır ki, Avropa İttifaqı və ABŞ Ermənistanın ən ciddi maliyyə tərəfdaşı olsa da, Ermənistan hərbi, siyasi və iqtisadi birlikləri Rusiya ilə təşkil edir. Buna görə də gözləntilər tarazlaşdırılmış və siyasi baxışlara müvafiq olmalıdır. ABŞ-la yeni ikitərəfli münasibətlərin strateji dialoq şəklində qurulması yaxşı haldır. Bu münasibətlərin hər hansı şəkildə pozulmasına Rusiya Federasiyası ilə ABŞ-ın qarşıdurması da səbəb olur. Lakin bəzi hallarda tərəflərdən birinin tutduğu mövqe, o cümlədən Ermənistanın Rusiyaya dəstək olmaqla Suriyaya hərbi yardım göndərməsi faktdır. Bir sözlə, ikitərəfli münasibətlərdə mövcud çətinlikləri nəzərə almaqla münasibətlərin yaradılmasına səy göstərilməlidir. Amma erməni ətrəfində biz bunu müşahidə etmirik və belə olduqda Qərb İrəvandan üz döndərir”.

İndi tədricən həm Rusiyanın, həm də Qərbin dəsətəyindən məhrum olan Ermənistanın regionda mövqelərinin daha zəif hala gəlməsi qaçılmaz sayılır. Məhz bu da Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcək faktorlardan sayılır. Çünki Ermənistanın bu münaqişənin həllini indiyə qədər uzatması yalnız xaricdən aldığı dəstək sayəsində mümkün olub. Amma artıq bu dəstək tədricən aradan qalxır və belə şəraitdə Azərbaycan üçün Qarabağ münaqişəsinin həlli daha asan hala gəlir.

Digər tərəfdən yayılan məlumata görə, tezliklə ABŞ-da Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşü təşkil olunacaq. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da faktı təsdiq edib: “Növbəti mərhələnin baş tutması üçün müəyyən dəqiqləşdirmələri gözləyirik. Bu görüşün baş tutması üçün görüşü təşkil edən tərəf vaxtı və yeri dəqiqləşdirib razılaşdırmalıdır. Prinsip etibarilə heç bir problem yoxdur. Görüşün məhz Vaşinqtonda baş tutması gözlənir. Təşkilatçıdan qabaq bu barədə fikir bildirməyi uyğun görmürəm. Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüm. Bu cür tədbirlərdə görüşmələr normal əlamətdir. Hər bir görüşdə hər hansı məqamların, məsələlərin müzakirə edilməsi mütləq deyil”. Amma hesab edilir ki, görüşü təşkil edən ABŞ-ın  Ermənistanla münasibətlərinin pisləşməsi Azərbaycanın lehinə işləyən amildir. Çünki bu şəraitdə ABŞ-ın Azərbaycana daha çox dəstək verməsi gözlənir.

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, yaranmış vəziyyətdə danışıqlar nəticə verməsə, ABŞ və Rusiya kimi ölkələr Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün hərbi əmliyyatlara başlmasına hansısa maneə yaratmayacaq. Erməni politoloq Qrant Məlik-Şahnazaryan da belə vəziyyətdən Azərbaycanın istifadə edə biləcəyindən narahatlıq ifadə edib: “Azərbaycan Qarabağ məsələsini hərb yolu ilə həll edəcəyini gizlətmir. Bunun qarşısını alacaq qüvvə də yoxdur. Belə durumda bizdə hərbi qulluqçular mövqelərin bir çoxunun təminatının həyata keçirilməsinin təhlükə altına düşə biləcəyindən, bəzi mövqeləri isə ümumiyyətlə itirə biləcəklərindən narahat olduqlarını bildirir”.

Bir neçə gün öncə Qarabağda olduğunu qeyd edən Şahnazaryan bir sıra hərbçilərlə görüşüb. Söhbət etdiyi hərbçilərin hamısı Azərbaycan ordusunun erməni mövqelərinə yaxın ərazilərdə mühəndis inşaat və bərkitmə işləri aparmasından narahat olduğunu vurğulayıb: “Bir daha təkrar edirəm ki, hərbi qulluqçular mövqelərin bir çoxunun təminatının həyata keçirilməsinin təhlükə altına düşə biləcəyini, bəzi mövqeləri isə ümumiyyətlə itirə biləcəklərindən narahat olduqlarını bildirdilər. Bu barədə şəkilləri də gördüm. Bunu Paşinyanın Əliyevlə görüşünün nəticəsi hesab edirəm. Budur, Ermənistanda zirehli döyüş texnikasını məhv edirik. Mən bundan çox narahatam”. Beləliklə, yaranmış vəziyyət Qarabağ məsələsində yaxın tezlikdə müəyyən yeniliklərin olacağını istsina etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.