1, 2 və 3-cü kateqoriya əlillik modeli beynəlxalq təcrübəyə uyğun deyilsə - Azərbaycan alternativ model axtarışında…

15 May 2019 18:03 (UTC+04:00)

Ölkəmizdə ən ciddi problemlərdən biri sağlamlığını itirmiş əlil vətəndaşlarımızın üzləşdiyi çətinliklərdir. Problemin önəmli tərəfi isə əlillik dərəcəsi almaq istəyən insanlarla bağlıdır. Son illər Azərbaycanda əlillik dərəcələrinin təyin olunması məsələsi üzrə müvafiq islahatlar aparılsa da, mövcud sahədə xeyli neqativ hal müşahidə edilməkdədir. Bu sahədə yaşanan problemləri həll etmək üçün əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlar hazırlanacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media nümayəndələrinə açıqlamasında deyib ki, mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir. Nazir bildirib ki, yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir, bunun əsasında isə xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq. Bu kriteriyalar Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri tərəfindən hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə ekspertiza edilib.

Qeyd edək ki, yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək.

Maraqlıdır, I, II və III qruplar üzrə əlillik dərəcəsi hansı meyar əsasında hazırlanmışdı ki, beynəlxalq dərəcəyə uyğun deyil? Hazırlanacaq yeni meyarlar hansı mexanizm əsasında hazırlanacaq?

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əvvəllər əlilliyi olan insanlar əlillik dərəcəsi almaq üçün müəyyən prosedurlardan keçməli idilər. Əlillik meyarının təyin olunması üçün sənədlər Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunmalı idi. Son zamanlar isə bu proses elektronlaşdı.

Həmsöhbətimizin sözlərinə görə, xəstəliyin dərəcəsinə görə əlilliyin meyarı təyin olunur. Ancaq beynəlxalq təsnifatda isə əlillik meyarının təyin olunması tək xəstəliyə görə deyil, eyni zamanda, onların hərəkət qabiliyyətinin hansı səviyyədə məhdud olması ilə ölçülür. Şəxsin hansı faiz dərəcəsində əmək qabiliyyətini itirməsi təyin olunandan sonra ona əlillik meyarı təyin edilir. Əlillik meyarı sağlamlığını itirmiş şəxsin tək xəstəliyinə görə deyil, funksional bacarıqlarının itirilməsinə görə təyin olunacaq.

Günel CƏLİLOVA