Məktəblər mobil telefonlarda əxlaqsız videoların yayılmasına qarşı şagirdlər arasında maraqlı işə başlayıb - prosesə bəzən valideynlər də cəlb olunur

15 May 2019 16:09 (UTC+04:00)

Uşaqdan tutmuş böyüyə qədər hər kəs mobil telefonlardan istifadə edir. Gizlin deyil ki, bizim cəmiyyətdə insanlarda mobil telefon asılılığı yaranıb. Kimin telefonu daha bahalıdır, kimin telefonunun funksiyaları daha genişdir, kimin sosial şəbəkələrdə daha çox əlaqələri var kimi xoşagəlməz tendensiyalar yayılmağa başlayıb.

Mobil telefon insanların həyatına daxil olduqdan sonra onların baxışlarında, davranışlarında bir sıra dəyişikliklər baş verməyə başladı. Təəssüf ki, bu da əsasən özünü mənfi tərəfdən göstərdi. Xüsusən də uşaq və yeniyetmələrin davranışlarına, baxışlarına mobil telefonlar mənfi təsir göstərdi. Biz bu gün həmin mənfi təsirlərin nəticələrini izləmək məcburiyyətində qalmışıq.  

Hazırda məktəblilərin də mobil telefondan istifadə etməsi adi hala çevrilib. Onlar nəinki məktəbdən kənarda, hətta məktəbdə də telefondan istifadə edirlər. Bəzi şagirdlər dərslərin gedişi zamanı da telefondan istifadə edir, bir-birilə yazışır, sosial şəbəkələrə daxil olurlar. Məktəblilərin sosial şəbəkələrdən, xüsusən də “İnstagram” və “Facebook”dan, eləcə də “WatsApp”dan istifadə etməsi adi hala çevrilib. Yuxarı siniflərdə oxuyan şagirdlərin bir çoxu sosial şəbəkələrə daxil olur, orada müxtəlif yazışmalar həyata keçirir. Bu azmış kimi, hətta bəzi məktəblilərin telefonlarında intim video və şəkillərə də rast gəlinir. Bəzi şagirdlər internetdən yükələdikləri intim videoları sosial şəbəkələr vasitəsilə bir-birinə ötürürlər. Bu yazışmalar, proseslərin müəllimin dərsdə məşğul olduğu vaxt, məsələn, lövhədə fizika, kimyaya aid düsturları şagirdlərə izah edərkən baş verdiyi bildirilir. Məktəblər şagirdlərin mobil telefon daşımasına qarşı müxtəlif tədbirlər keçirsə də, bu elə də effekt vermir. Çünki bu məsələdə məktəb və valideyn birliyi olmalıdır. Artıq bu kimi halların qarşısının alınması üçün Bakı məktəblərində valideynlərin iştirakı ilə açıq söhbətlər təşkil edilir. Məktəb direktorları valideynlərlə əməkdaşlığın vacib olduğunu bildirir və hesab edirlər ki, şagirdlərin məktəbdə və məktəbdənkənar geniş şəkildə mobil telefonlardan, eyni zamanda, müxtəlif sosial şəbəkələrdən istifadə etməsinin qarşısını yalnız məktəb və valideyn həmrəyliyi ala bilər. Məktəb rəhbərləri görüşlərdə valideynlərə tövsiyə edirlər ki, onlar övladlarının sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoymalıdırlar. Çünki mobil telefondan istifadə edən yeniyetmələrin xeyli qismi burada müxtəlif saytlara daxil olur və bu saytlardan pornoqrafiya nümunələri yükləyirlər və həmin videoları, fotoları bir-birinə ötürürlər. Məlumatlara görə, hətta bəzi qızların da telefonlarında o cür fotolar və videolar aşkarlanıb.

 “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli bildirdi ki, yuxarı sinif şagirdlərinin davranışlarında mənfi dəyişikliklərin səbəbi onların məhdudiyyətsiz internet resurslarından istifadə etməsidir.  F.Hacıbəyli hesab edir ki, məktəb hər hansı bir şagirdə kiçik bir irad bildirdikdə valideynlər dərhal məktəbə qarşı hücuma keçirlər. Təlim-tərbiyə işinin təhsilin inkişafında mühüm rol oynadığını deyən F.Hacıbəylinin sözlərinə görə, şagirdlərin tərbiyəsinin, əxlaqi dünyagörüşünün formalaşmasında məktəb və valideyn paralel işləməlidir. “Bu gün şagirdlərin bütün funksiyalarla təchiz edilmiş bahalı mobil telefonlar gəzdirməsi düzgün deyil. Onlar valideynlərin onlara yaratdıqları şəraitdən sui-istifadə edirlər. Bilirəm, hamımız uşaqlarımızdan nigaran qalırıq, ona görə də onlara telefon gəzdirməyə icazə veririk. Ancaq gərək şagirdlərə sadə telefonlar verilsin ki, onlar bu kimi hallara yol verməsinlər. Çox təəssüf ki, bu gün sosial şəbəkə istifadəçiləri sırasında məktəblilər də çoxdur. Onların “Facebook”, “İnstagram” səhifələri var, orada aktiv paylaşımlar edirlər. Məktəb şagirdlərinin bir çoxu mobil telefonda yaşlarına uyğun olmayan videolara, fotolara baxır, bu azmış kimi, onu başqa şagirdlərə də göstərir. Bilirsiniz, bu kimi neqativ hallarla məktəb təkbaşına mübarizə apara bilməz, bu işə cəmiyyət də, valdeynlər də qoşulmalıdır. Bəzi valideynlər uşaqlarının bu hərəkətlərinə göz yumurlar, onlara elə gəlir ki, uşaqları düzgün yoldadır. Məktəblərin yuxarı sinif şagirdlərinin davranışlarını izlədikdə hədsiz dərəcədə mənfi çalarlar özünü göstərir. Bu gün nəinki məktəbə mobil telefon gətirən şagirdlər var, hətta makiyajla gələn qızlar da yox deyil. Məktəb direktorları, sinif rəhbərləri bu məsələləri şagirdlərə irad tutanda onlar dərhal şantaja əl atırlar. Bu kimi halların olması təəssüf doğurur. Məktəblərdə valideynlərin iştirakı ilə xüsusi iclasların keçirilməsi və valideynlərin maarifləndirilməsi olduqca düzgün addımdır. Ola bilsin, valideyn övladının nə ilə məşğul olduğunu bilmir. Ancaq onlar məktəbdə baş verdiyindən, müəllimlər bunu yaxından müşahidə edirlər. Bir də bizim valideynlərdə belə bir xarakter var, məktəbdən onların övladları ilə bağlı hər hansı bir irad bildiriləndə, “mənim uşağım, qızım, oğlum bu hərəkəti edə bilməz” -deyirlər. Araşdıranda görürsən ki, elə o neqativ işləri bu valideynlərin uşaqları edirlər. Məktəblər tərəfindən şagirdlərin mobil telefondan, onun vasitəsilə sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulması və buna valideynlərin də dəstək verməsi çox doğru addımdır. Bütün valideynlər bu məsələdə məktəblə həmrəy olmalıdır” - deyə F.Hacıbəyli qeyd etdi.

İradə SARIYEVA