Şou müğənnilərinin özlərinə saxta fanatlar ordusu yaratmaq taktikası...

15 May 2019 15:53 (UTC+04:00)

“Şou-biznes müğənniləri belə saxta fanatların hərəkətləri ilə özlərini xeyli dərəcədə reklam edə bilirlər”

 

Sənəti, gözəl ifa tərzi, səhnə mədəniyyəti, ifa etdiyi mahnıların səviyyəsi yüksək olan müğənniləri heç bir vaxt tamaşaçı toplamaq fikri məşğul etmir. Onlar yaxşı bilirlər ki, ifa etdikləri mahnılar, əsərlər öz estetik tutumu ilə onsuz da tamaşaçıların ürəyinə yol tapa bilir və belə sənətçilərin tamaşaçı, dinləyici auditoriyası təbii şəkildə yaranır. 

Lakin sənəti olmayan, ifası yarıtmaz olan şou-biznesçilər var ki, yeri gəldi-gəlmədi, “mənim fanatlarım mənim üçün ölürlər, onların məndən ötrü ürəkləri gedir” və s. fikirlər bildirirlər. Bu gün şou-biznesdə elə müğənnilər var ki, onların nəinki böyük fanat ordusu, heç bir-iki dinləyicisi yoxdur. Belə demək mümkünsə, heç onların ifasına ailə üzvləri belə qulaq asmırlar. Müasir texnoloji vasitələrdən istifadə edərək özlərinə saxta səs düzəltdirən bəzi şou-biznesçilər səslərini fonoqrama yazıb müxtəlif vasitələrlə dövriyyəyə buraxırlar.

Hazırda şou-biznesdə bir neçə “müğənniyəm” deyənlər var ki, onlar özlərinin olmayan fanat ordusundan tez-tez bəhs edirlər. Bəzi şou-biznesçilər rayonlardan birinə istirahətə gedirsə belə, bunu efirlərdə, internet vasitələrində qastrol səfəri kimi qələmə verir və bildirirlər ki, onları orada böyük bir fanat ordusu qarşıladı. Onu da vurğulayaq ki, bəzi şou-biznesçilər rayonlara konsertlərə xüsusi hazırlıq görür, bu o demək deyil ki, onlar öz repertuarları üzərində işləyir, yeni mahnılar hazırlayır, xeyr, xüsusi adamlar vasitəsilə bölgələrdə pul gücünə özlərinə muzdlu fanatlar tuturlar. Bu “fanatlar”ın işi ondan ibarətdir ki, müğənni oxuyarkən onlar özlərini səhnəyə atırlar, müğənniyə toxunmağa cəhd edirlər, ona yalvarırlar, hətta “ağlayırlar” da. Səhnəyə gətirilən dəstə-dəstə güllər, çiçək çələngləri də müğənnilərin özləri tərəfindən əvvəlcədən alınaraq həmin insanlara paylanır. Guya ki, filan şou-biznesçinin konsertinə böyük fanat ordusu gəlib və onlar ona gül-çiçək alıblar. Şou müğənnilərinin saxta fanat ordusuna meyl göstərməsinin, əslində, səbəbi çoxdur. Birincisi odur ki, bu şəxslər özlərini tanıtmaq istəyirlər. Bunun üçün də saxta fanatlar toplamağa başlayırlar. Hətta bəzi şou-biznesçilər var ki, özlərini Aygün Kazımova, Faiq Ağayev, Röya və digər tanınmış şou-biznesçilərlə müqayisə edərək deyirlər ki, fanatlarının sayı onların fanatlarının sayından çoxdur. Obyektivlik naminə deyək ki, adlarını çəkdiyimiz müğənnilərin heç birinin fanatı saxta deyil və gerçəkdən də onların ifalarını sevən, bəyənən insanlar az deyil. Dünən meydana çıxan və heç bir səsi, sənəti olmayanların isə ətrafında görüntülənənlər saxta fanatlardır.

Ekspertlər bildirirlər ki, ümumiyyətlə, nəinki indi, hətta keçmiş dövrlərdə də Azərbaycanda bəzi müğənnilər saxta fanat ordusuna sahib olublar.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, son illər şou-biznesdə müxtəlif yeni texnologiyalar tətbiq olunur, onlardan biri də piar texnologiyasıdır. Onun sözlərinə görə, hər hansı bir müğənni bölgələrdə, şəhərlərdə, konsert məkanlarında konsertlər təşkil etməmişdən əvvəl müxtəlif piar texnologiyalarından istifadə edərək, özünün şəxsiyyətinə, sənətinə maraq oyatmağa çalışır. Bu, dünyanın bir sıra ölkələrində də belədir. Qanunazidd deyilsə, istənilən şəxs belə metodlardan istifadə edə bilər, o cümlədən, şou-biznesçilər. Azərbaycan şou-biznesində bir sıra müğənnilər var ki, onlar ya ağ, ya da qara piardan istifadə etməklə, qalmaqal texnologiyasının müxtəlif üsullarından yararlanmaqla özlərini reklam edirlər. Onlar bölgələrdə özlərini o şəkildə reklam edirlər ki, auditoriya cəlb etsinlər. Bu, şou-biznesdir və onun özünün yazılmış və yazılmamış qanunları var. Dünyanın müxtəlif ölkələrinin şou-biznesçilərinin yaradıcılığına baxdıqda görürsən ki, onlar da qalmaqallardan, konsert zamanı saxta fanatlardan istifadə edirlər. Bizim şou-biznesçilər konsertdən əvvəl qalmaqallı açıqlamalar verir, mətbuat konfransı keçirir və bölgələrdə özləri üçün saxta fanatlar ordusu formalaşdırırlar ki, guya fanatları bunları çox sevirlər, ona görə də onların konsertlərinə gələnlər çoxdur. Əslində, bu konsert proqramı teatrlaşdırılmış olur”.

A.X.Əbilov hesab edir ki, Azərbaycan şou-biznesçiləri mətbuatdan istifadə edərək özlərinin qalmaqal texnologiyasını işə salır və bunu özlərinin reklamı üçün edirlər. Onların bu reklamları da onları tanıdır və bu da onlara imkan verir ki, bölgələrdə özlərinə saxta fanat ordusu yaratsınlar. “Yadıma gəlir ki, Damla Lənkəranda konsert verən zaman guya onun azarkeşləri olduğu deyilənlər özlərini soyuq su ilə dolu hovuza atdılar və bunu onun fanatı olduqları üçün etdiklərini dedilər. Bütün media bu barədə yazdı. Şou-biznes müğənniləri belə saxta fanatların hərəkətləri ilə özlərini xeyli dərəcədə reklam edə bilirlər. Bu kimi hallar yalnız bizdə deyil, xaricdə də var. Bu da onların tamaşaçılarda özlərinə maraq yaratmaq istəyilə bağlıdır. Ancaq istərdim ki, müğənnilər belə ucuz yollara əl atmaq əvəzinə, daha intellektual yol seçsinlər. Buna misal olaraq Faiq Ağayevin, Röyanın seçdikləri reklam formatlarını göstərmək olar. Onlar daha intellektual qalmaqal-piar texnologiyasından yararlanırlar” - deyə A.X.Əbilov qeyd etdi. 

İradə SARIYEVA