Körfəzdə daha bir müəmmalı hadisə... BƏƏ-də tankerlərə hücumdan sonra, Səudiyyədə neft kəməri bombalandı...

15 May 2019 00:05 (UTC+04:00)

Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə anbarlardan neft daşıyan kəmərin üzərindəki iki nasos stansiyasına hücum olub.

Baki-xeber.com xəbər veri ki, bu barədə Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid bin-Əl-Falih rəsmi xəbər agentliyi SPA-ya açıqlama verib.

Onun sözlərinə görə hadisə səhər radələrində törədilib. Bildirib ki, ölkənin şərq ərazilərində yerləşən anbarlardan qərb sahilindəki limana neft daşıyan kəmər üzərindəki iki stansiya dronlarla bombalanıb. Nəticədə bir stansiyada yanğın başlayıb. Nazir deyib ki, hadisədən sonra milli neft şirkəti “Aramco” kəmər vasitəsilə neft nəqlini dayandırıb.

Falih vurğulayıb ki, Körfəz ölkələrində son zamanlarda həyata keçirilən belə hücumlar ilə yalnız Səudiyyə Ərəbistanı yox, eyni vaxtda dünya iqtisadiyyatı və dünya neft ixracını da hədəfə alıb.

Nazir, bu hadisənin, Yəməndə İran dəstəkli Husilər də daxil olmaqla, bu cür hücumlar təşkil edən bütün terror qruplaşmalara qarşı mübarizənin əhəmiyyətini bariz şəkildə göz önünə gətirdiyini deyib.

Qeyd edək ki, səudiyyəli nazir bir neçə gün əvvə Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) sahil suları yaxınlığında ikisi Səudiyyə Ərəbistanına məxsus dörd neft tankerinə hücum təşkil edildiyini bildirmişdi.