İş başında yaxalandı – Sumqayıtda... - FOTO

14 May 2019 12:42 (UTC+04:00)

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə Sumqayıtçay ərazisinin yaxınlığında, çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitki əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həqiqətən qeyd edilən ərazidə aqrotexniki qaydada qulluq edilən çətənə kollarının əkildiyi öz təsdiqini tapıb. Artıq sonrakı tədbirlər cinayət yoluna qədəm qoyan həmin şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində davam etdirilib. Həmin ərazi nəzarətə götürülüb, narkotərkibli bitkiləri əkərək mütəmadi olaraq ona qulluq göstərənin yaxalanması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat tədbirləri görülüb.

Mayın 13-də ehtimal edilən bir şəxsin günorta vaxtı çətənə kollarına qulluq etməyə, onları sulamağa başı necə qarışıbsa, polis əməkdaşlarının onu elə cinayət başında yaxalanmasının belə fərqində olmayıb, təəccüb və çaşqınlıq içərisində gözdən-könüldən uzaq bir yerdə guya əkdiyi güllərə su verdiyini iddia edib. Çaya yaxın ərazidə çətənə kollarını əkərək onlara həvəslə qulluq göstərən, elə iş başındaca yaxalanaraq 2-ci Polis Bölməsinə gətirilən bu şəxsin Sumqayıt şəhər sakini Z.Cəfərov olduğu müəyyənləşdirilib. İlkin araşdırma zamanı saxlanan şəxs çətənə kollarını özünün narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə əkdiyini bildirib. Z.Cəfərov maddi sübut kimi götürülmüş 8 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, istintaq gedir.