Britaniyanın Bakıdakı səfirinin futbol bəyanatı tam yeni vəziyyət yaratdı...

14 May 2019 18:02 (UTC+04:00)

“Arsenal” və “Çelsi” komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edirəm”. Məlum olduğu kimi, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib.

O bildirib ki, hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də, bir-birlərinə qarşı oynamayıblar: “Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcəklər və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm. Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram”.

Səfir onu da bildirib ki, bu həftə Böyük Britaniya polisindən, o cümlədən, “Arsenal” və “Çelsi” komandalarından olan nümayəndələr Bakıya gələcəklər: “Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzulayıram”.

Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin mayın 29-da Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq etməsi birmənalı qarşılanmadı. Bir sıra müşahidəçilər, ictimaiyyət nümayəndələri iki ölkə arasında sıx iqtisadi əlaqələrin olması fonunda, Böyük Britaniyanın bu yanaşmaya düzəliş edəcəyi fikrində idi. Çünki məlum fikirlərin heç bir əsası yox idi. Bütün bu deyilənlərin fonunda, Böyük Britaniyanın Azərbaycandakı səfirinin açıqlamasını ekspertlər necə şərh edirlər?

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroftsun məlum açıqlaması müsbət dəyərləndirilməlidir: “Mənə elə gəlir ki, bununla, bir növ, İngiltərə öz səhvini düzəltdi. Çünki Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlum tövsiyəsi maksimalist yanaşma idi və reallıqla uzlaşmırdı. Etiraf etmək lazımdır ki, Azərbaycanda bu kimi beynəlxalq tətbirlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. İndiyə qədər sözügedən məsələ ilə bağlı hər hansı problem yaşanmayıb. Belə olan halda, hansısa iradlarla, tövsiyələrlə çıxış etmək məntiqli deyildi. Özü də bunu o ölkə edir ki, Azərbaycanın neft sektorunda böyük layihələrə sahibdir. Ölkənin enerji sektorunda uğurla fəaliyyət göstərir. Belə yanaşma ədalətli sayıla bıilməzdi. Fikrimcə, Britaniya səfiri bu açıqlaması ilə incə diplomatik gediş edərək sözügedən məsələdə ədalətsiz yanaşmaya düzəliş etdi. O baxımdan, səfirin açıqlamasını müsbət dəyərləndirirəm”.

Vidadi ORDAHALLI