Azyaşlı azərbaycanlıların oğurlanaraq zorlanması xəbərlərini tirajlayanlar erməni təbliğatçılarına fakt verir

14 May 2019 17:28 (UTC+04:00)

“Biz Ermənistana fürsət verməməliyik ki, onlar bizim qara obrazımızı cızmaq üçün mediamızdan, jurnalistlərimizdən istifadə etsinlər”

 

Cəmiyyətdə elə hadisələr baş verir ki, həmin olayları sensasiya xatirinə tirajlamaq heç də bizə başucalığı gətirmir. Bəzi saytlar ucuz yolla oxucu, tamaşaçı kütləsi cəlb etmək üçün belə məlumatları sensasion başlıqlarla tirajlayırlar. Bu da, heç şübhəsiz, mediamızı addım-addım izləyən Ermənistan tərəfindən dərhal qeydə alınır və ermənilər tərəfindən Azərbaycan əleyhinə çevrilir.

Bu günlərdə bəzi saytlar Bakıətrafı qəsəbələrdən birində 14 yaşlı qızın qaçırılaraq zorlanması barədə məlumat yayıblar. Bu hadisənin hansı şəraitdə baş verdiyi, həqiqətən də olub-olmadığı hələ məlum deyil. Əlbəttə, belə bir hadisə baş veribsə, ona hüquq müstəvisində qiymət veriləcək, günahkar cəzalandırılacaq.

Amma məsələ burasındadır ki, bizim bəzi saytlarda sözügedən hadisənin baş verdiyi iddia edilir. Onu da qeyd edək ki, Azərbaycanda tarixən qızqaçırma ənənəsi olub və bizim cəmiyyətdə bu kimi hallar artıq ənənə kimi qəbul edilib. Doğrudur, qanunvericilikdə bu kimi hallar konkret cinayət əməli kimi göstərilir. Bizdə qanunlarla ənənələr arasında fərqlərin olduğu məlumdur. Bəlkə də 14 yaşlı qız zorla qaçırılmayıb, bu hadisə sevgi, qarşılıqlı razılaşma əsasında həyata keçirilib.

Belə bir hadisənin saytlarda tirajlanması ermənilərin əlinə yeni fürsət verib. Bu gün artıq bütün erməni mediasında rus dilində Azərbaycanda 14 yaşlı qızın qaçırılaraq zorlanması barədə məlumatlar tirajlanır. Özü də konkret olaraq bu məlumatın tirajlandığı saytların adlarına istinad edirlər.

Əməkdar jurnalist, tanınmış media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, mediamız tirajladığı hər bir xəbərə həssas yanaşmalıdır. O hesab edir ki, mətbuat xüsəsən azyaşlılarla bağlı xoşagəlməz məlumatları yaymaqda maraqlı olmamalıdır. “Burada söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, bu barədə məlumat yayarkən təfərrüata varmaq doğru deyil. Çünki uşaqlarla bağlı informasiyalar yayarkən diqqətli olmaq lazımdır. Bu baxımdan, mən belə informasiyaların tirajlanmağının tərəfdarı deyiləm. Ümumiyyətlə, bu kimi hallarla bağlı mətbuatda hər hansı bir məlumatın yayılması, tirajlanması düzgün deyil. Bu şəxsi qənaətimdir. Əlbəttə, ortada hər hansı bir cinayət əməli varsa, yaxud qanun pozuntusuna yol verilibsə, bu barədə məlumat vermək olar. Ancaq biz bir sıra hallarda uşaqlarla bağlı məlumatların çox çılpaq şəkildə tirajlanmasının şahidi oluruq. Bəzi saytlarda uşağın adına, atasının adına, soyadına, ev ünvanına qədər məlumatlar yayılır. Halbuki, uşaqlarla bağlı informasiyalarda onların adlarının çəkilməsi yanlışdır və bu, qanunla yasaqdır. Buna əməl etməyən həmkarlarımız çoxdur. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, biz istəyiriksə cəmiyyətimizdə bənzər hadisələr təkrarlanmasın, bu informasiyaları yaymaqdan mediamız çəkinməlidir. Çünki pis örnəklər yolxucu olur. Hansısa bir yerli sayt, media orqanının 14 yaşlı qızla bağlı informasiya yayması doğru deyil. Ümumiyyətlə, buna yol vermək olmaz. Biz bu kimi məsələlərdə diqqətli olmalıyıq”.

A.Həsrətin sözlərinə görə, bəzi saytlarda uşaqlarla bağlı zorlanma, oğurlanma, qızqaçırma kimi xəbərlərin yer alması erməni mətbuatında da öz əksini tapır. O hesab edir ki, Ermənistanın bizi ciddi şəkildə izlədiyi və hər an bizə şər-böhtan atdığı bir dövrdə saytlar bu kimi xəbərləri yaymaqla onların əlinə bizi vurmaq üçün bu cür “silah” verməməlidirlər. “Ermənilərin bizi addımbaaddım izlədiyini nəzərə alaraq deyərdim ki, bu kimi informasiyaların tirajlanması erməni dəyirmanına su tökməyə xidmət edir. Biz Ermənistana fürsət verməməliyik ki, onlar bizim qara obrazımızı cızmaq üçün mediamızdan, jurnalistlərimizdən istifadə etsinlər. Təəssüflə qeyd etmək istəyirəm ki, bəzən bəzi saytlar buna şərait yaradırlar. Yayacağımız informasiyalar ermənilərin maraqlarına uyğun gəlirsə, əlbəttə, o cür informasiyaları yaymaqdan vaz keçməliyik. Amma burada informasiya azadlığı var və medianın informasiya yaymaq haqqı mövcuddur, onların xəbər yaymaq imkanlarını zorla məhdudlaşdırmaq olmaz. Sadəcə olaraq, uşaqlarla bağlı həssas informasiyaların tirajlanmasına çəki-düzən vermək lazımdır. Yəni qızqaçırma, zorlama hadisəsi baş veribsə və s. bununla bağlı informasiyanı bəlli bir məhdudiyyət çərçivəsində vermək lazımdır ki, ermənilər istəsələr belə ondan faydalanıb əleyhimizə istifadə edə bilməsinlər. Bu artıq peşəkarlıq və sensasiya ardınca qaçmamaq məsələsidir. Təəssüf ki, o cür informasiyaları yayanların çoxu sensasiya dalınca qaçır ki, bu xəbəri yaysam daha çox oxucu, dinləyici, tamaşaçı toplaya biləcəyəm. Düşünürəm ki, bu məsələyə ciddi şəkildə çəki-düzən vermək lazımdır. Uşaqlarla bağlı informasiya yayarkən onların adını, soyadını, ünvanını və s. göstərən saytlara, media orqanlarına ciddi məhdudiyyətlər tətbiq olunmalıdır” - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA