Azərbaycanda nikaha məcburetmə halları necə yaranır…

14 May 2019 16:20 (UTC+04:00)

Hər bir ailə kiçik dövlətə bənzəyir. Onun da öz adət-ənənəsi, yaşam tərzi, mühiti var. Bu kiçik dövlət ictimai həyatın mədəni və mənəvi səviyyəsinin yüksəlməsinə, inkişafına böyük təsir  göstərir. Eyni zamanda, ailə insanların  sosiallaşmasını təmin edən başlıca mənbə və ən önəmli qaynaq sayılır. İnsani dəyərlərin, mədəniyyətin və nəsillərin tarixi varisliyinin qoruyucusu kimi də ailə həmişə cəmiyyətin əsas təsisatlarından biri olaraq qalıb və qalacaq. Məhz ona görə sağlam ailə sağlam cəmiyyətin təməli hesab olunur.

Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institut kimi qəbul edilir. Azərbaycan mentallığında da ailə xüsusi məna kəsb edir. Azərbaycan ailəsi özünəməxsusluğu, yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Azərbaycan xalqı yeni qurulan ailəyə müqəddəs bir hadisə kimi baxır, onun ülviliyini qoruyur və təməlinin möhkəm olmasına çalışır. Çünki yeni qurulan ailənin təməli nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər möhkəm və sağlam olar.

Bu kimi amillər nəzərə alındığından, müstəqil Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də məhz ailə siyasəti təşkil edir. Ölkəmizdə  həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onu təcəssüm etdirir. Bu gerçəkliyi daim nəzərə alan Azərbaycan hökuməti ailə siyasətinin formalaşdırılmasına ciddi diqqət yetirir. Ailə siyasəti ilə bağlı məsələlər əsas vəzifələrdən biri kimi qarşıya qoyulur, ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Hazırda Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də Ailə Məcəlləsində ailə münasibətlərinin tənzimlənməsi öz əksini tapır. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyini, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz həyata keçirilməsini müəyyən edir.

Lakin təəssüflər olsun ki, bəzən yeni ailə qurularkən həm qanunvericilikdən, həm də mentalitetimizdən və dinimizdən irəli gələn tələblərə riayət olunmur. İmkanlı adamla qohumluq şansını itirməkdən, qızının evdə qalacağından, yeni doğularkən uşaqları göbəkkəsdi edib "əhd-peyman" bağladığı dostu ilə üz-göz olmaqdan ehtiyat edən valideynlər övladlarının razılığını almadan onları ailə həyatı qurmağa məcbur edirlər. Belə hallarda "Mənim sözüm yerə düşməməlidir!" deyən valideynlər qız övladlarının göz yaşlarına belə, məhəl qoymurlar. Halbuki, məcburi nikaha nə dinimiz, nə də qanunlarımız məcburi nikahı qəbul edir. Ancaq buna baxmayaraq, Azərbaycanda məcburi evlilik hallarına hələ də rast gəlinir. Açıqlanan statistik rəqəmlərdə ölkəmizdə məcburi nikaha girmə hallarının artdığı qeyd olunur.

Bu barədə bu günlərdə Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində keçirilən “Gender bərabərliyi və media” mövzusunda konfransda çıxış edən Ailə,Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, CEDAW Komitəsinin üzvü Elgün Səfərov deyib. O bildirib ki, dünyada hər 30 saniyədə bir qadın insan alverinin qurbanı olur. Ümumilikdə, dünyada 700 milyon qadın məcburi nikaha daxil olub. Təəssüf ki, Azərbaycanda məcburi nikaha daxilolma faktı artmaqda davam edir.

Məcburi nikaha daxilolmanın nə səbəbdən artması barədə ekspertlər maraqlı izah verdilər.

 “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, keçmişdən qalan bəzi ənənələrin müasir zamanda tətbiq olunması doğru deyil. Onun sözlərinə görə, keçmişdə hətta elə hallar olub ki, hansısa valideyn oğullarından soruşmadan onun üçün qız alıb: “İndi zəmanə dəyişdiyindən, münasibətlər də dəyişib. Valideynlər uşaqlarını bu cür məcburi evləndirməməlidirlər. Tutalım ki, xanım məcburi də olsa, ürəyi istəməsə də, nəyinsə xatirinə dözür. Lakin kişi nəyəsə göz yummur axı. O, evliliyini gələcəkdə dağıtmasa belə, kənarda sevdiyi qızla münasibətini davam etdirir. Bu cür nikahınsa heç cür yaxşı nəticələnməyəcəyini hamı bilir. Çox vaxt isə bu cür məcburi nikahların axırı boşanmaqla qurtarır. Digər tərəfdən, bəzi hallarda bəylərimiz qızı valideyn üçün alır. Lakin bu da sağlam evlilik deyil. Oğlan kimisə sevirsə, sevdiyi qızla evlənməlidir. Öz sevgisinin arxasında sonadək durmağı bacarmalıdır. Çətin ki, istəmədiyi birisi ilə sonadək evli qala bilsin. Bu səbəbdən boşanmamaq üçün belə  nikahlardan uzaq durmaq lazımdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, gənc nəslin yaşlı nəslin diktəsi ilə oturub-durması keçmişdə o qədər də risqli deyildi, indi isə zor gücünə qurulan ailələr təhlükəlidir: “Əvvəl sosial mühit məcbur edirdi ki, ailə dağılmasın. Amma indi sosial mühitin təsiri azaldığından, yaşlı nəslin təsiri altında ailə həyatı qurmaq risqlidir.

Son illər ərzində Azərbaycanda boşanmaların, ailə faciələrinin, gənc qadın, kişi intiharlarının və valideyn himayəsindən məhrum olan uşaqların sayı artır. Problemin əsas səbəbləri kimi də uyğunsuz nikah, məcburi evlilik, qurama ailə sistemi və sair göstərilir. Mütəxəssislərin "SOS" deyə fəryad etməsinə baxmayaraq, bəziləri üzləşdiyimiz faciənin fərqində deyil. Əksəriyyət adamlar "Biz atamızdan belə görmüşük, belə də olacağıq!" sindromunu davam etdirir. Bu gün cəmiyyətimizdə ailə qurmağın geridə qalmış üsullarından biri məhz qızın, yaxud oğlanın razılığını zərrə qədər önəmsəmədən, valideynlərin məcburi evlilik formalaşdırmasıdır. Bu "üsul"un tərəfdarları hesab edirlər ki, dinimiz belə buyurub, dədə-babalarımız belə olub, mentalitetimiz belə tələb edir və biz də belə olmalıyıq. Amma başa düşmürlər ki, insan taleyi laborator müayinə müəssisəsi deyil və valideynin gənclər üzərindəki "təcrübəsi" onları xoşbəxt etmək əvəzinə, həyatın girdabına yuvarlayır".

Günel CƏLİLOVA