Bakıətrafı bina həyətləri və ara yollarının işıqlandırılması problemi yenidən gündəmdə...

14 May 2019 16:09 (UTC+04:00)

Bakı qədim şəhər olmağı ilə yanaşı, bütün dövrlərdə müasirliyilə də seçilən məkandır. Müasir dövrdə yeni-yeni yollar, magistrallar, körpülər inşa olunur. Təbii ki, bunlar alqışlanası bir haldır. Lakin zaman-zaman üstündə dayandığımız problemlər də var ki, bunların həlli olduqca asan bir prosesdir. Belə problemlərdən çoxu da, demək olar ki, artıq həll olunub. Məsələn, əvvəllər işıq dirəksiz olan yollarda, küçələrdə artıq bəzəkli və müasir işıq dirəkləri quraşdırılıb. Çox təəssüf ki, quraşdırılan işıq dirəklərinin xeyrini kimlərinsə məsuliyyətsizliyindən görmək olmur.

Danılmaz faktdır ki, Bakının mərkəzi hissəsində küçələr sutkanın qaranlıq saatlarında işıqlandırılsa da, ətraf ərazilər gecələr zülmətə qərq olur. Yaşayış məntəqələrinin yaxınlığında, piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi yollarda axşam saatlarında əksər hallarda ya işıqlandırma olmur, ya da o qədər zəif təşkil olunur ki, elektrik lampaları asıldıqları dirəkləri çətinliklə işıqlandırır.

Qeyd etdiyimiz kimi, bəzən mərkəzi küçələrdə, əksər hallarda isə mərkəzi hissələrdən kənarda, əsasən Binəqədi, Əhmədli, Yeni Günəşli, Bakıxanov və digər qəsəbələrdə küçə fənərlərindən istifadə edilmir.

Adətən belə addımın qənaət məqsədi daşıdığı güman edilsə də, bu amil həm də bir tərəfdən həmin ərazilərdə cinayət hadisələrinin, piyada ölümü, yol-nəqliyyat hadisələrinin, xüsusilə də soyğunçuluq hallarının yaşanmasına rəvac verir. Dünyanın inkişaf etmiş şəhərlərində, xüsusən şəhər mərkəzindən kənar qəsəbələrin işıqlandırılması, həmin ərazilərdə elektrik dirəkləri və digər işıqlandırma vasitələrinin bərabər paylanması kimi amillərə xüsusi diqqət yetirilir.

Şəhər sakinlərinin, o cümlədən, sürücülərin ən çox şikayət etdiyi hallardan biri də küçələrin işıqlandırılmaması ilə bağlıdır.

Bakıətrafı ərazilərin, ara yolların, küçələrin gecə vaxtı nə səbəbdən işıqlandırılmamasının səbəbini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirdi ki, statistikaya əsasən, yol-nəqliyyat hadisələri və piyada vurulması əksər hallarda işıqlandırma zəif olan ərazilərdə baş verir: “Zəif işıqlandırma mərkəzi rayonlara şamil olunmasa da, Bakıətrafı qəsəbələrdə uzun illərdir problem kimi qalır. İşıqlandırma məsələləri aktual olduğuna görə yolların işıqlandırma məsələsi dövlət proqramına salınıb. Ötən ilin dekabr ayında Prezident “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Proqrama 5 il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutan müddəalar daxildir. Onların arasında ən vacib müddəalardan biri işıqlandırma ilə bağlıdır. Proqramda avtomobil yollarında müasir standartlara cavab verən süni işıqlandırma sistemlərinin, işıqqaytarıcı yol nişanları və vasitələrinin quraşdırılması, həmçinin, regionlarda yolların işıqlandırılması məsələləri öz həllini tapmalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, proqramda, həmçinin, 5 il ərzində Bakı şəhərində əlavə süni işıqlandırma sistemlərinin tətbiqi və alternativ enerji mənbələrindən geniş istifadə olunması məsələsi öz əksini tapıb: “Hazırda Azərbaycanda bəzi ərazilərdə günəş batareyaları var, ola bilər ki, alınan enerji hansısa küçələrin işıqlandırılmasına yönləndirilsin. Amma bu məsələ vahid kompleks şəkildə həll edilməlidir Belə olsa, enerji məsrəflərinin qarşısını ala bilər”.

A.Allahverənov təklif edir ki, müxtəlif ünvanlar üzrə monitorinqlər keçirilsin. Həm ekspertlər, həm də aidiyyəti strukturların iştirakı ilə işçi qrup yaradıla bilər. İşçi qrup monitorinqlər apararaq müəyyən edə bilər ki, hansı ərazilərdə işıqlandırma zəifdir. Həmin ərazilərdə təcili və təxirəsalınmaz işlər həyata keçirilə bilər.

Günel CƏLİLOVA