Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında oldu… - FOTO

13 May 2019 19:42 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin media birliklərinin əlaqələrində də duyulmaqdadır. Bu gün Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana çoxsaylı jurnalist səfəri gerçəkləşdirilməkdədir. Azərbaycan jurnalistləri üçün Türkiyənin kütləvi informasiya vasitələri böyük təcrübə mənbəyidir. Türkiyə mediası isə Azərbaycan mediasına ümumən Qafqaz bölgəsi ilə bağlı məlumatların mənbəyi kimi yanaşmaqdadır. Sevindirici haldır ki, kütləvi informasiya vasitələrimiz, eləcə də jurnalist birliklərimiz arasındakı münasibətlər eyni zamanda ölkələrimizlə əlaqədar həqiqətlərin dünya birliyinə çatdırılması sahəsindəki əməkdaşlıq bağına malikdir. Bu, eyni zamanda, etibarlı tərəfdaşlıq deməkdir və onun daha da möhkəmlənməsinə ehityac duyulmaqdadır.

Ə.Amaşov, həmçinin bildirib ki, Türkiyə və Azərbaycan mediasının qarşılıqlı işbirliyinin yaradılması və möhkəmlənməsində Türkiyənin Azərbaycandakı Səfirliyinin bir diplomatik missiya kimi hər zaman xidmətləri olub və bu ənənənin davamlılığı məmnunluq yaradır. 

Səfir E.Özoral Türkiyə-Azərbaycan media əlaqələrinin daha da intensivləşməsinin siyasi və mənəvi əhəmiyyətindən söz açıb. Bu xüsusda qarşıda duran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Türkiyə və Azərbaycan mediası hər iki ölkə ilə bağlı yayılan informasiyalara həssas yanaşmalı, hər hansı spekulyativ məqamların ictimai rəyə təsirini nəzərə alaraq fəaliyyət göstərməlidir. Görüşdə, həmçinin, media sahəsindəki perspektiv əməkdaşlıq məsələlərinə diqqət yetirilib, yeni layihələr ətrafında məsləhətləşmələr aparılıb.