Çindən Trampın yeni tarif qərarına sərt cavab... ABŞ məhsullarına gömrük vergisi artırıldı

13 May 2019 23:03 (UTC+04:00)

Çin ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına tarifləri kəskin artırmasına cavab verib. Baki-xeber.com xəbər verir ki, Çin, ABŞ-dan idxal edilən 5 mindən çox məhsula yeni gömrük vergisi tətbiq edib.

Qərara əsasən, 60 milyard dollarlıq ABŞ məhsullarına 5-25 faiz arasında gömrük vergisi tətbiq edilib. ABŞ məhsulları ilə bağlı yeni tariflər iyunun 1-dən qüvvəyə minəcək.

Çinin Maliyyə Nazirliyi 5 faizlik tariflərin 25 faizə qaldırılacağı və bunun Çinə ixrac edilən 5140 məhsula şamil ediləcəyini bəyan edib.

Bundan əvvəl Tramp Tvitterdə Çini tarif artımına cavab verməməyə çağırıb. “Çin uzun illər ABŞ-dan yararlanıb və onlar bizdən daha əlverişli vəziyyətdədir. Bizim prezidentlər öhdəsinə düşəni etməyib. Ona görə də Çin müqavimət göstərməməlidir. Bu, vəziyyəti daha da pisləşdirəcək” - Tramp bildirib.

Ağ Evin iqtisadiyyat üzrə məsləhətçisi Larri Kudlov bildirir ki, hər iki tərəf dünyanın iki iqtisadi qüdrəti, ABŞ və Çin arasında artan ticarət müharibəsindən ziyan çəkəcək.

ABŞ-da ən ciddi problem Çinə soya lobyası, qarğıdalı və buğda satan fermerlərin üzərinə düşəcək. Amma o deyib ki, Tramp administrasiyası bundan əvvəl itkini qarşılamaq üçün fermerlərə 12 milyard dollar subsidiya ödəyib və o əmin edib ki, bu, yenidən baş versə, ABŞ hökuməti fermerlərə bir daha yardım edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 200 milyard dollardan çox Çin məhsuluna faizləri 10-dan 25-ə qaldırmaqla tarifləri iki dəfədən çox artırıb. Tramp əlavə 300 milyard dollarlıq Çin məhsuluna yeni tariflər tətbiq etməyi də planlaşdırır.