Ucqar xəstəxanalarda it, ilan, əqrəb dişləməsi əleyhinə vaksin problemi…

13 May 2019 18:52 (UTC+04:00)

Son zamanlar ölkəmizdə tez-tez küçə heyvanlarının vətəndaşlara hücum etməsi xəbərlərinə rast gəlirik. Bu hal bölgələrdə də müşahidə olunur. Demək olar ki, tez-tez itqapmalar, əqrəb və ilan sancmalarla bağlı məlumatlar yayılır.  Havaların isinməsi ilə əlaqədar ilan və əqrəb sancması halları xüsusilə artır. Məlumdur ki, ilan və əqrəblər əsasən insanların çox sıx yerləşdiyi ərazilərə toplaşırlar. Bu tip hallar daha çox bölgələrdə qeydə alınır.

Ekspertlər bildirirlər ki, sahibsiz küçə heyvanları daha çox yoldan keçən uşaqlara hücum edirlər. Açıqlanan statistik rəqəmlərdə də qeyd olunur ki, son zamanlar it qapmaları, ilan və əqrəb sancmaları artıb. Belə ki, Kliniki Tibbi Mərkəzinin yaydığı məlumatda qeyd olunur ki, ilan sancması diaqnozu ilə 6, əqrəb sancması ilə 3 xəstə gətirilib. Qeyd edək ki, müraciətlər əsasən Bakıətrafı kənd və qəsəbələrdən, eləcə də Aran bölgəsindəndir.

Ekspertlər bildirirlər ki, əqrəb sancmaları ilan sancması qədər təhlükəlidir. Xüsusilə qara əqrəbin zəhəri daha kəskin olur. Aparılan araşdırmalar zamanı məlum olub ki, hər il apreldən oktyabradək 100-dən çox ilan, 20-30 sarı və qara əqrəb sancması qeydə alınır.

Məlumat üçün bildirək ki, Azərbaycanda ən yayılan ilan növləri gürzə, sarı rəngli dağ su ilanı, boz rəngli su ilanıdır. Gürzə Bakı və ətraf kəndlər, Xəzərətrafı zonalarda xüsusilə geniş yayılıb.

Onu da bildirək ki, bölgə əhalisi ilan və əqrəb sancması təhlükəsi ilə yanaşı, eyni zamanda, yırtıcı meşə heyvanlarının hücumuna da məruz qalır. Sahibsiz it, çaqqal və canavarlar vətəndaşlara hücüm edirlər. 

Qeyd etdiyimiz kimi, bu tip hadisələr paytaxt Bakı ilə müqayisədə daha çox bölgələrdə qeydə alınır.

İt qapma, ilan və əqrəb sancması ilə üzləşən şəxsin sağalması üçün ona vaksin və zərdab vurulur. Qeyd etdiyimiz dərman ilkin olaraq xəstəyə vurulur, daha sonra həmin şəxs həkim nəzarətinə götürülür.

Yayılan məlumatlara görə, bölgə xəstəxanalarında vaksin problemi yaşanır. Belə bir problem bu günlərdə Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. İt hücumuna məruz qalan şəkər xəstəsi Telman Xudaverdi oğlu İbrahimov təcili xəstəxanaya gedib. Xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Zahir Salahov T.İbrahimova xəstəxanada vaksinin olmadığını deyib.

Bu fakt bölgə xəstəxanalarının vaksin və zərdab təminatını gündəmə gətirdi. Xüsusən də ucqar rayon xəstəxanalarında vaksinin olmadığı ehtimal olunur.

Maraqlıdır, ucqar rayon xəstəxanalarının vaksin və zərdab təminatı hansı səviyyədədir?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirdi ki, bu il təkcə ilan sancmaları deyil, həmçinin, it dişləməsi halları da çox olub: “Bununla bağlı zərdab tədarükü görülüb. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi var. Bu peyvəndlər dünyada iki ölkədə buraxılır. Bunlardan biri Fransa, digəri isə Özbəkistandır. Onlar hamısı alınıb, sayı kifayət qədərdir. Bu il it dişləmələrinin sayı çox olduğu üçün, dərhal yerindəcə yardım edilməsi məqsədilə təcili tibbi yardım avtomobillərinə də bu zərdab paylanıb. Zərdabların paylanmasına gəlincə, biz coğrafi şəraiti nəzərə alaraq paylayırıq. İnnovasiya mərkəzlərində sorğu keçirilir ki, ötən il hansı rayonda neçə it dişləməsi və ya ilan sancması halı olub. O rayona həmin sayda zərdab verilir”.

P.Abubəkirov onu da vurğuladı ki, baş həkimlərə də tapşırılır ki, son 3 zərdab qalanda öncədən məlumat versinlər və yenidən zərdab göndərilsin: “Məsələn, bu yaxınlarda Zaqatalada bir gündə 3 müxtəlif kənddə it dişləməsi oldu. Onlar zərdab sayının azalması ilə bağlı müraciət etdilər. Artıq zərdablar bütün rayonlara paylanıb, heç bir problem yoxdur. Bakıda 17, bölgələrdə 64 tibb məntəqəsinə zərdablar paylanıb. Bu il sözügedən məsələdə heç bir problem olmayacaq. Bu il bizi ən çox narahat edən it dişləmələridir. Ötən il 20 min belə hadisə qeydə alınmışdısa, bu ilin ilk 3 ayında artıq 5 minə yaxınlaşıb. Ona görə də it dişləməsi ilə bağlı zərdabların sayını artırmışıq”.

Professor, tibbi ekspert Adil Qeybulla isə bildirdi ki, Azərbaycanın müxtəlif regionlarında və Abşeron yarımadasında zəhərli ilanlar var və onlar insanlara təhlükə törədirlər. Bu zaman isə sancma halları bəzən qaçılmaz olur: “Ona görə də regionlar üzrə sistemin qurulması mühüm şərtdir. Azərbaycan ərazisində olan ilanların zəhərlərinə qarşı zərdab mövcuddur. Bu o deməkdir ki, insanları bu zəhərlənmələr zamanı xilas etmək imkanı da var”.

A.Qeybullanın sözlərinə görə, tək ilan yox, hörümçək, əqrəb və sair kimi zəhərli həşəratların sancması zamanı da ilkin yardımın göstərilməsi sistem şəklini almalıdır: “Zəhərə qarşı zərdabların olmasına rəğmən, ilan sancmasından dünyasını dəyişənlər də olur. Bu da dərmanlarla təminedilmə sisteminin düzgün qurulmadığını göstərir. Hansısa bir regionda belə bir hadisə baş verirsə, həmin şəxs özünə yaxın ərazidən ilan zəhərinə qarşı zərdablar ala bilməlidir ki, vaxtında müalicə olunsun. Təəssüflər olsun ki, bəzən ilan sancmış şəxsi Bakıya gətirirlər. Bu isə yolda vaxt itkisi deməkdir. Bu zaman lazımi köməklik göstərmək olmur və insan ölümü baş verir. Ona görə hesab edirəm ki, bu işi bir sistemə çevirmək lazımdır. Dünyanın müxtəlif ölkələrində necədirsə, bizdə də elə olmalıdır”.

Tibbi ekspert onu da vurğuladı ki, nəinki it dişləməsi, hətta dovşan dişləməsi zamanı vaksin vurulması vacibdir: “İt dişləməsi hadisələri son vaxtlar tez-tez müşahidə olunur. Sahibsiz itlərin dişləməsi zamanı daha diqqətli olmaq lazımdır. Çünki bu cür itləri sonradan müşahidə etmək mümkün olmur. Onlar dişləyərək qaçır və kiminsə nəzarətində deyil. Ona görə də belə bir hadisə baş verərsə, mütləq diqqətli olmaq lazımdır. Əvvəlcə heyvan 40 gün ərzində nəzarətə götürülməlidir. Profilaktik olaraq xəstəyə quduzluq əleyhinə vaksin vurulur. Ədəbiyyat yazır ki, 1 faiz hallarda quduzluq vaksininin özündən yoluxma hadisəsi baş verə bilər. Vaksin zamanı diqqətli olmaq lazımdır. Əgər heyvan nəzarətdədirsə və onda quduzluq əlamətləri müşahidə edilirsə, mütləq insan müalicəvi dozaya keçməlidir. Əgər heyvan müşahidəyə götürülə bilməyibsə, insanda hər hansı quduzluq əlamətləri varsa, o dərhal profilaktik dozadan müalicəvi dozaya keçirilməlidir. Quduzluq xəstəliyi ilk öncə insanın sinirlərini zədələyir, qırtlaqda spazma baş verir. Xəstələrdə sudan, işıqdan qorxma  baş verir və nəticədə insan spazmalardan, xüsusən də qırtlaq spazmalarından, tənəffüs iflicindən dünyasını dəyişir. Bütün bunlar olmasın deyə, istənilən it dişləmiş, hətta dovşan dişləmiş şəxslərə də vaksin vurulmalı və onlar nəzarətdə olmalıdırlar. Çünki quduzluq bu cür heyvanların ağız suyunda olur və ağız suyundan da insana asanlıqla keçə bilər”.

Həmsöhbətimizin dediyinə görə, bu gün ucqar rayon xəstəxanalarında zərdab çatışmazlığı yaşanır. Bu problemin qarşısını almaq üçün rayon xəstəxanaları artıqlaması ilə vaksin və zərdabla təmin olunmalıdırlar.

Günel CƏLİLOVA