Türkiyə və Rusiyada işləyən soydaşlarımızın gəlirləri azalıb…

13 May 2019 18:22 (UTC+04:00)

Məlumatlara görə, Azərbaycana xaricdən pul köçürmələri 26% azalıb. Bu ilin I rübündə Azərbaycana xaricdən 215 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub. Mərkəzi Bankın yaydığı statistik rəqəmlərdə qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,3% azdır.  

Ekspertlər bildirirlər ki, xaricdən Azərbaycana pul köçürmələri son illər azalır. Onlar bunun səbəbini müxtəlif cür izah edirlər.

İqtisadçı-ekspert Fuad İbrahimli bildirdi ki, xaricdən Azərbaycana pul köçürmələrinin azalmasının bir neçə səbəbi var: “Əsasən Rusiyadan ölkəmizə pul köçürmələri qeydə alınır. Danılmaz faktdır ki, ölkə əhalisinin müəyyən hissəsi işləmək üçün Rusiyaya gedib. Rusiyada yaşayanların bir qismi artıq oranın vətəndaşlığını alıb. Rusiyada yaşayan soydaşlarımız mütəmadi olaraq ailələrinə pul göndərirlər. Novruz bayramından sonra Rusiyada yaşayan soydaşlarımızın bəziləri doğma vətənə geri qayıtdılar”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Rusiya ilə yanaşı, Azərbaycana pul köçürmələri Türkiyədən də həyata keçirilir: “Rusiya ilə bərabər, Türkiyədə yaşayanların da gəliri azalıb. Gəlirin azalması, təbii ki, onların doğmalarına göndərdiyi pulun həcminə də təsir göstərir. Son zamanlar Rusiyada yaşayan soydaşlarımız gəlirin azalmasını bildirirlər. Təbii ki, gəlirin azalması onların xərclərinə də təsir edir”.

Ekspertin sözlərinə görə, dolların məzənnəsinin manata nisbətən dəyişkən olması xaricdə yaşayanların da qazancına təsir göstərir.

Günel CƏLİLOVA