Avtomobillərin şüşələrindəki “satılır” elanında qanunsuzluq?...

13 May 2019 18:10 (UTC+04:00)

“Avtomobillərdə reklam xarakterli informasiyanın yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib”.

Bu barədə “Sputnik Azərbaycan”a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır.

O qeyd edib ki, avtomobilin şüşəsində “satılır” yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip reklam hesab edilmir: “Bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. “Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydalarının pozulmasına görə fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib”.

Avtomobilin üzərində “satılır” sözünün yazılmasına görə cərimə tətbiq olunmasını ekspertlər, eyni zamanda, ölkə ictimaiyyəti də birmənalı qarşılamır. Maşın sürücünün şəxsi əmlakıdır, o öz əmlakının üzərində “satılır” sözünü yazmaqda sərbəstdir.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) maşınların üzərində "satılır" sözü yazanların cərimə edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.  İdarənin Yol Patrul Xidmətinin (YPX) şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, reklam məsələləri “Reklam haqqında” Qanunla tənzimlənir: “Satılır” sözünə görə heç bir sürücü cərimə olunmur. Ümumiyyətlə, avtomobillərin üzərində olan və onun hansı şirkətə, hansı quruma məxsus olduğunu bildirən adlar, loqolar reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunarsa, buna görə sürücü cərimə oluna bilər”.

K.Əliyev onu da vurğuladı ki, o, belə bir açıqlama verməyib: "Ötən gün mətbuatda mənim adımdan avtomobillərin üzərində "satılır" sözü yazanlara cərimə tətbiq ediləcəyi ilə bağlı məlumat yayılsa da, mən son bir il ərzində heç bir media qurumuna belə açıqlama verməmişəm. Ola bilər ki, 3-4 il əvvəl avtomobillərin üzərinə "satılır" sözü yazıb və piyada səkilərində uzun müddət saxlayan, piyadaların hərəkətinə maneə olan sürücülərlə bağlı verdiyim açıqlamadan istifadə ediblər. Həmin vaxt mən maşınların səkidə saxlanmasına görə cərimələnməsi haqda danışmışam. Avtomobillərin üzərində olan və onun hansı şirkətə məxsus olduğunu bildirən loqotiplər reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunduqda sürücü cərimə oluna bilər".

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bizimlə söhbətində bildirdi ki, sürücü “satılır” sözünə görə cərimə oluna bilməz: “Belə məlumatlar yayılır ki, guya maşının üzərinə “satılır” sözü yazılarsa, sürücü 2000 manat dəyərində cərimələnəcək. Bu düzgün söhbət deyil".

Ekspertin sözlərinə görə, "Reklam haqqında" Qanunun 1.2-ci maddəsinə əsasən, qadağa hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil edilmir: “Ona görə də öz avtomobilinə bu tip elan yazmaq qanunla tənzimlənmir, bunun üçün icazə lazım deyil, icazə yoxdur deyə, cərimədən söhbət gedə bilməz".

Günel CƏLİLOVA