İngilis bu yandan, çörəyi ingilisdən çıxan azərbaycanlılar o yandan - anti-Azərbaycan kampaniyasının növbəti iflası…

13 May 2019 17:59 (UTC+04:00)

İndiyə qədər etdikləri bütün cəhdlərə baxmayaraq, anti-Azərbaycan dairələrin ölkəmizə qarşı bütün məkrli niyyətləri iflasa uğrayıb. Amma görünən budur ki, məğlubiyyət sindromu hələ də belə dairələrə dərs olmayıb. Elə bunun nəticəsidir ki, UEFA final oyunun Bakıda keçiriləcəyini bəyan etdiyi gündən bəri Azərbaycana qarşı kampaniya da geniş vüsət alıb. Qarayaxma, böhtan, yalanlar, iftiralar yenə baş alıb gedir.

Bütün bunların kökündə dayanan əsas niyyət də mayın 29-da Bakıdakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunları fonunda Azərbaycanın imicini zədələməkdir. O da maraqlıdır ki, belə məkrli fəaliyyət fonunda ölkənin radikal müxalifət düşərgəsini təmsil edən müəyyən şəxslər, Azərbaycanı tərk edib müxtəlif bəhanələrlə xaricə sığınanlar da eyni vaxtda fəallaşıb ölkəyə qarşı hədyanlar yağdırır.

Amma ötən illərin təcrübəsi göstərir ki, istənilən halda belə fəaliyyət yenə iflasa məhkum olacaq. Ən azı o baxımdan ki, 2012-ci ildə baş tutan “Eurovision“, 2015-ci ildə keçrilən Avropa Oyunları, 2016-cı ildə İslam Həmrəyliyi Oyunları, "Formula-1" avtoçempionatının Bakı Qran-Priləri və digər tədbirlər ərəfəsində də Azərbaycan belə məkrli kampaniyalarla üzləşib. Amma həmin məkrli kampaniyaları aparanlar qarşılarına qoyduqları siyasi hədəflərə çata bilməyiblər. Elə indinin özündə də məkrli qüvvələrin eyni aqibətlə üzləşməsi qaçılmaz sayılır. Sadəcə, burada məsələnin narahatlıq yaradan tərəfi odur ki, idmanı siyasiləşdirirlər, futbolu təzyiq vasitəsinə çevirməyə çalışırlar. Məhz bu vəziyyət kifayət qədər təhlükəli hal sayılır. Amma yenə anti-Azərbaycan dairələr var qüvvələri ilə çalışırlar ki, dünya ictimaiyyətində ölkəmizin nüfuzuna xələl gəlsin. Belə dairələrin indi əsas niyyəti onun üzərində cəmləşib ki, Avropa Liqasının final matçının Azərbaycanda keçirilməsi məqsədəuyğun deyil. Halbuki, bunun üçün heç bir tutarlı arqument də göstərilmir. Məsələnin mahiyyətinə varanda isə yenə köhnə havaların çalındığı görünür. Məsələn, Azərbaycanda insan hüquqları və qanunlara riayət məsələsi yenə ön plana çxarılır. Halbuki, Qərb ölkələrində, o cümlədən də İngiltərədə baş verənlər insan haqları məsələsində Azərbaycanın bir çox hallarda həmin ölkələrdən daha öndə olduğunu göstərir.  Yəni bu sahədə vəziyyət Qərb ölkələrindən heç də pis deyil. Əksinə, bir çox hallarda Azərbaycan burada nümunə rolunu oynaya bilər. Digər tərəfdən, Qərb ölkələrinin bir çoxunda polisin nümayişçilərə qarşı ifrat güc tətbiq etməsi barədə səhnələr yaddaşlardan silinməyib. Elə Fransanın indiki günlərinə baxdıqda bunun çoxsaylı təsdiqini aydın görmək olar. Belə bir vaxtda UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri də olduqca təəccüb doğurur. Belə ki, qurum ingilis futbol fanatlarını Bakıda “əcnəbilərin baş çəkdiyi barların ətrafında soyğunçuların hücumlarına məruz qala biləcəkləri” haqda xəbərdar edib. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu əsassız iddialara öz cavabını verib. Məsələnin maraqlı tərəfi isə budur ki, beynəlxalq miqyasda Azərbaycan ən sabit ölkələrdən biri qismində qəbul olunur, bunu yayılan çoxsaylı hesabatlar da təsdiq edir. Eyni zamanda, daha əvvəl keçirilən idman yarışları Azərbaycanda əcnəbi qonaqları heç bir təhdid gözləmədiyini praktik olaraq sübut edib. Elə bu günlərdə baş tutan "Formula-1" yarışı bunun növbəti təsdiqi oldu. "Formula-1"i izləmək üçün İngiltərə və digər Avropa ölkələrindən gələnlər heç bir problem olmadan, hansısa çətinliklə üzləşmədən yarışları izlədi, ciblərinə uyğun otellərdə qaldı, qonaqpərvərliymizdən faydalandı. Dünyanın aparıcı maliyyə və analitik jurnallarından biri olan “Global Finance”ın “2019-cu il dünyanın ən təhlükəsiz ölkələrinin” reytinqi də Azərbaycanın regionda ən təhlükəsiz ölkə olduğunu təsdiqləyir. İndiyə qədər dünyanın ən mötəbər idman turnirlərinə ev sahibliyi etməyimizin başlıca səbəbi də məhz təhlükəsizlikdir. Amma nədənsə, bütün bunları görməzdən gəlirlər.

Burada çox da uzağa getmədən daha bir vacib məqamı xatırladaq. Məlumdur ki, 2017-ci il 23 may tarixində Mançester şəhərində 22 nəfərin ölümü, 59 nəfərin yaralanması ilə nəticələnən dəhşətli terror aktı törədilib. Burada diqqətçəkən məqamdır ki, terror aktı beynəlxalq futbol turnirlərinin keçirildiyi “Mançester Arena” stadionunda baş verib. İngilis rəsmilərinin bunun barəsində düşünmək əvəzinə Azərbaycana irad tutmaları sadəcə gülünc xarakter daşıyır. Amma belə görünür ki, Azərbaycana qarşı iradların ortaya çıxması konkret kampaniya xarakteri daşıyır və burada bütün vasitələrdən istfiadə olunur. Həmişəki kimi, radikal müxalifətin əksər təmsilçiləri, xüsusən də AXCP, Milli Şura bu məsələdə anti-Azərbaycan qüvvələrin yanında yer alır. Avropada oturub Azərbaycana qarşı iş aparanlar da eyni vaxtda fəallaşıblar. Sosial şəbəkələr üzərindən Azərbaycana qarşı hədyan yağdıranların məhz indiki vaxtda aktivləşməsi təsadüf sayıla bilməz. Yaxud da NİDA-nın tərəfdarı olan Nadir Rzayev, vergidən yayınmaq kimi cinayətlərə imza atmış Azər Əliyev, jurnalistikadan xəbəri olmayıb Azərbaycana şər atmaqla məşğul olan Alış Abdullayev, Azərbaycanda olarkən "torpaq davası" salmaq üzrə ad qazanmış Emin Manafovun Berlində təşkil etdiyi aksiyanın məhz indiki vaxtda baş tutması da, yəqin ki, sadəcə təsadüf deyil. Belə görünür ki, bütün bunlar ölkəmizə qarşı yönəlmiş yeni kampanyianın ayrı-ayrı tərkib hissələridir. Yenə də həmişəki kimi, bu kampaniyanın əsas mahiyyəti məhz Azərbaycana hər cür hədyan, böhtan yağdırmaq, ölkənin uğurlarına xələl gətirməkdir. Bu prosesdə sapı özümüzdən olan baltalar aktiv şəkildə iştirak edir və şübhə yoxdur ki, prosesdə erməni lobbisi və onlara bağlı qüvvələr də var. Elə Avropada sapı özümüzdən olan baltaların onların göstərişi ilə aktivləşməsi də istisna olunmur. Amma bir məsələ dəqiqdir ki, istənilən mənfur kampaniya Azərbaycanın dünyada nüfuzunun artmasına, onun yüksək səviyyəli iqtisadi, siyasi, nəqliyyat və humanitar mərkəzə çevrilməsinə maneə yarada bilməyəcək. Xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsi isə, yuxarıda qeyd olunduğu kimi, iflasa uğrayacaq. Ölkəmiz bundan sonra da  qlobal xarakterli tədbirlərin keçirildiyi əsas məkanlar sırasında yer alacaq. Elə Avropadan çoxsaylı azarkeşlər də həm mayın 29-da keçiriləcək futbolu, həm də bundan sonrakı digər yarışları izləmək üçün Bakıya, ölkənin digər bölgələrinə axışacaq.

Nahid SALAYEV