İlan və digər heyvanlarla rəqs edən yeni rəqqaslar – peşəkar rəqsə aidiyyəti olmayan elementlər tüğyan edir...

13 May 2019 16:43 (UTC+04:00)

“İlanla rəqs etmək nədir?”

 

Bəzi yerli televiziyalarda peşəkar rəqs ifaçılarına, demək olar ki, yer verilmir. Bu gün milli rəqslərimizin efirlərdə klassik formada təqdimatı sahəsində ciddi probelmlər var. Son zamanlar müxtəlif şou proqramlarına əsasən peşəkarlar deyil, qeyri-peşəkar rəqqas və rəqqasələr dəvət edilir, onların da xeyli bir qismi toy rəqqas və rəqqasələridir. Onlar toylarda rəqslərimizi təhrif etdikləri bəs etmir, hələ çıxıb milyonların qarşısında da rəqslərimizi biabırçı şəkildə təqdim edirlər.

Qeyri-peşəkarlar müxtəlif toylarda, şou-proqramlarda, əyləncə məkanlarında çıxardıqları oyunları efirlərdə də təkrar edirlər. İndi efirə çıxanların xeyli bir hissəsi rəqs nömrələri təqdim edərkən ilandan istifadə edir, ilanla rəqs nömrələri göstərirlər. Sanki bunlar rəqqas deyil, sirk oyunçularıdırlar. İlanı boynuna dolayıb atılıb-düşürlər. İlanı boynuna dolayıb oriental oynayan rəqqasələr də çoxalıb. Ümumiyyətlə, ilanla rəqs forması var, bu, xüsusən də Şərq rəqs məktəbində geniş yayılıb. Ancaq ilanla rəqs etmək xüsusi peşəkarlıq tələb edir. İlanla konkret rəqs göstərmək əvəzinə, rəqsləri təhrif edərək onu şouya çevirirlər. Efirlərdə tez-tez rast gəlinən bu kimi hallar ustad rəqqaslar tərəfindən ciddi tənqid edilir. Onlar hesab edirlər ki, efirlərə peşəkarlar deyil, daha çox qeyri-peşəkarlar dəvət edilir. Rəqslərimizin təqdimatında ciddi problemlər olduğunu qeyd edən ustad sənətkarların fikrincə, onların məqsədi rəqslərimizi tanıtmaq yox, şou göstərməklə toylara, məclislərə dəvət almaqdır.

Respublikanın Əməkdar artisti, tanınmış rəqs ustası Aliyə Ramazanova “Bakı-Xəbər”ə bildirdi ki, bu gün bəzi televiziyalar o adamlara meydan verməklə rəqs sənətinə ciddi zərbə vururlar. “Bir də görürsən ki, televiziyaya elə adamlar çıxarırlar ki, onların bizim rəqslərdən xəbərləri yoxdur. Bu gün müəyyən insanlar var ki, özlərini rəqqas, rəqqasə kimi təqdim edərək efirlərdə oyunlar çıxarırlar. İlanla rəqs etmək nədir? Sən çıx sənət göstər. Rəqslə bağlı bəzi telekanallarda gedən verilişlər, orada ifa edənlər mənim xoşuma gəlmir. Rəqs qalır kənarda, bəzi gənclər tamamilə başqa şeylər göstərirlər, bu kimi halların qarşısı alınmalıdır. Bizim əsrlərin sınağından çıxıb bu günə qədər gəlib çıxan gözəl rəqslərimiz var, onları yaşatmaq, təbliğ etmək lazımdır. Biz sənətkarlar yaşa doluruq, bizim yerimizi istedadlı gənclər tutmalıdırlar. Bu gün bizim ustad sənətkarların çoxu bir tərəfə çəkiliblər deyə, bəziləri meydana çıxıb. Biz o ənənələri qoruyub indiyə qədər gətirib çıxarmışıq, bəzi rəqs müəllimləri isə bu ənənələri itirirlər. Hazırda işləyən, fəaliyyət göstərən rəqs müəllimləri bizim rəqslərimizi təhrif edirlər, çox dolaşdırırlar. Efirə çıxanlar da onların tələbələridir”.

A.Ramazanova qeyd etdi ki, Azərbaycan rəqslərinin yaşadılması üçün böyük sənətkarlar çox məşəqqətli, çətin yollar keçiblər, lakin rəqslərimizi itib-batmağa qoymayıblar. “Bizim dövrümüzdəki kimi, rəqslərdə milli kolorit yoxdur. Çox arzu edərdim ki, gənclər rəqslərimizin milli koloritini qorusunlar. Efirdə görünmək, toya getmək, qazanc əldə etmək naminə rəqslərimizi təhrif etməsinlər. Toyun toy, şənliyin şənlik, efirin də efir rəqsi var. Milli, klassik rəqslərimizin müxtəlif şəkillərdə təhrif edilməsi halları ilə barışmaq mümkün deyil. Rəqslər xalqın sərvətidir, hər kəs bu sərvəti qorumalıdır” - deyə A.Ramazanova qeyd etdi.

İradə SARIYEVA