Üstündə çətənə şəkli olan köynəyi bildik, bu köynəkləri Azərbaycana kim buraxıb…

11 May 2019 13:28 (UTC+04:00)

“Geyim məhsulunun topdan satışının kimlər tərəfindən həyata keçirildiyi və hansı yolla ölkəyə daxil olduğu qısa müddətdə müəyyən edilə bilər”

Son vaxtlar paytaxtda yerləşən müxtəlif brend mağazalarda satılan paltarların üzərində xarici dillərdə vulqar ifadələr yazılması, eyni zamanda gənc nəslin tərbiyəsinə təsir edən şəkillərlə bəzədilən paltarlara rast gəlinir. Belə bir hadisə bu günlərdə paytaxtda fəaliyyət göstərən mağazaların birində qeydə alınıb. Belə ki, mağazada narkotik vasitəni təbliğ edən geyim satılır. Satışa çıxarılan qısaqol köynəklərin üzərinə narkotik vasitə hesab edilən çətənə bitkisinin şəkilləri vurulub. Deyilənlərə görə, mağazada satılan bu köynəklərin alıcısı da az deyil. Maraqlıdır, üzərinə çətənə bitkisinin şəkli vurulan geyim ölkəyə necə gətirilib?

İqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasına qeyd etdi ki, bu tip köynəklərin ölkəyə gətirildiyi ehtimal olunur: “Nəzərə almaq lazımdır ki, toxuculuq sənayesində yerli istehsalın çəkisi azdır. Gənclərin üstünlük verdiyi geyimlər daha çox Çindən ixrac olunur”. Həmsöhbətimizin sözlərinə görə, gənclərin tərbiyəsinə təsir edəcək, narkotik vasitələrə maraq oyadan hər hansı bir geyim və ya əşyanın ölkəyə gətirilməsi düzgün deyil. Qanunvericilikdə insanların əxlaqına, tərbiyəsinə təsir edəcək materialların reklamı qadağan olunub: “Aidiyyəti qurumlar bu məsələni xüsusi nəzarətə götürməlidir”. Iqtisadçi onu da vurğuladı ki, geyim məhsulları ölkəyə konteynerlər vasitəsilə gətirilir. Məlumdur ki, konteynerlərdə geyimlər bir-bir yoxlanılmır: “Nəzərə almaq lazımdır ki, eyni vaxtda konteynerlərdə minlərlə məhsul gəlir. Geyimlərin bir-bir yoxlanması mümkün deyil. Artıq narkotik təbliğ edən köynəklər satışa çıxarılıbsa, qısa zaman ərzində həmin məhsulun topdan satışının kimlər tərəfindən həyata keçirildiyini və hansı yolla ölkəyə daxil olduğunu müəyyən etmək olar”.

Günel CƏLİLOVA