Prezident Azərbaycanın əlavə gəlirlərinin kimlərə xərclənəcəyinə dair söz verdi...

10 May 2019 17:44 (UTC+04:00)

“Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin”.

Bunu Prezident İlham Əliyev Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşü zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır: “Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-birilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumdaxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır”.

Bütün bunlar sosial sahəyə göstərilən diqətin nəticəsidir. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, dövlət başçısının sosial sahəyə nə qədər böyük diqqət göstərdiyini bir daha ortaya qoydu: “Aparılan islahatlar, yaradılan şəffaflıq gəlirləri artırıb. Ona görə də sosial sahəyə böyük məbləğdə maliyyə vəsaiti yönəltmək mümkün olub. Bəllidir ki, ilin əvvəlindən böyükhəcmli sosial paket həyata keçirilməsinə qərar verilib. Bu isə külli məbləğdə vəsait hesabına başa gəlir. Sosial sahə, başqa sözlə desəm, əhalinin maddi rifahının fasiləsiz olaraq yaxşılaşdırılması da sağlam maliyyələşdirmə tələb edən məsələdir. Azərbaycanda görülən işlər sayəsində buna nail olmaq mümkün olub. Bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar. Bu kifayət qədər böyük məbləğdir. Bütün bu maliyyə resursu imkan verir ki, sosial sahəyə daha çox vəsait ayrılsın. O baxımdan hesab edirəm ki, aztəminatlı insanların bundan sonra sosial durumu daha da yaxşılaşacaq”.

Vidadi ORDAHALLI