Azərbaycana Çindən və Türkiyədən karqo daşımalarında təhlükəli ziddiyyət... Gömrük Komitəsi necə izah verdi...

10 May 2019 15:41 (UTC+04:00)

Son vaxtlar sahibkarlıqla məşğul olan şəxslərin ölkəmizə daşınma həyata keçirən karqo şirkətlərinin qiyməti kəskin artırdığından şikayətləndikləri nəzərə çarpır. Onlar bildirirlər ki, hətta vəziyyət o həddə çatıb ki, daşınma xərclərinin kəskin bahalaşması bir qrup sahibkarı vadar edir ki, bizneslərini başqa ölkələrə köçürsün.

Ölkənin iri ticarət mərkəzi sayılan “Binə” və “Sədərək” kimi topdansatış bazarlarında fəaliyyət göstərən sahibkarlarla karqo şirkətləri arasında ciddi narazılığın yarandığı da qeyd olunur. Sahibkarların sözlərinə görə, son 1 il ərzində daşımaçılıq xidmətinin qiyməti 150 faiz artıb. Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilən müxtəlif mallar üzrə daşımaçılığın 1 kubu 750 dollar civarında dəyişir. Bu da, ilk növbədə, sahibkarlar üçün əlavə vəsait itkisidir, bundan əlavə, malın maya dəyərinin kifayət qədər bahalaşmasına gətirib çıxarır”.

Qeyd edək ki, Azərbaycan MDB məkanında daşımaçılıq xidmətinin baha olmasına görə ən öndə gedən ölkə sayılır. Məsələn, Çinin eyni məsafəli şəhərindən Moskvaya yükün 1 kiloqramı 2 dollara aparılırsa, həmin şəhərdən Bakıya yükün 1 kiloqramı 5 dollara gətirilir. Başqa bir misal,  İstanbuldan Bakıya vurulan malın 1 kiloqramı 3.70 dollardır, amma İstanbuldan Dağıstana vurulan malın 1 kiloqramı 2 dollardır.

Sahibkarların sözlərinə görə, karqo rəhbərləri qiymət artımının səbəbini Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumlarla əlaqələndirirlər.

Bütün sahibkarlar çıxılmaz vəziyyətə düşüb. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində tapşırıqlarını verib. Amma, göründüyü kimi, bu gün sahibkarlar daşınma sahəsindəki qiymətlərin hər gün artması ilə bağlı həyəcan təbili çalırlar. Onlar, həmçinin, bildirirlər ki, hər gün artan qiyməti ödəyə bilmədikləri üçün, malları günlər, bəzən isə aylarla anbarlarda qalır. Bu da mövsümi malların bazara gec daxil olmasına gətirib çıxarır. Sahibkarların bu vəziyyətə düşməsinin səbəbini kimdə axtarmaq lazımdır?

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundov “Bakı-Xəbər”ə açıqlamasında səslənən iradlarla razılaşmadı: “Bilirsiniz, bu məsələdə Dövlət Gömrük Komitəsinin adını hallandırmaq yersizdir. Sahibkarların narazılığının bizim qurumla heç bir əlaqəsi yoxdur. Axı bu qiymət siyasətini gömrük müəyyən etmir. Yaxşı olar ki, yaranmış vəziyyəti sahibkarlar karqo rəhbərləri ilə aydınlaşdırsınlar. Karqo rəhbərləri özlərini  məsuliyyətdən yayındırmaq üçün çox şey deyə bilərlər, amma mən rəsmi olaraq deyirəm ki, gömrük rüsumlarında heç bir artım yoxdur. Biz yalnız dövlətin müəyyən etdiyi rüsumu tələb edirik”.

Qurumun Mətbuat xidmətinin rəhbəri istisna etmir ki, bunun bir səbəbi də karqo rəhbərlərinin  gömrük rüsumlarını ödəməkdən yayına bilməməsidir: “Bilirsiniz ki, bu istiqamətdə nizam-intizam çox sərtləşib. Görünür, bu iş prinsipi karqo rəhbərlərinə sərf etmədiyi üçün, onlar günahı başqa ünvanda axtarmağa çalışırlar”.

İqtisadçı Elşən Əliyev isə hesab edir ki, burada bir sıra amillərin təsiri var: “Karqo qiyməti doğrudan da son ildə bahalaşıb. Gömrük Komitəsinin dövlət rüsumundan artıq pul tələb etmək haqqı yoxdur. Görünür, qayda-qanunların sərtləşməsi həm sahibkarlara, həm də karqo rəhbərlərinə sərf etmir. Əgər rəsmi rüsum qalxmayıbsa, onda qiymət necə arta bilər? Demək, bu nəticəyə gəlinir ki, əvvəl müəyyən sövdələşmələrin müqabilində büdcəyə ödənilməli olan vəsaitlərin yayındırılması mümkün olurmuş. Bunun da müqabilində qiymət ucuz gəlirdi. Əgər rəsmi qiymətin tətbiqi başqa ölkələrlə qiymətdə kəskin ziddiyyət yaradırsa, onda məsələyə daha yuxarı instansiyalarda baxılmalıdır. Bunun da müqabilində rüsumlar real şərtlərə uyğunlaşdırılmalıdır”.

Məhəmmədəli QƏRİBLİ