Sığorta yığımları artır, sığorta ödənişləri azalır - paradoksal prosesin əsl mahiyyəti...

8 May 2019 16:02 (UTC+04:00)

Bir sıra ölkələrdə sığorta xidmətləri iqtisadiyyatın aparıcı sektorları sırasında gedir. Həmçinin, iqtisadiyyatda ciddi şəkildə dəyər yaradan sahələrdən hesab olunur. Sığorta sektoru bir xidmət sferası olaraq cəmiyyəti daimi əsasda xoşagəlməz və arzuolunmaz hadisələrdən irəli gələ biləcək zərərlərdən qoruyur.

İnkişaf etmiş ölkələrdə insanlar digər cəmiyyətlərdən fərqli olaraq, müxtəlif zərərlərin ola bilməsi ehtimalını dərk edərək sığortaya könüllü şəkildə müraciət edirlər.

Bu arada məlum olub ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 201,174 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 129 milyon 948 min manat sığorta haqqı toplanıb. Ancaq 3 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 46,234 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azdır.

Məsələ ondadır ki, 2019-cu ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23 manatı ödəniş edilib. Ancaq 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,2 manat olub. Ödənişlərin arasında könüllü sığorta növləri göstəricisi xüsusilə nəzərə çarpır. Belə ki, 2018-ci ilin yanvar ayında bu sığorta məhsulları üzrə ödəniş 17 milyon 992 manat olduğu halda, 2019-cu ilin yanvarında 10 milyon 793 manat təşkil edib.

Maraqlıdır, sığorta yığımları artdığı halda, sığorta ödənişlərinin azalması nə ilə bağlı ola bilər?

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, ödənişlərin azalması və yaxud da artması sığorta hadisəsinin sayından asılıdır: “İqtisadi nöqteyi-nəzərdən sığorta haqlarının yığılması, sığorta ödənişlərinin edilməsi məsələlərinə yanaşma bir başqa prizmadan olmalıdır. Yəni sığorta haqqı ona görə yığılmır ki, bu, mütləq sığorta ödənişi şəklində kiməsə zorən verilsin. Ancaq sığorta halı baş verəndə bu ödənişlər edilə bilər. Ola bilər ki, bu sığorta yığımları xeyli artsın, amma hansısa sığorta ödənişi edilməsin. Niyə? Ona görə ki, sığorta halı baş vermirsə, o zaman ödənişlərə ehtiyac olmur. O da ola bilər ki, bu gün vətəndaş sığorta ödənişini etsin, sabah hansısa sığorta hadisəsi ilə üzləşsin. Belə olan halda, sığorta şirkəti deməz ki, 100 manat ödəniş etmisən, amma bizim sənə sığorta ödənişimiz 1000 manat olacaq. Burada yanaşma necə olmalıdır? Ödənişlər o halda baş verir ki, sığorta halı yaransın. Görünür, 2019-cu ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə az sığorta halı baş verdiyinə görə ödənişlərin həcmi azalıb. Dünyanın bütün ölkələrində bu belədir. Birləşmiş Ştatların Nyu-York şəhərində 2001-ci ilin 11 sentyabrında məlum 2 çoxmərtəbəli bina terrorçular tərəfindən dağıdıldı. Həmin binaların hər ikisi sığortalanmışdı. Sığorta kompaniyası həmin binaların tam dəyərini ödədi. Az qaldı həmin kompaniya özü müflis olsun. Ancaq öz imicini qorumaq xatirinə hardansa borc alıb ödənişi axıra qədər etdi. Ona görə də hesab edirəm ki, Azərbaycanda sığorta haqlarının yığımının artması fonunda, ödənişlərin azalmasında hansısa qəbahət yoxdur”.

Vidadi ORDAHALLI