Polis baş leytenantı İlqar Nəcəfli gümüş medalla qayıtdı

29 Aprel 2019 18:05 (UTC+04:00)

Aprelin 22-dən 24-dək Ukraynanın Xarkov şəhərində əlbəyaxa döyüş növləri üzrə Avropa çempionatı keçirilib. Yarışda ölkəmizin milli komandası da iştirak edib.

Komandanın tərkibində mübarizə aparan DİN Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O, çəkisi 85 kiloqramadək olan idmançılar arasında final mərhələsinə qədər irəliləyərək gümüş medala sahib olub.

Təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, polis mayoru Aydın Həşimov hazırlayıb.

Yeri gəlmişkən, hələ kiçik yaşlarında olarkən idmanın karate-Do növü ilə məşğul olmağa başlayan İlqar ilk uğurunu Bakıda keçirilən beynəlxalq turnirdə qazanıb. Daha sonra peşəkar idmanda nailiyyətlər əldə edib. O, ikiqat dünya çempionu, Avro-Asiya turnirinin qalibi, Dünya kubokunun sahibidir.

DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu Zemfira Meftahətdinova qazandığı növbəti nailiyyətlə əlaqədar İ.Nəcəflini qəbul edərək onu təbrik edib, hər bir uğurun ölkəmizin idman ictimaiyyəti üçün dəyərli olduğunu diqqətə çatdırıb.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı