Bakı və Sumqayıtda bir neçə restoran Ekologiya Nazirliyinin təqdimatı ilə qapadıla bilər

22 Aprel 2019 18:10 (UTC+04:00)

Son zamanlar paytaxt ərazisində restoranların fəaliyyətinə ciddi nəzarət var. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi restoranların havanı çirkləndirməsinə qarşı sərt mübarizə apararaq, lazımi nəticələrə gəlməkdədir.

Ölkə başçısının sərəncamı ilə Ekologiya və Sərvətlər Nazirliyi məhkəməyə müraciət etmədən havanı çirkləndirən, müvafiq təmizləyici qurğu quraşdırmayan restoran sahiblərini cərimələyə bilər. Bu xüsusda müəyyən addımlar da atılıb. Belə ki, ETSN tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektləri, atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb. Aparılan monitorinq zamanı atmosferi çirkləndirən iaşə obyektlərinin adları ictimaiyyətə açıqlanır. Bəzi restoranlar ETSN-in məlum xəbərdarlığına əməl etsə də, bir qismi hələ də qurğu quraşdırmayıb.

ETSN-in aparat rəhbəri Vüqar Kərimov media nümayəndələrinə açıqlamasında qeyd etdi ki, havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan 4 ictimai iaşə obyektinin fəaliyyəti dayandırıla bilər. Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici qurğular quraşdırmayan 4 obyekt müəyyənləşib: “Həmin obyektlər Sumqayıtda "Green House", "Dədə Qorqud", "Qubadlı" şadlıq sarayları və Bakıda "Qədim Şəki" restoranıdır. Nazirlik tərəfindən həmin obyektlərə icrası məcburi göstəriş verilib. Göstərişə əməl olunmasa, həmin obyektlərin fəaliyyəti dayandırıla bilər".

Dəfələrlə xəbərdarlığa əməl etməyən iaşə obyektləri ilə bağlı nə kimi tədbirlər görülə bilər?

Mövzu ilə bağlı hüquqşünas Əliməmməd Nuriyevə müraciət etdik. Ə.Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dəfələrlə edilən xəbərdarlığa əməl etməyən iaşə obyektlərinin bağlanması ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılmalıdır: “Atmosferə atılan zərərə görə ilk dəfə xəbərdarlıq olunur, sonra pul cəzası kəsilir, daha sonra həmin müəssisənin fəaliyyəti dayandırılmalıdır. Hesab edirəm ki, dəfələrlə edilən xəbərdarlığa məhəl qoymamaq o deməkdir ki, həmin restoranlar qəsdən hava təmizləyici qurğunu quraşdırmırlar”.

Hüquqşünas onu da vurğuladı ki, bəzi obyektlər var ki, onlar kiməsə güvənərək adıçəkilən qurğunu restorana quraşdırmırlar: “Həmin obyektlərin arxasında əsasən vəzifəli şəxslər dayanır. Restoran sahibləri həmin şəxslərə arxalanaraq qurğunu quraşdırmağa əhəmiyyət vermirlər. Bu səbəbdən də həmin obyektlərlə bağlı sərt tədbir görülməlidir ki, bu hal digərlərinə də dərs olsun”.

Günel CƏLİLOVA